UNUDULMAZ ALİM AĞA ŞİXİYEVİN ƏZİZ XATİRƏSİNƏ

UNUDULMAZ ALİM AĞA ŞİXİYEVİN ƏZİZ XATİRƏSİNƏ 16 oktyabr 2025-ci il tarixi görkəmli alim və gözəl eksperimentator, biologiya üzrə fəlsəfə doktoru, dosent Ağa Şixi oğlu Şixiyevin ömrünün 84-cü ilində həyatla vidalaşaraq, əbədiyyətə qovuşduğu gün oldu... Hər şeydən öncə gözəl insanı, səmimi və təvazökar həmkarı, ziyalını itirmək təkcə onun ailə üzvləri üçün deyil, həm də alimi yaxından tanıyanlar və bütövlükdə Azərbaycan elmi ictimaiyyəti üçün böyük itkidir. Onun simasında biz geniş dünyagörüşünə malik alicənab, hamı ilə ünsiyyət tapmağı bacaran, mehriban rəftarlı, həyatsevər, heç kimdən dəstəyini əsirgəməyən xeyirxah, fəlsəfi düşüncə tərzli və şair qəlbli, tarda ifa etməyi bacaran gözəl musiqi duyumlu hərtərəfli bir şəxsiyyəti itirdik...

Şixiyev Ağa Şixi oğlu 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirərək, 1967-1970-ci ildə Azərbaycan EA (hazırkı AR ETN) Botanika İnstitutunun aspiranturasında (hazırda doktorantura) təhsil almış və 1972-ci ildə əməkdar elm xadimi, k.e.d., professor, tanınmış alim Siracəddin Vəli oğlu Sərkərovun elmi rəhbərliyi ilə “Abşeronda becərilən Taset Nərgizgülü (Narcissus tazetta L.) çiçəyinin efir yağı istehsalında xammal ehtiyatı kimi tətbiq olunması” mövzusunda botanika ixtisası üzrə namizədlik (hazırda fəlsəfə doktorluğu) dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

Bitki biotexnologiyası sahəsindəki təcrübəsi və bilikləri nəzərə alınaraq, o, AEA (hazırkı AMEA) Reagentlər üzrə Xüsusi Texnoloji Konstruktor Bürosunda (XTKB) şöbə müdiri təyin edilmiş və 1980-1988-ci illərdə həmin vəzifədə çalışmışdır. Bununla belə, onun elmdə ilk addımlarını atdığı Botanika İnstitutu ilə əlaqələri daimi olmuş və 2023-cü ilə qədər bu müəssisədə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1997-ci ildən başlayaraq fəaliyyət göstərdiyi “Bitki ehtiyatları” şöbəsi isə onun sonuncu iş yeri olmuşdur.

A.Ş.Şixiyev işlədiyi müddət ərzində nəzəri və tətbiqi əhəmiyyətə malik olan efiryağlı və dərman bitkilərindən bioaktiv maddələrin alınma metodları və onların biokimyası sahəsində bir sıra tədqiqatlar aparmışdır. Alim tərəfindən yüksək antibiotik xassəyə malik olan bitki mənşəli Plumbagin və digər naftoxinon maddələrin yeni alınma üsulları və yeni texnologiyaları işlənilmiş və tətbiq sahələri müəyyənləşdirilmişdir. Plumbagin əsasında tərkibində efiryağları olan bir sıra biokompozisiyalar alınmış və onların virus əleyhinə, tük köklərinin möhkəmləndirilməsi və bərpası, paradontit və paradontoz üçün vasitə, eləcə də ağ ciyər və yuxarı nəfəs yolları xəstəliklərinin müalicəsi və profilaktikası üçün vasitə kimi sınaqdan keçirilmiş və onlara müvafiq patentlər alınmışdır.

A.Ş.Şixiyevin apardığı elmi-tədqiqat işləri 100-ə qədər elmi əsərdə (46- xaricdə, 9-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda), o cümlədən 13 ixtira və 8 patentdə (1-i Avrasiya patenti olmaqla) öz əksini tapmış, həmçinin ölkəmizdə və xaricdə bir sıra konqres və konfranslarda təqdim edilmişdir. O, 1973-cü ildə hələ gənc alim ikən Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində təqdim etdiyi efir yağlarının keyfiyyətinə görə həmin sərginin gümüş medalına layiq görülmüşdür.

A.Ş.Şixiyev yüksək ixtisaslı, perspektivli, daim öz üzərində çalışan alim olmaqla yanaşı, müxtəlif illərdə pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Belə ki, 1964-1965-ci illərdə Bakı Yeyinti Sənaye Texnikumunda (axşam növbəsində), 1965-1969-cu illərdə orta məktəblərdə (Xızı rayonu, Giləzi kəndi orta məktəbi; Bakı şəhəri 20 saylı orta məktəb) və 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində (saathesabı) müəllim kimi ixtisas fənlərini tədris etmişdir.

A.Ş.Şixiyev İnstutun ictimai həyatında da yaxından iştirak etmişdir. O, uzun illər Botanika İnstitutunun Veteranlar Şurasının sədri olaraq çalışmış və İnstitutun veteranlarının sosial ehtiyaclarının ödənilməsinə daim səy göstərmişdir.

Yaşasaydı, daha çox yaradardı... Onun elmə olan həvəsi sönməmişdi. Yaş məhdudiyyəti ilə əlaqədar 2023-ci ildən sonra İnstitutda çalışmasa da, öz şəxsi bağ sahəsində təcrübələrini davam etdirmək üçün laboratoriya binası inşa etdirmiş, vaxtılə özü tərəfindən Krım Nikitinsk Botanika Bağından Azərbaycana gətirilərək, introduksiya edilmiş çoxşaxəli bioaktivliyə malik Ceratostigma plumbaginoides Bunge bitkisini də həmin ərazidə təcrübə obyekti kimi becərmişdir. Ancaq çox təəssüf ki, onun planları icrasız qaldı...16 oktyabr 2025-ci il tarixi bu dünyadakı son günü oldu... Alim uzun sürən xəstəlikdən sonra dünyasını dəyişərək, əbədiyyətə qovuşdu.

Haqq dünyasına qovuşanları xatırlayan, səslərini, simalarını yadda saxlayan insanlar durduqca, onlar birdəfəlik yox olmurlar... Ağa müəllimin də xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq, yeri həmişə görünəcək və sağ ikən qazandığı hörmət və rəğbətlə yad ediləcəkdir... Allah ona qəni-qəni rəhmət etsin. Nur içində uyusun. Allah onun əzizlərinə səbr versin. AMİN.

Sonluğu onun yazdığı çoxsaylı şerlərdən birinin özünə ünvanladığı (sanki ürəyinə dammış kimi) sonuncu misrası ilə bitirmək yerinə düşər:

Məsəl var... sən yazdığını yaz, gör nə yazır acı fələk...
Artıq çoxdan hiss edirəm, çiynimdən uçmuşdur mələk...
Bir də zaman vermir aman, yaş üstünə yaş gələrək...
Xəyallarda yaşayıram, gerçəkliyim ələk-vələk...

Tehsil-press.az

Oxşar xəbərlər