BDU-da onlayn tədbir: Aprel döyüşləri Vətən müharibəsindəki zəfərin təməlidir

BDU-da onlayn tədbir: Aprel döyüşləri Vətən müharibəsindəki zəfərin təməlidir Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən “Aprel döyüşləri: Vətən müharibəsindəki zəfərin təməli” adlı onlayn tədbir keçirilib.
Tədbirdə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hüquq fakültəsinin dekanı Əmir Əliyev 2016-cı il Aprel döyüşləri zamanı düşmən təxribatının qarşısının uğurla alındığını, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan kəndi istiqamətində yolların azad olunduğunu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsinin düşməndən təmizləndiyini qeyd edib.
Fakültənin müəllimləri Xəyyam İsmayılov, Aytəkin İbrahimova, Səkinəxanım Rzayeva, Mayis Əliyev, Əsmər Əliyeva, Samirə Eyvazova və Aydın Səfixanlı çıxış edərək Azərbaycan Ordusunun dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdığından, bu sevincin, qələbənin isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə olunduğundan bəhs ediblər.
Çıxışlarda Aprel döyüşlərinin Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldığı, bu zəfərin Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdiyi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdiyi vurğulanıb. Aprel döyüşlərində qazanılan qələbənin Prezident İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdəlik məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olduğu bildirilib.
Sonda fakültənin I kurs tələbəsi Siyavuş Bağırov beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının əhəmiyyətindən danışıb, erməni qoşunların beynəlxalq hüququn normalarını ciddi şəkildə pozduğuna dair bəzi faktları diqqətə çatdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər