BDU-nun Hüquq fakültəsində Anım Günü qeyd edilib

BDU-nun Hüquq fakültəsində Anım Günü qeyd edilib Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Müharibənin ilk günündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində ərazilərimiz işğaldan azad edildi. Ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə mülki yurddaşlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun Zəfər yürüşünə tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq günahsız mülki insanları hədəfə aldı, Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimizdə müharibə cinayətləri törətdi.
Zaur Əliyev bildirib ki, Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunu Vətən müharibəsində könüllü kimi iştirak edib, bir nəfər məzunu - Ceyhun Şalıyev qəhrəmancasına vuruşaraq şəhid olub.
Dekan qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsinə, qazilərimizin müalicəsinə daim diqqət göstərir. Heydər Əliyev Fondu bu istiqamətdə tədbirlər və layihələr həyata keçirir.
Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Milli Məclisin deputatı Soltan Məmmədov çıxış edərək, 44 günlük Vətən müharibəsində şanlı tarix yazan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalqımızın mərd oğullarından bəhs edib. O, Vətənin inkişafı naminə gənclərin öz sahələrində uğur qazanmağının vacibliyini vurğulayıb, gənclərə dövlət qayğısından danışıb.
S.Məmmədov Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib, Fondun gənclərin inkişafına hər zaman dəstək olduğunu qeyd edib.
Milli Məclisin deputatı, Hüquq fakültəsinin Dəniz və enerji hüququ mərkəzinin rəhbəri Bəhruz Məhərrəmov Vətən müharibəsində əldə olunmuş Qələbənin, eyni zamanda, uğurlu bir siyasətin nəticəsi olduğunu bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanın regionda ali hüquq dəyərlərinə, beynəlxalq hüququn prinsip və normalarına riayət edən dövlət kimi tanındığını xüsusilə vurğulayıb.
BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri professor Əmir Əliyev erməni vandalizmindən bəhs edib, müxtəlif ölkələrdə Azərbaycan səfirliklərinə hücumları pisləyib, beynəlxalq hüququn norma və prinsiplərinin yenə Ermənistan tərəfindən məhəl qoyulmadan pozulduğunu bildirib. O qeyd edib ki, bütün bunlara baxmayaraq, dövlətimiz elmi və hüquqi dəlillərə əsaslanan sivil mübarizəni davam etdirir və Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

Tehsil-press.az

Oxşar xəbərlər