ADU-da “Argentina və Azərbaycanda tolerantlıq-müqayisəli təhlil” adlı tədbir keçirilib

ADU-da “Argentina və Azərbaycanda tolerantlıq-müqayisəli təhlil” adlı tədbir keçirilib Dekabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq kafedrası və Argentinanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Argentina və Azərbaycanda tolerantlıq-müqayisəli təhlil” adlı tədbir keçirilib.
Tədbirdə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva, səfirliyin 3-cü katibi Eduardo Cavallero və səfirliyin təhsil məsələləri üzrə köməkçisi Tutu Yunusova, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin layihələr şöbəsinin müdiri Sərxanbəy Xudiyev, Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova, ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev qonaqları ADU-da görməkdən şad olduğunu bildirib. Rəhbərlik etdiyi fakültənin multikultural dəyərlərə malik olduğunu söyləyən dekan fakültədə bir çox regionlar və ölkələr üzrə ixtisasların mövcud olduğunu diqqətə çatdırıb.
Səfir Karlos Dante Riva Dillər Universitetində olmaqdan məmnunluğunu dilə gətirib. O, çıxışında 40-dan çox fərqli xalqların yaşadığı, federativ quruluşları birləşdirən Argentinanın mədəniyyət sahəsinin inkişafı baxımından Cənubi Amerikada ən inkişaf etmiş ölkələrdən olduğunu bildirib. Səfir tolerantlığın etnik qrupların mühacirətə yollanması ilə meydana gəldiyini diqqətə çatdırıb. Yeni texnoloji kəşflərin insanları bir-birinə yaxınlaşdırdığını bildirən Karlos Dante Riva dünyanın qlobal cəmiyyətə çevrildiyini deyib. Qonaq 1850-ci ildə Argentinanın 1 milyon əhalisi olduğunu vurğulayıb və XIX əsrin ortalarından başlayaraq Argentinanın mühacirətə qapılarını açdığını sözlərinə əlavə edib. Argentinada 92 müxtəlif mədəniyyətə sahib olan etnik qrupların məskunlaşdığını söyləyən səfir ölkəsinin mühacirlərin sayına görə dünyada ikinci ölkə olduğunu bildirib. Karlos Dante Riva Argentina əhalisinin 90 faizini katoliklərin təşkil etdiyini diqqətə çatdırıb.
Daha sonra Xəyalə Məmmədova rəhbərlik etdiyi şəbəkə haqqında ətraflı məlumat verərək onun 2016-cı ilin mart ayında yaradıldığını iştirakçıların nəzərinə çatdırıb və onun yaradılmasında əsas məqsədin Azərbaycanın multikulturalizm modelini və mövcud multikulturalizm modellərini tədqiq etmək, elmi təhlillər aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, müxtəlif ölkələrə aid mədəniyyətləri araşdırmaq və təşviq etmək olduğunu söyləyib.
X.Məmmədova Argentina mədəniyyətinin ispan və fransız mədəniyyətindən təsirləndiyini, sonra italyanların miqrasiyası ilə əlaqədar olaraq bu ölkənin mədəniyyətində müəyyən dəyişikliklərin baş verdiyini, bunun da ən böyük təsir gücünü Qauço festivalında göstərdiyini qeyd edib. O, San Antonio şəhərində noyabrın əvvəlində 1 həftə boyu davam edən Qauço festivalının Argentina mədəniyyətinin tarixi göstəricisi olduğunu bildirib. X.Məmmədova multikultural ölkə kimi Argentinada iyul ayının 20-də “Dostluq günü” (Dia Del Amigo) qeyd olunduğunu sözlərinə əlavə edib.
Daha sonra Argentinada turizm sahəsinə həsr olunan video-çarx izlənilib.
Sonda Argentinanın musiqi simvolu hesab edilən tanqo rəqsi nümayiş olunub.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Argentina və Azərbaycanda tolerantlıq-müqayisəli təhlil” adlı tədbir keçirilib
ADU-da “Argentina və Azərbaycanda tolerantlıq-müqayisəli təhlil” adlı tədbir keçirilib
ADU-da “Argentina və Azərbaycanda tolerantlıq-müqayisəli təhlil” adlı tədbir keçirilib

Oxşar xəbərlər