Tələbələri təbrik edən rektor Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması və savadlı mütəxəssis kimi formalaşması üçün yaradılan imkanlardan bəhs edib. O, xaricdə dövlət proqramı ilə təhsil almanın üstünlükləri ilə yanaşı, bunun böyük məsuliyyət və şərəf olduğunu vurğulayıb.
Rektor Rüfət Əzizov gənclərə milli təəssübkeşliyi və vətənə bağlılığı qorumağı, Azərbaycanı xaricdə layiqincə təmsil etməyi tövsiyə edib. O, həmçinin tələbələrə yeni ideyalar öyrənməyi, biliklərini artırmağı və vətənə dönərək bu bilikləri tətbiq etməyi məsləhət görüb.
Görüşdə iştirak edən ADNSU-nun prorektorları - Tədris məsələləri üzrə prorektor, dosent Rza Məmmədov, Ümumi işlər üzrə prorektor Elnur İsmayılov və Strateji məsələlər üzrə prorektor, dosent Vazeh Əskərov da çıxış edərək gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, proqram çərçivəsində magistratura təhsil səviyyəsində uğur qazanan 356 nəfərdən 60-ı ADNSU və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunlarıdır. ADNSU tələbələri Böyük Britaniyanın Oksford Universiteti, London İmperial Kolleci, Vorvik Universiteti, London Kral Kolleci, ABŞ-ın Kolumbiya Universiteti, Cons Hopkins Universiteti, İsveçrənin ETH Zurich Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.
Tehsil-press.az