Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “İslam sivilizasiyası dünyaya nə verdi?” mövzusunda çıxış edərək İslam dininin tarixi inkişaf yolundan, islam alimlərinin dünya elmlərinin formalaşmasına verdiyi mühüm töhfələrdən danışıb. O, həmçinin hüquqi dövlət sisteminin mahiyyəti, İslam dünyasında dövlətçilik ənənələrinin yaranması və bu prosesin sürətli inkişafına təsir edən əsas amillərlə bağlı fikirlərini tələbələrlə bölüşüb.
Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov “Beynəlxalq təşkilatların beynəlxalq münasibətlərdə rolu, Qırğızıstan Respublikasının xarici siyasət prioritetləri və Azərbaycanla münasibətləri” mövzusunda çıxış edib. O, beynəlxalq təşkilatların yaranma tarixi və inkişaf mərhələlərindən bəhs edərək, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), UNESCO və İƏT kimi qurumların qlobal sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin edilməsində oynadığı mühüm roldan söz açıb.
Səfir həmçinin bu təşkilatların beynəlxalq əməkdaşlığın möhkəmlənməsi, regional balansın qorunması və dövlətlərarası münasibətlərin tənzimlənməsindəki əvəzsiz töhfələrinə də toxunub.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, İƏT Modeli proqramının əsas məqsədi İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclər təşkilatlatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.
Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə İƏT-ə 40-dan artıq üzv ölkə nümayəndəsinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı layiqli şəkildə təmsil ediblər.
Tehsil-press.az