12 dekabr – ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr – ümummilli lider Heydər Əliyevin anım günüdür
HEYDƏR ƏLİYEV MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN ƏN BÖYÜK DAŞIYICISIDIR


...Əbədiyyətə qovuşmuş böyük dühalar barədə söhbət açarkən, adətən onların bu fani dünyamızda yalnız cismən bizdən ayrı olduqlarını yazırlar. Əslində isə, onlar elə cismani də bizimlə birgədirlər. O insanlar fərd olaraq hər birimizin geyim, danışıq, davranış, mədəniyyətimizdə, qabiliyyətlərimizdə, adət-ənənələrimizdə yaşayırlar. Çünki biz bu dəyərləri, qabiliyyətləri çox, ya az-fərq etməz, bacardığımız qədər onlardan, məhz onlardan əxz etmişik. Göz önündəki ən xoş reallıqlarda onların ürəyi döyünür. Çünki bu reallıqlar həmin şəxsiyyətlərin zəkasından, qurucu əməllərindən doğulub. Maddi aləmdə ən gözəl olan nə varsa, o, həmin dühaların cisminin bir parçasıdır. Bizi əhatə etmiş zamanda yaşayan tarixi şəxsiyyətləri zamanın müəllifləri adlandırsaq, bu, fəlsəfi qanunauyğunluqlara zidd olmayacaq...
Dünyanın Azərbaycan adlı gözəl məkanında evlərin üzünün Günəşə doğru binə edilməsi, çay sularının axıb-daşıb sonda Xəzərin zümrüd hüdudsuzluğuna qovuşması kimi həyat mənzərələri fonunda bir ali həqiqətdə ucalır. Bu həqiqət daxili əbədi sakininə çevrilmiş, bir obraz üzərində intişar tapıb.
Konkret insanlar haqqında düşünərkən, təsəvvürdə müəyyən assosiasiyaların yaranması təbii-psixoloji hadisədir. Çox maraqlıdır ki, neçə illər öncə də Heydər Əliyev barədə fikirlərimdə o, həmişə öz tunc heykəli ilə yanaşı dayanırdı. Bəli, ulu öndər Heydər Əliyev hələ sağlığında ikən ürəklərdə öz heykəlini ucalda bilmişdi.
Tarixi hadisələrin ciddi təhlili zamanı görürük ki, ideyalar məhz şəxsiyyətlərdə təcəssüm olunur. Bəzi hallarda isə şəxsiyyət ideyanın rəmzinə, nişanına çevrilir. Heydər Əliyev adında təcəssüm edən ideya müstəqil demokratik Azərbaycan dövləti və inkişafa doğru hər gün bir qədəm də irəliləyən sivil bir xalqdır. O, bütün ömrünü bu ideyanın gerçəkləşməsinə həsr etmişdir...
Azərbaycanın ümummilli lideri Heydər Əliyev bəşər sivilizasiyasının indiyə qədər tanıdığı ən böyük rəssamlardan biri və bəlkə də birincisi idi. Heydər Əliyev öz arzularında, təxəyyülündə qurub yaratdığı Azərbaycanı olduğu kimi, vətənimiz boyda füsunkar bir tablo tək, əlvan boyalarla bu müqəddəs torpaq üzərinə köçürməyi bacarmışdır: Əl-ayağa dolaşanların cılız maneələrinə baxmadan, bütün şər-şəbədələrin, çəkişmələrin, dartışmaların fövqündə dayanaraq...
Vaxt öz mahiyyətindən irəli gələrək bütün narazılıqları, umu-küsüləri, giley-güzarları, qarşıdurmaları tez bir zamanda arxiv materialına çevirir. Müstəqil Azərbaycan dövləti, möhkəm özülə söykənən dövlətçiliyimiz, dünyaya açılan qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, nurlu yol-bizə bunlar qalır. Bu reallıqların hər birində ulu öndər Heydər Əliyevin imzası var.
Çağdaş Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandıranlara tam haqq qazandırıram. Heydər Əliyev Tanrının hər xalqa min ildə yalnız bir dəfə göndərdiyi nadir şəxsiyyətlərin ön sırasında dayanır.
Heydər Əliyev bir zirvədir – ona doğru yalnız can atmaq olar. Əgər cəhdlərində davamlı olsan, bu zirvəyə doğru gedən yolda ən böyük nailiyyətlərin sahibinə çevrilə bilərsən.
Filosof Heraklit deyirdi ki, eyni çaya iki dəfə düşmək mümkün deyil. Bu, əslində, tarix və şəxsiyyət münasibətlərində də belədir. Heydər Əliyevi tarix yetişdirmişdir. Bu böyük insanı yetişdirən tarix bir daha təkrarlanmayacaq. Zamanın şərtləri isə çox dəyişkəndir. Kimsə Heydər Əliyev şəxsiyyətinə alternativ olmaq iddiasına düşə bilər. Amma vaxt yolun başındaca bu iddialar üzərindən bir xətt çəkir. Heydər Əliyevlə eyni dövrdə yaşayanlara, onu öz gözlərilə görənlərə, ondan nələrisə öyrənənlərə isə, Tanrı tərəfindən bu imkanla birgə fəxarət payı da verilib. Nə vaxtsa yaşımızın ixtiyar çağlarında, gələcək övlad-uşaqlarımız məhz Heydər Əliyevlə eyni illər yaşadığımız, eyni anları bölüşdüyümüz üçün bizə qibtə ilə baxacaqlar...
Heydər Əliyev şəxsiyyəti bütün sistem və ölçülərin fövqündədir. Fəqət bu ucalıq onun böyük dövlət xadimi, böyük ictimai xadim və bütün bunların hamısından da əvvəl, böyük azərbaycanlı olması faktını qətiyyən kölgədə saxlamır. Bəli, Heydər Əliyev hər şeydən əvvəl, zəmanəmizin ən Böyük Azərbaycanlısı idi və onun idealları bu həqiqətdən qida alırdı. O, arzularında yaşatdığı Azərbaycanı hələ birinci hakimiyyəti dönəmində qurmağa başlamışdı. O, Azərbaycan dövlətinin rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdən bütün islahatlarını bir həqiqətin istisnasız təsdiqinə yönəltmişdi: o, qeyri-müstəqil bir respublikanın təkcə başçısı yox, lideridir. Azərbaycan xalqının ümummilli lideri...
Ölkəyə rəhbərlik missiyasını üzərinə götürdüyü ilk günlərdən Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, iqtisadiyyatının səhiyyəsinin inkişafı üçün Heydər Əliyevin misilsiz fəaliyyəti son dərəcə əhəmiyyətli nəticələri ortaya qoydu. Bu işləri ona qədərki heç bir rəhbərlə müqayisə edilməsi mümkün olmayan bir enerji, yüksək peşəkarlıq və uzaqgörənlik həyata keçirdi.
Müxtəlif toplantılarda, görüşlərdə, müzakirələrdə onun yüksək məzmuna malik nitqləri, çıxışları və söhbətləri, verdiyi göstərişlər yalnız müdrik bir dövlət başçısının öz xalqının elminə, mədəniyyətinə, iqtisadiyyatına qayğısının parlaq ifadəsi olmaqla məhdudlaşmırdı. Bütün bunlar həmin sahələrin hər birinin inkişafının nəzərdə tutan mükəmməl proqram, konsepsiya idi ki, onların bəhrəsini bizlər müstəqil Azərbaycanımızda görürük. Bu, hər kəs tərəfindən etiraf edilən bir həqiqətdir ki, Heydər Əliyevin rəhbərliyə başlaması ilə sovetlər dövrünün son onilliklərində Azərbaycan cəmiyyəti milli şüurun formalaşması baxımından daha aktiv, məhsuldar mərhələyə qədəm qoymuş, ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvələrindən etibarən Azərbaycan bütün sahələr üzrə görünməmiş sürətlə inkişaf etmiş, ədəbiyyat, incəsənət, elm, təhsil məsələləri milli özünüdərkin komponentlərindən birinə çevrilmişdir.
Fəqət Tanrının onun üzərinə qoyduğu müqəddəs missiyası tək bununla tamamlanmayacaq, Heydər Əliyev 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycanımızın təlatümlü günlərində qüdrətli bir xilaskar kimi özünü yetirərək dövlətimizi, xalqımızı oddan-alovdan, qandan-qadadan qoruyacaq, bizi inkişafa, bəşəri dəyərlərə doğru aydın, işıqlı gələcəyə inamla süslənmiş rahat bir yola çıxaracaqdır...
Heydər Əliyev adı <<məşğuliyyət>> sözünü tarixin heç bir əyyamında yaxına buraxmayıb. Ona qarşı antitəbliğat kampaniyaları təşkil ediblər, fürsət düşdükcə, dəstə-dəstə, qrup-qrup üzərinə hücum çəkiblər, məqamdan yararlanıb hüquqlarını pozmağa, ona ləkə vurmağa çalışıblar. Amma Heydər Əliyevi məğlub edə bilməyiblər, bunu heç kim bacarmayıb. Allah kiməsə Heydər Əliyevi məğlub qiyafədə görmək, <<Heydər Əliyev mənə məğlub oldu>> deyə tarix qarşısında öyünmək fürsəti verməyib. Heydər Əliyev məğlubedilməz şəxsiyyət idi! O, dünyaya sanki qələbələr üçün gəlmişdi.
Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə, ən çıxılmaz anlarda da arxayınlıq hissini itirmirdi. Çünki bütün mürəkkəbliklər Heydər Əliyev şəxsiyyətinin qüdrəti qarşısında son dərəcə bəsit görünürdü. Ən azı düşünür və qəribə bir əminliklə Heydər Əliyevin ən qorxulu situasiyalar üzərində növbəti zəfərini alqışlamağa hazılaşırdım və ümummilli liderin bütün maneələri dəf edib keçəcək addım səslərini eşidirdim.
12 dekabr – ümummilli lider Heydər Əliyevin anım günüdür
... Heydər Əliyev şəxsiyyətindən söhbət gedərkən, bura Azərbaycanı da əlavə etmək lazım gəlir. Çünki Heydər Əliyev şəxsiyyəti çoxdan Azərbaycanla bütövləşmiş, Heydər Əliyevin ruhu Azərbaycana, Azərbaycanın ruhu Heydər Əliyevə keçmişdir. <<Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır>> deyirdi ümummilli liderimiz! Və bu deyim yalnız onun dilində reallıqla tam üst-üstə düşürdü. Yalnız onun belə deməyə haqqı çatırdı. Çünki Azərbaycan, gerçəkdən də Heydər Əliyevin ürəyi, nəfəsi, həyatı idi...
Heydər Əliyevin milli-mənəvi dəyərlər məsələsində irəli sürdüyü pirinsiplər, bu problemin həlli ilə bağlı müəyyənləşdirdiyi aydın xətt, atdığı addımlar bəzən əsl mahiyyəti üzrə şərh olunmur və elmi yanaşmalarda müəyyən yanlışlıqlara yol verilir. Ümummilli liderin bu sahədə xidmətlərinin, sadəcə olaraq Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, təhsiliniə, səhiyyəsinə yüksək qayğı kimi səciyyələndirilməsi bu işlərin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Çünki görülən bu işlər, sadəcə qayğı olmaqla məhdudlaşa bilməz. Bütün bunlar ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyitək qorunaraq gələcək nəsillərə əmanət edilməsi, Azərbaycan şüurunun, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş məqsədyönlü addımlardır.
Çağdaş nəzəriyyələr bu cür meyilləri, adətən mühafizəkarlıq nümunəsi kimi nəzərdən keçirir. Amma Heydər Əliyevin böyüklüyü ondadır ki, milli ənənələrimizə bu qədər sadiqlik, onun timsalında konservatizm meyli kimi görünmür. Çünki milli dəyərlərə sadiqlik Heydər Əliyevin demokratizminin inkarına yönəlməyib. O, öz düşüncələrində çox böyük ustalıqla milli və liberal dəyərlərin dialoqunu qura bilib.
Öz müsahibələrinin birində Heydər Əliyevin hələ keçmiş SSRİ rəhbərliyində təmsil olunarkən onun taleyindəki müsbət rolundan söhbət açan məşhur rus dissident yazıçısı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsının məlum etirafını xatırlayıram. Bu , ümumilikdə, Heydər Əliyev demokratizminin etirafıdır. Bəli, Heydər Əliyev zəmanəsinin ən böyük demokratı idi. O, demokratiya anlayışının özünə də bir millilik gətirmişdi. Heydər Əliyevin demokratiya barədə aşağıda təqdim olunan fikirləri dünyanın ən dahi filosoflarının demokratiyaya dair baxışlar sisteminə aid edilə bilər:
<<Demokratiyanın hüdudları genişdir. O, hər bir xalqın milli-mənəvi dəyərlərinə, mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir>>.
Ulu öndərimizin irəli sürdüyü prinsiplər dünya xalqları sırasında azərbaycanlıların layiqli yerini müəyyənləşdirir. Lakin məlum prinsiplər bu sırada qeyri-millətlərin yerini də inkar etmir. Təsadüfi deyil ki, Azərbaycanda qonaq olan əcnəbilər bu Şərq ölkəsində müxtəlif dünyagörüşlərinin, dini inancların, siyasi əqidələrin, fərqli mədəniyyətlərin bu dərəcədə normal, sivil dialoquna heyranlıqlarını gizlədə bilmirlər. Bu dialoq, ilk növbədə, böyük öndərimizin düşüncələrində qurulmuşdur. Keçmişin qiymətli əmanətlərini çağdaş təsəvvür və dünyagörüşlərini tarixin ərməğanları fonunda nəzərdən keçirməyə yalnız Heydər Əliyev nail ola bilərdi və o, buna nail oldu...
Ümummilli liderimizin Azərbaycanın 1990-cı illərin əvvələrində ağır tənəzzül dövrünü yaşayan çağdaş ədəbiyyatımızı, mədəniyyətimizi, təhsilimizi, səhiyyəmizi necə dirçəldib ayağa qaldırdığını yada salıram. Onun xalqın öndə gedən simalarına isti münasibətini göz önünə gətirirəm. Heydər Əliyevin xalq mərasimlərində, teatr tamaşalarında, konsert proqramlarında iştirakını, insanlarla ünsiyyətini, məcburi köçkünlərin toy məclislərində qol qaldırıb rəqs etməsini, uşaqlara sonsuz sevgisini xatırlayıram, qəlbim riqqətə gəlir.
<<Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam>> deyən ümummmilli liderimiz sanki Azərbaycana, azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz simasında bir araya gətirmiş və bununla özü də canlı Azərbaycana çevrilmişdir. Heydər Əliyev Azərbaycanın canlı təcəssümü idi sanki...
Heydər Əliyev bütün şərəfli və zəngin ömrü boyu Azərbaycanın milli-mənəvi dəyərlərinin böyük himayədərı oldu. Nə xoş ki ümummilli liderimizin bu sahədə qoyduğu ənənələr müqəddəs bir miras kimi yenə də yaşadılır, qorunur. Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətinə rəhbərliyinin ilk günündən bəyan etdi ki, Heydər Əliyev yoluna sadiq qalacaq, bu yolu layiqincə davam etdirəcək. Azərbaycan Prezidentinin fəaliyyəti bu bəyanata sadiqliyin bariz ifadəsidir və bu, milli-mənəvi dəyərlərə münasibətdə daha aydın cizgilərlə görünür. İlham Əliyev dövlətə rəhbərliyinin ilk günlərindən Azərbaycan ədəbiyyatına, elminə, təhsilinə göstərdiyi diqqət və qayğı ilə əyani şəkildə sübuta yetirdi ki, o, bu sahədə də Heydər Əliyev məktəbinin prinsiplərinə sadiqdir.
Bu həqiqət hələ çoxdan, cənab İlham Əliyevin Azəbaycanın Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrlərdən görünməyə başlamışdı. O günlərdə dünyanın bu mötəbər qurumunun rəhbərlərindən biri olaraq İlham Əliyevin əsas fəaliyyəti təcavüzkar Ermənistanın ümumilikdə mənəvi irsimizə vurduğu yaraları dünyaya nümayiş etdirmək, bu yaraların doğura biləcəyi fəsadların qarşısını almaq, həmin yaralardan şəfa tapmağımız üçün qətiyyətli addımların atılmasından ibarətdir.
