İndoneziyalı qonaqlar ADU-da olublar

İndoneziyalı qonaqlar ADU-da olublar Noyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov İndoneziya Respublikasının Din Nazirliyinin xüsusi əməkdaşı Hadi Rahmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Professor Dünyamin Yunusov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirib. O, ali təhsil müəssisəsinin yaranma tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib. Professor təhsil müəssisəsində 20-dən çox müxtəlif dillərin tədris olunduğunu, burada 7 fakültə, 16 mərkəz və 25 kafedranın fəaliyyət göstərdiyini, həmçinin universitetin 7000-ə yaxın tələbəyə təhsil verdiyini qonaqların nəzərinə çatdırıb. O, ali təhsil ocağında fəaliyyət göstərən 17 dil və mədəniyyət mərkəzlərindən birinin də İndoneziya Araşdırmalar Mərkəzinin olduğunu sözlərinə əlavə edib. O, adıçəkilən mərkəzin əsasının 2010-cu ildən qoyulduğunu da qonaqların diqqətinə çatdırıb. ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin nəzdində İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin İndoneziya dilinə böyük maraq göstərdiklərini bildirən professor D.Yunusov onların bu ölkənin tarixini, mədəniyyətini, coğrafiyasını dərindən öyrəndiklərini sözlərinə əlavə edib.
Səmimi qəbula görə təşəkkür edən qonaqlar ADU-da olmaqdan məmnunluqlarını dilə gətiriblər. İndoneziya Respublikasının Din Nazirliyinin Araşdırmalar və İnkişaf Mərkəzinin əməkdaşı Xoyrul Fuad Yusuf ADU-da İndoneziya dilinin tədrisini yüksək qiymətləndirib və İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətindən şad olduğunu bildirdib. O, belə görüşlərin ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyini qeyd edib.
Görüşdən sonra qonaqlar ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin İndonezsiyaşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşüblər və mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Görüşdə tələbələrə İndoneziya Respublikası haqqında ətraflı məlumat verilib və mərkəzə kitablar təqdim olunub.

ADU-nun Mətbuat Xidməti


İndoneziyalı qonaqlar ADU-da olublar

Oxşar xəbərlər