Sabunçu keçidindən başlayaraq Savalana qədər uzanan, Balaxanı, Zabrat və Maştağa istiqamətində olan avtomobil yolu acınacaqlı vəziyyətdədir.Bununla bağlı sakinlər müraciət ediblər.
Sakinlərin sözlərinə görə, hər gün minlərlə avtomobilin istifadə etdiyi yol tamamilə yararsızdır. Bu vəziyyət həm avtobusların, həm də minik avtomobillərinin hərəkətini xeyli çətinləşdirir.
Maştağa sakini Ayxan Səfərov deyir ki, hər gün bu yolla işə gedib-gəlir və mövcud vəziyyət sürücülər üçün ciddi problem yaradır:
“Qurumlar öz işlərini düzgün görə bilmir. Yolun hər tərəfi çala-çuxurdur. Asfalt örtüyü deformasiyaya uğrayıb. Bu çuxurlara görə avtomobillər sıradan çıxır”.
Şikayətçinin sözlərinə görə, ən təhlükəli məqam isə tez-tez qəza şəraitinin yaranmasıdır. Belə ki, sürücülər qəfil qarşılarına çıxan çuxurlardan yayınmaq üçün ani manevr etməyə məcbur qalırlar:
“Getdiyin yerdə qarşına çuxur çıxır, yayınmaq istəyirsən, ani reflekslə sağa və ya sola dönürsən, arxadan gələn maşın üçün qəza şəraiti yaranır. Ya da getdiyin yerdə qəfil görüb tormozlayırsan, yenə də arxadan gələn maşın üçün təhlükə yaranır”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, mövcud vəziyyət intensiv yağıntıların nəticəsində yaranıb:
"Hava şəraiti sabitləşdikdə və asfalt örtüyünün vurulması üçün əlverişli şərait yarandıqda yolda cari təmir işlərinə başlanılacaq".
Tehsil-press.az









