Müsəlman dünyasının ilk nobel mükafatçısı

Müsəlman dünyasının ilk nobel mükafatçısı Abdus Salam 1926-cı ildə Britaniya Hindistanının Cəng adlı şəhərində (indiki Pakistan ərazisində) ziyalı və mömin ailədə anadan olub. O, 14 yaşında ən yüksək göstəricilərlə Pəncab Universitetinin Hökumət kollecində oxumaq üçün təqaüd almış və 1946-cı ildə oranı bitirmişdir. Həmin ildə Abdus Salam Kembricdə, St.Johns Kollecinə daxil olur. 1949-cu ildə həm riyaziyyat, həm də fizika üzrə birinci olmaqla fərqlənmə diplomu ilə bakalavr dərəcəsi alan Abdus Salam 1950-ci ildə fizika üzrə möhtəşəm tədqiqat işinə (pre-doctoral) görə Kembric Universiteti tərəfindən mötəbər Samit mükafatına layiq görülüb.
1951-ci ildə Kembricdə kvant elektrodinamikası üzrə fundomental tədqiqatlara görə nəzəri fizika üzrə alimlik dərəcəsi alıb.
26 yaşındaykən Kembricdə məşhur Kavendiş laboratoriyasında kvant mexanikasının nəzəri məsələləri ilə bağlı doktorluq dissertasiyası müdafiə etdikdən sonra bütün fizika ictimaiyyətinin diqqətini cəlb etmişdir. 1959-cu ildə o, Pakistan prezidentinin elm üzrə baş məsləhətçisi təyin olunub.
Abdus Salamın mikroaləmlə bağlı tədqiqatları çox genişdir:
• Elektrozəif qarşılıqlı təsir anlayışını elmə daxil edib.
• İki komponentli neytrino nəzəriyyəsini yaratmış və zəif qarşılıqlı təsir zəncirində parçalanmanın qaçılmazlığını göstərib.
• Zəif nüvə və elektromaqnit qarşılıqlı təsirin birgə nəzəriyyəsini yaradıb (o, bu işə görə ABŞ alimləri Ş.Qelşou və S.Vaynberqlə birlikdə 1979-cu ildə Nobel mükafatına layiq görülüb. Bu məsələ üzərində layiq görülüb. Bu məsələ üzərində Eynşteyn də uzun müddət çalışmışdır).
• Zəif neytral cərəyanların və zəif qarşılıqlı təsirin keçiriciləri olan W və Z hissəciklərin varlığını göstərib. Sonralar bunlar eksperiment zamanı təsdiq olunmuşdur.
• Elementar hissəciklərin simmetriyasının spontan pozulmasını isbat etmişdir.
• Qravitasiya nəzəriyyəsi və onun nüvə fizikasındakı rolunu araşdırmışdır.
• Elektrozəif və elektronüvə qarşılıqlı təsirini unifikasiya etmişdir.
• Protonun parçalanma hipotezini irəli sürmüşdür.
• Bütün təbiət qüvvələrinin supersimmetriyası haqqında nəzəriyyə vermişdir.
Müsəlman dünyasının ilk nobel mükafatçısı
Abdus Salam atom stukturunun müasir standart modelinin yaradıcılarından biridir.
300-ə yaxın elmi məqalənin, 10 kitab və monoqrafiyanın müəllifi olan Abdus Salam dünyanın 47 milli akademiyasının üzvü seçilmiş, dünyanın beş qitəsində yerləşən 47 universitetin fəxri doktoru olmuşdur. Fizikanın inkişafındakı müstəsna xidmətlərinə görə 19 medal və mükafat, həmçinin beynəlxalq elmi əməkdaşlıq naminə gördüyü işlərə görə 14 mükafat almışdır. Bunların arasında Maksvel, Oppenqeymer, Enşteyn və Lomonosov medalları da vardır. Abdus Salam 1979-cu ildə aldığı Nobel mükafatını öz payına düşən hissəsindən bir penni belə özünə və ya ailəsinə xərcləməyib, bütün pulları inkişaf edən ölkələrdən olan fiziklərin ehtiyaclarının ödənilməsinə sərf etmişdir.
Salam miladi tarixi ilə 750-1100-cü illər ərzində Cabir, Xarəzmi, Razi, Məsudi, Əbül Vəfa, Biruni, Ömər Xəyyam, İbn Hüysem, İbn Sina kimi ərəb, türk, fars və əfqan riyaziyyatçılarını, kimyaçılarını, fiziklərini və astronomlarını, coğrafiyaçılarını, həkimlərini islam elminin “qızıl dövrünün” ən böyük alimləri hesab edir və onların 350 il boyunca dünya elmində hakim mövqedə olduğunu yazır.
1100-cü ildən geriləmə başladığını, lakin hələ 250 il boyunca Nəsirəddin Tusi, İbn Nəfis, Uluqbəy kimi müsəlman alimlərinin öndə olduğunu qeyd edir. Bu əsərdə o, böyük Azərbaycan alimi Nəsirəddin Tusinin və onun yaratdığı Marağa rəsədxanasının dünya elminə verdiyi töhfələri də xüsusi qeyd edir. Hətta Tusinin Evklidin paralellik aksiomuna şübhə ilə yanaşan birincilərdən olduğunu yazır. Müsəlman alimlərinin uğurlarının kökündə Peyğəmbərimizin “Beşikdən qəbrədək elm öyrən!” kəlamının durduğunu göstərir. 15-ci əsrə qədər müsəlman alimləri öndə olsalar da, sonradan bir çox obyektiv və subyektiv səbəbdən bu mövqeyin itirildiyini ürək ağrısı ilə qey edərək “Nədən geri qaldıq?” sualına cavab axtarır. O, müsəlmanların əldə etdikləri elm xəzinəsini yerlə-yeksan edən monqol istilalarını səbəblərdən biri kimi göstərsə də, əsas səbəblər kimi özünə qapanmanı, yeniliklərə qarşı cəsarətini qırılmasını, məzhəb ayrılıqlarının yaranmasını və idarəçilərin elm adamlarından uzaq düşməsini hesab edir.
Abdus Salam 1996-cı ildə Oksford şəhərində vəfat edib. Alimin yaxın dostu, 1972-1991- ci illərdə Pakistan AES-in sədri olmuş məşhur nüvə mühəndisi Münir Əhməd xan Abdus Salam haqqında belə yazır: “Hətta, biz pakistanlılar Dr.Salama qarşı laqeyd olsaq belə, dünya onu daim yad edəcəkdir”.


Rövşən Əliyev
BDU-nun
Ehiimal-nəzəriyyəsi
kafedrasının dosenti

Oxşar xəbərlər