İndi o, Azərbaycan dövlətinin Prezidentidir. Və cənab İlham Əliyevin prezidentlik fəaliyyəti bu istiqamətdə çoxsaylı addımlarla yadda qalmaqdadır. Yalnız bir faktı xatırlayaq, dövlət başçısı İlham Əliyev kiril qrafikasında çap olunmuş kitabların latın qrafikası ilə yenidən nəşri barədə sərəncamı ilə 21-ci əsrin ortalarına doğru itirilmək təhlükəsi ilə üzləşdiyimiz mənəvi sərvəti bizlərə qaytardı...
Bu gün Prezident İlham Əliyevi Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Ölkə rəhbəri bu dəyərləri göz bəbəyi kimi qoruyacağına, itkisiz şəkildə gələcək nəsillərimizə ötürəcəyinə bütün azərbaycanlılar qarşısında, ən böyük Azərbaycanlı Heydər Əliyevin ruhu qarşısında and içib. Azərbaycan Prezidenti öz adına sadiqdir. Necə ki bütün ömrünü öz xalqına qurban edən ümummilli liderimiz bu andına sona qədər sadiq qaldı.
Azərbaycan Prezidentinin xanımı, ölkənin birinci ledisi Mehriban Əliyevanın mənəvi irsimizin qorunması istiqamətində ortaya qoyduğu ardıcıl səylər də Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək sayğının təzahürüdür. Təsadüfi deyil ki, bu istiqamətdəki fəaliyyətinə görə o, YUNESKO-nun xoşməramlı səfiri statusuna layiq görüldü. Bu, ümumilikdə dünyanın Mehriban xanımın timsalında bütün Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dilimizə,incəsənətimizə göstərdiyi diqqət kimi qəbul olunmalıdır. Bu status həm də Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının öz fədakarlığını və bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə əyani bir sübutdur. Və ən nəhayət, bu ad Mehriban xanım Əliyevanın şifahi irsimizn və musiqi yaradıcılığı xəzinəmizin qorunub saxlanılması, inkişafı sahəsində ortaya qoyduğu böyük zəhmətin xoş bəhrəsidir.
Müstəqillik nemətinə qovuşandan sonra dünya düzənində öz yerini yenicə möhkəmlədən Azərbyacan, bu kimi töhfələrlə beynəlxalq birliyə inteqrasiya istiqamətində böyük imkanlar qazanır. Müstəqil dövlətimiz bu gün bütün dünyada aparılan mədəniyyətlərarası dialoqdan kənarda qala bilməz. Azərbaycan malik olduğumuz zəngin mədəniyyətlə bu dialoq prosesinin əsas iştirakçılarından birinə çevrilmək imkanına malikdir. Lakin bunun üçün hələ çox iş görülməlidir. Bu zərurət Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışlarında da ifadə olunmuşdur:
<<Biz bu istiqamətdə fəal iş aparırıq. Avropa ölkələri ilə, ümumən beynəlxalq qurumlarla həm siyasi, həm iqtisadi, həm də sosial səviyyədə geniş əlaqələrimiz vardır. Şübhəsiz ki, biz mədəni əməkdaşlıq sahəsində daha çox uğur əldə etməyi arzulayırıq>>.
... Ola bilər ki, zaman hansına şəxsə nə vaxtsa ona edilmiş yaxşılığı unutdursun. Ola bilər ki, şəxs ona edilmiş yaxşılığı unutdursun. Ola bilər ki, şəxs ona edilmiş yaxşılığı layiqincə qiymətləndirmək imkanlarından uzaq olsun. Lakin xalqın və tarixin yaddaşı çox möhkəmdir. Hər hansı sapıntı onu öz qənaətindən döndərə bilməz.
Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin miqyası o qədər böyükdür ki, bunu sözlə yalnız belə ifadə etmək olar; bütöv xalqa və tarixə yaxşılıq! İnsan üçün bu yaxşılığın müqabilində yaddaşlarda daimi minnətdarlıq duyğuları ilə yaşamaqdan gözəl nə ola bilər?!
... Və əbədiyyət heykəlləri beləcə ucalmırmı?!

Nurlana Əliyeva,
Bakı Slavyan Universitetinin
rektoru, filologiya elmləri doktoru,
professor


Oxşar xəbərlər