Dünya Bankının nümayəndələri ATU-da qonaq olub

Dünya Bankının nümayəndələri ATU-da qonaq olub ATU rektoru, professor Gəray Gəraybəyli Dünya Bankının rəhbər nümayəndələri ilə görüşüb. Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Praktika Meneceri cənab Kristian Aedonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bir sıra mühüm məsələlər müzakirə olunub.
Qonaqlara ATU haqqında ətraflı məlumat verən professor G.Gəraybəyli bildirib ki, ATU-da tədris sistemində daim islahatlar aparılır, təhsilin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət daha da təkmilləşdirilir. Qeyd olunub ki, artıq universitetdə 5 ildir ki, ikipilləli təhsil sistemi tətbiq olunur. Rezidentura pilləsini bitirən məzunlar mütəxəssis həkim sayılırlar. Onlardan bəziləri elə ATU-nun klinikalarında işləyir. Bir çoxları isə xarici ölkələrdə staj keçirlər. Tibb Universiteti beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə ciddi önəm verir. Çünki bu əlaqələr fərqli təhsil sistemləri ilə tanışlıq, yeniliklərin tətbiqi və nəticədə tədrisin təkmilləşdirilməsinə yardım olur. Bu baxımdan, Dünya Bankı ilə müştərək layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir.
Bakıda səfərdə olan cənab Aedo öz növbəsində Dünya Bankının təhsil sahəsində gördüyü işlər, dəstəklədiyi prqoramlar haqqında məlumat verib. Qeyd edilib ki, bu dəfəki səfərin əsas məqsədi təhsil üzrə mili prioritetləri müzakirə etmək və tələbə krediti proqramları üzrə seminarı təşkil etməkdən ibarətdir. Buna görə də bank təmsilçiləri müvafiq dövlət qurumları, universitet rektorları və digər maraqlı tərəflərlə görüşlər keçirirlər.
Görüş zamanı Azərbaycan Tibb Universitetində Dünya Bankının dəstəyilə bir sıra layihlərin icra oluna biləcəyi barədə fikir mübadiləsi aparılıb. Qarşılıqlı əməkdaşlığın əhatəsini məyyənləşdirmək üçün ilkin araşdırma aparılması da qərara alınıb. Ümumilikdə, beynəlxalq təhsil və tədqiqat layihələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Dünya Bankının təhsil üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri cənab Ceyson Uaver, məsləhətçi Bryus Çapman, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Nadir Zeynalov, beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov da iştirak ediblər.

ATU-nun Mətbuat Xidməti


Dünya Bankının nümayəndələri ATU-da qonaq olub

Oxşar xəbərlər