Rusiyanın Azərbaycandakı səfiri ADU-da oldu

Rusiyanın Azərbaycandakı səfiri ADU-da oldu Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Diplomatlar klubunun “Səfirdən gələcək səfirlərə” layihəsi çərçivəsində növbəti görüş baş tutdu. Layihənin növbəti qonağı Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Dmitriyeviç Doroxin oldu.
Tələbələrlə görüşdən öncə səfiri ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qəbul etdi.
Qonağı salamlayan professor D.Yunusov onu universitetdə görməkdən məmnun olduğunu bildirdi. O, universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, elm sahəsi haqqında qonağa ətraflı məlumat verdi. Belə görüşlərin ikitərəfli əlaqələri daha da möhkəmləndirdiyini deyən professor D.Yunusov Diplomatlar klubunun fəaliyyətini yüksək qiymətləndirdi. O, klubun “Səfirdən gələcək səfirlərə” layihəsi çərçivəsində müxtəlif ölkələrin səfirləri ilə silsilə görüşlər təşkil etdiyini vurğulayaraq bunun universitet rəhbərliyi tərəfindən dəstəkləndiyini sözlərinə əlavə etdi.
Səmimi qəbula görə təşəkkür edən səfir Vladimir Dmitriyeviç Doroxin ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi.
Sonra səfirin tələbələrlə görüşü baş tutdu.
Səfiri tələbələrə təqdim edən Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev bugünkü görüşdə onların Rusiya haqqında faydalı məlumatlar əldə edəcəklərinə əminliyini ifadə etdi.
Tələbələri salamlayan səfir universitet rəhbərliyi başda olmaqla görüşün baş tutmasında əməyi keçən hər kəsə təşəkkür etdi.
“Diplomatiyada Rusiya məktəbi” mövzusunda məruzə ilə çıxış edən səfir V.D.Doroxin tələbələrə öz diplomatik fəaliyyəti haqqında məlumat verdi. Onlara Azərbaycan-Rusiya əlaqələri haqqında məlumat verən səfir bu münasibətlərin son illərdə daha da inkişaf etdiyini bildirdi. O, Rusiya ilə Azərbaycan arasındakı mədəniyyət və təhsil sahəsindəki əlaqələrin artan xətt üzrə inkişaf etdiyini sözlərinə əlavə etdi. Bundan başqa səfir çıxışında Rusiyanın müasir dövrdə sülhməramlı mövqeyi, beynəlxalq və regional təşkilatlarda rolu, Rusiya diplomatiyasının xarakterik xüsusiyyətləri haqqında tələbələrə ətraflı məlumat verdi. V.D.Doroxin uğurlu diplomat olmağın sirləri haqqında danışaraq tələbələrə gələcək fəaliyyətlərində faydalı olacaq məlumatlar verdi.
Daha sonra Diplomatlar klubunun sədri Ramin Həbibzadə səfirə dəvəti qəbul edib gəldiyi üçün tələbələr adından təşəkkürünü bildirdi. O, bu görüşdən tələbələrin diplomatiya sahəsində dəyərli məlumatlar əldə etdiklərinə əminliyini ifadə etdi.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması və xatirə şəkilinin çəkilməsi ilə yekunlaşdı.

ADU-nun Mətbuat Xidməti


Rusiyanın Azərbaycandakı səfiri ADU-da olduRusiyanın Azərbaycandakı səfiri ADU-da oldu

Oxşar xəbərlər