Tarix Muzeyində Aprel döyüşlərinə həsr olunan elmi seminar

Tarix Muzeyində Aprel döyüşlərinə həsr olunan elmi seminar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Aprel döyüşlərinin əhəmiyyəti və Azərbaycanın zəfər tarixində yeri” adlı elmi-praktiki seminar keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov Aprel döyüşləri haqqında danışıb. Qeyd edilib ki, böyük Zəfərin başlanğıcı sayılan, Ordumuzun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 6 il ötür. Bu Zəfər Azərbaycan əsgərinin qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini bir daha sübut etdi.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin “2016-cı ilin Aprel zəfəri - Böyük Qayıdışın başlanğıcı”, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümovun “2016-cı il Aprel döyüşçülərinin materialları Vətən müharibəsi fondunda” mövzusunda məruzələri dinlənilib.
Sonra Aprel döyüşlərinin iştirakçısı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu, polkovnik-leytenant İlham Hüseynov çıxış edib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Aprel döyüşlərində iştirak etmiş zabit və qazi müəllimləri mayor Ağabala Manafov və mayor Anar Nürəddinov məruzə edərək və slaydlar vasitəsilə Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində əhəmiyyətindən bəhs ediblər.
Aprel döyüşlərinə animasiya filmi həsr edən baş prodüser və ssenarist Natiq Novruzov filmin yaranma ideyası haqqında danışıb.
Şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım və şəhid kapitan Füzuli Əliyevin anası Fərasət xanım şəhid anaları adından çıxış ediblər.
Sonra seminarın təşkilatçıları və muzeyin Qadınlar şurasının üzvləri II Fəxri xiyabanda şəhidlərin məzarlarını ziyarət ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər