Şuşa Bəyannaməsi Qars müqaviləsini tarixə qovuşdurdu

Şuşa Bəyannaməsi Qars müqaviləsini tarixə qovuşdurdu Ötən gün Azərbaycan parlamentində “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu qəbul edildi.

Bu sənədlə Naxçıvanın Konstitusiyasından 1921-ci il tarixli Moskva və Qars müqavilələrinə istinad çıxarılır, əvəzində Azərbaycan Respublikasının 1991-ci ildə qəbul edilmiş müstəqillik sənədlərinə və 1995-ci il Konstitusiyasına istinad edilir.

İlk baxışdan sadə hüquqi korrektə təsiri bağışlasa da, bu dəyişiklik beynəlxalq zəmanətdən imtina, milli hüquqa əsaslanan keçiddir. Bu addım Azərbaycanın artıq hüquqi müdafiəyə möhtac olmadığını, əksinə, öz hüququ ilə beynəlxalq münasibətləri tənzimləməyə qadir olduğunu göstərir.

Qars müqaviləsi necə yaranıb?

Qars müqaviləsi 13 oktyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi ilə Sovet Rusiyasının dəstəklədiyi Azərbaycan, Ermənistan və Gürcüstan SSR-ləri arasında imzalanıb. Bu müqavilə ilə Naxçıvanın Azərbaycanın himayəsində olan muxtar ərazi statusu rəsmiləşdirilib, Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında sərhədlər müəyyən olunub. Müqavilənin 5-ci maddəsində açıq şəkildə qeyd edilib ki, Naxçıvan heç bir halda üçüncü dövlətin nəzarətinə verilə bilməz.

Siyasi şərhçi Kamran Məmmədli deyib ki, Qars müqaviləsi 20-ci əsrin əvvəllərində böyük dövlətlərin təzyiqləri fonunda yaranmış bir tarazlıq aktı idi:

"O dövrdə Moskva və Qars sənədləri SSRİ ilə Türkiyə arasında münaqişə riskini aradan qaldırmaq, eyni zamanda Cənubi Qafqazda yeni qurulan sovet rejimlərinin sərhəd problemlərini dondurmaq məqsədi daşıyırdı.

Ancaq bu sənədlər Azərbaycanın müstəqil dövlət olmadığı bir dövrdə imzalanmışdı. Bu gün Azərbaycanın nə SSRİ-nin nəzarətində olan bir quruluşla, nə də hüquqi zəmanətə ehtiyac duyan zəif bir rejimlə əlaqəsi qalmayıb. Əksinə, Azərbaycan 30 illik işğala son qoyaraq regional gücə çevrilmiş, suverenliyini təkcə kağız üzərində yox, real siyasi, hərbi və iqtisadi vasitələrlə təmin etmiş dövlətdir".

K.Məmmədli bildirib ki, Naxçıvanın hüquqi statusunun Qars müqaviləsinə əsaslandırılması artıq tarixi-siyasi çərçivədən çıxıb:

"Yeni Konstitusiya dəyişikliyi bu tarixi sənədə "rədd" deyil, onun rolunun tarixdə saxlanılması və dövlətin hüquqi arxitekturasının indiki reallıqlara uyğun qurulmasıdır. Bu dəyişiklik fonunda Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi-siyasi ittifaq sənədi olaraq artıq Qars müqaviləsinin funksional əvəzləyicisinə çevrilib. Qars müqaviləsi Azərbaycan-Türkiyə münasibətlərində zəmanət idi, Şuşa Bəyannaməsi isə bu zəmanətin real gücə əsaslanan hüquqi formasıdır.

Ermənistanın müəyyən dairələrinin bu dəyişiklikləri "Qars müqaviləsinin qüvvədən düşməsi" kimi təqdim etməyə çalışacağı istisna deyil. Amma bu iddialar hüquqi deyil, psixoloji və siyasi təxribat xarakterlidir. Çünki bu dəyişiklik Naxçıvanın statusunu zəiflətmir, əksinə, onu Azərbaycan Respublikasının Konstitusiyasına bağlayır".

Kamran Məmmədlinin sözlərinə görə, bu gün Naxçıvanın ərazi bütövlüyü Azərbaycan ordusunun gücü, Türkiyə ilə strateji ittifaq və geosiyasi proseslərdə Azərbaycanın artan çəkisi ilə təmin olunur:

"Artıq biz beynəlxalq hüquqla yox, milli iradə və real güc balansı ilə danışırıq.

Qars müqaviləsi bizim tariximizdir. Lakin biz bu tarixə geosiyasi realizmlə yanaşmalıyıq. Azərbaycan artıq müqavilələrə sığınan yox, beynəlxalq prosesləri yönləndirən dövlətə çevrilib. Bu mənada Konstitusiyaya edilən dəyişiklik zəiflik deyil, gücün ifadəsidir. Biz tarixi sənədləri arxivləşdirərək deyil, dövlətçilik iradəmizi onlardan üstün tutaraq gələcəyə doğru gedirik".

Tehsil-press.az

Oxşar xəbərlər