İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) respublikamızda və beynəlxalq elm aləmində tanınmış görkəmli botanik, istedadlı pedaqoq və elm təşkilatçısı, uzun illər Botanika İnstitutuna rəhbərlik etmiş biologiya elmləri doktoru, “Şöhrət” ordenli akademik Vahid Hacıyevin 90 illiyinə həsr olunan “Botaniki tədqiqatlarda yeni çağırışlar” mövzusunda elmi konfrans öz işinə başlayıb.
Tədbir Botanika İnstitutunun və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova görkəmli alimin həyat və fəaliyyətindən, ölkəmizdə botanika elminin inkişafındakı xidmətlərindən söz açıb. Bildirilib ki, Azərbaycanda geobotanika məktəbinin yaradıcısı Vahid Hacıyev elmi fəaliyyətinə 1949-cu ildən AMEA-nın Botanika İnstitutundan başlayıb. Ömrünün sonunadək bu elm müəssisəsində müxtəlif vəzifələrdə çalışmış alim iyirmi ildən çox Botanika İnstitutuna rəhbərlik edib, onun maddi-texniki bazasının möhkəmləndirilməsində, kadr potensialının inkişafında böyük xidmətlər göstərib.
Respublika ərazisində yüksək dağ çəmənlərinin geobotaniki tədqiqat işlərinin səthi və aşağı səviyyədə olduğunu görən V.Hacıyev geobotanikanın məhz bu sahəsini əsaslı surətdə araşdırmağa və inkişaf etdirməyə başlayıb və gərgin elmi axtarışlar bəhrəsini verib. Görkəmli alim yüksək dağ çəmənlərinin flora və bitki örtüyünə dair tədqiqatlara diqqət yetirib, elmi fəaliyyətinin əhatə dairəsini genişləndirərək Böyük və Kiçik Qafqazın, Talışın yüksək dağ çəmənlərini hərtərəfli və dərindən öyrənib. Tədqiqatlarında geobotanikanın klassik və müasir metodlarından, həmçinin bitki örtüyünün aerokosmik və məsafə metodlarından istifadə etməklə onların öyrənilməsinə geniş yer verən alimin bilavasitə elmi rəhbərliyi və iştirakı ilə Azərbaycanın qış (1,5 milyon hektar) və yay (0,5 milyon hektar) otlaqlarının ən müasir geobotaniki tədqiqi və pasportlaşdırılması aparılıb.
Qeyd edilib ki, akademik V.Hacıyev Azərbaycanın elmi əlaqələrinin beynəlxalq səviyyədə möhkəmləndirilməsində, botanika elmimizin dünyada təbliğ və təmsil olunmasında mühüm xidmətlər göstərib. Alimin elmi fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra orden və medallarla təltif olunub, beynəlxalq elmi təşkilatların mükafatlarına layiq görülüb. Respublikada geotonaki sahəsində məktəb yaratmış V.Hacıyevin tələbələri hazırda ölkədə və xaricdə fəaliyyətlərini uğurla davam etdirirlər.
Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə alimin həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Diqqətə çatdırılıb ki, V.Hacıyevin elmi-təşkilati fəaliyyəti çoxpilləli olub. О, 1952-1957-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda kiçik, daha sonra baş elmi işçi vəzifələrində çalışıb. Alimin hələ gənc ikən gözəl təşkilatçılıq bacarığı nəzərə alınaraq ona 1957-1958-ci illərdə Botanika bağının direktoru vəzifəsini icra etmək həvalə olunub. V.Hacıyev 1958-1972-ci, daha sonra isə 1978-1988-ci illərdə Botanika İnstitutu direktorunun elmi işlər üzrə müavini, 1988-ci ildən ömrünün sonuna kimi bu elm müəssisəsinin direktoru vəzifələrində çalışıb.
Qeyd edilib ki, Qafqaz florasının böyük tədqiqatçısı V.Hacıyevin geniş elmi tədqiqatları bitkilərin təsnifatı sahəsini də əhatə edib. Belə ki, müəlliflərindən biri olduğu səkkizcildlik “Flora Azerbaydjana” əsərinin V-VIII cildləri üçün alim beş fəsilə, 25 cinsə aid işlədiyi 84 növün elmi təsvirini verib. Alimin, həmçinin 1989-cu ildə kollektivin ümumi səyi nəticəsində tərtib və nəşr edilən Azərbaycan florasının nadir, relikt, endemik növlərindən olan 140 bitkini əhatə edən “Azərbaycanın Qırmızı kitabı” (II hissə) əsərində həmin bitkilərin yayılmasına, qorunmasına dair xeyli əməli təkliflər verilib. Azərbaycanda, həmçinin keçmiş Sovet İttifaqında və digər xarici ölkələrdə nəşr edilən 350-dək elmi işin, o cümlədən yeddi monoqrafiyanın müəllifi V.Hacıyev flora, bitki örtüyü və bitki ehtiyatlarına həsr edilən 30-dan çox kitabın, dərslik və terminoloji lüğətin elmi redaktoru olub. 1979-cu və 1987-ci illərdə alimin tərtib etdiyi müxtəlif miqyaslarda “Azərbaycan bitki örtüyü” xəritələrində ilk dəfə yüksək dağ çəmənlərinin bitki örtüyü rayonlaşdırılıb və assosiasiya səviyyəsində təsnifatı verilib. V.Hacıyevin rəhbərliyi və iştirakı ilə 1992-ci ildə yenidən hazırlanan və sonrakı illərdə rus, ingilis dillərində nəşr edilən “Azərbaycanın bitki örtüyü” xəritəsi respublikanın bitki örtüyünün, bitkiliyinin və qismən florasının tam aynasıdır.
V.Əlizadə bildirib ki, “Talışın yüksək dağ çəmənlərinin florası və bitkiliyi” (1979) əsərində alim Talışın endemik növlərinin Hirkan mənşəli bitkilər olmaqla genetik cəhətdən Mərkəzi Anadolu və İran növ əmələgəlmə mərkəzləri ilə sıx qohumluq əlaqələrinin olduğu fikrini irəli sürüb və ilk dəfə Talışın yüksək dağ-çəmən bitki tiplərinin formalaşmasının əsas fitosenoloji parametrlərinin dinamikasını araşdıraraq geobotanikа və floristika sahəsində çox mühüm elmi və tətbiqi nəticələrin alınmasına əsas verib. Elmi nailiyyətlərinə görə V.Hacıyev 1970-ci ildə professor, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü və 1989-cu ildə isə həqiqi üzvü seçilib.
Digər çıxış edənlər də V.Hacıyevin Azərbaycan botanika elminin inkişafında çoxillik ardıcıl və məqsədyönlü elmi fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən söz açıb, alimlə bağlı xatirələrini bölüşüblər.
İki gün davam edəcək konfransda “Bitki sistematikası, təkamülü və müxtəlifliyi”, “Mikoloji tədqiqatlar: müxtəliflik, sistematika və təkamül”, “Bitki ehtiyatları və səmərəli istifadə yolları”, “Bitkilərin fiziologiyası, biokimyası və biofizikası”, “Ətraf mühit və ekosistem tədqiqatları” və “Sahələrarası tədqiqatlar” bölmələri üzrə müxtəlif mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Alimin ailə üzvləri adından çıxış edən oğlu, professor Rasim Hacıyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbirdə akademikin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.
Tehsil-press.az