BSU-da imtahanlar bu deviz altında keçirlir
Son günlər Bakı Slavyan Universitetində yay imtahan sessiyası ilə bağlı tələbələrin narazılıq etməsi haqqında fikirlər səsləndirilməkdədir. Bəri başdan bəyan edirik ki, universitetdə bu məsələ ilə hər hansı bir ciddi narazılıq yoxdur. Çünki BSU rəhbərliyi, başda rektor, professor Nurlana Əliyeva olmaqla fəaliyyətlərini tələbələri narazı sala biləcək hər hansı bir əmələ yol veriməməsi istiqamətində qurub və həmin prinsipi dönmədən gerçəkləşdirməkdədirlər. Yəqin ki, qış semestrində imtahanların şəffaflığının təmin edilməsi məqsədilə universitetin qapılarının ictimaiyyət nümüayəndələrinin üzünə taybatay açıq olması, təhsil ekspertlərinin, jurnalistlərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin imtahanları izləmək üçün universitetə dəvət edilməsi, onların birbaşa tələbələrlə təmasına şərait yaradılması oxucuların yadındadır. Bütün bunların nəticəsində BSU-da keçirilən imtahanların şəffaflığı, obyektivliyi tam təmin olunmuşdu.
Yay semestr imtahanlarında da həmin təcrübə tətbiq olunmuşdur. İmtahanları qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində səffaflığı və obyektvliyi təmin etmək məqsədi ilə yaradılmış Operativ qərargah bütün gün ərzində fəaliyyət göstərməkdədir. Qərargah üzvləri sırasında valideynlər, tələbələr, gənclər təşkilatlarının nümayəndələri və s. təmsil olunmaqdadır. Qərargaha qiyməti ilə razılaşmayan hər bir tələbə müraciət edə bilər. Həm də burada məsələ kollegial şəkildə, valideynin, tələbənin, fənn müəlliminin və s. iştirakı ilə həll olunur.
İmtahan Qərargahının üzvü olan valideynlər də imtahan prosesində obyektivliyin tam təmin olunduğunu bildirirlər. Onlar BSU rəhbərliyinin imtahanlar üçün şəffaf mühit yaratdığını, onlarla narazı tələbənin öz haqqını sübut etməsinə imkan verildiyini vurğulayırlar. İmtahan qərargahının üzvü olan valideynlər Babayeva Nəzamət Həsən qızı, Qəmbərov Ramiz Yəhya oğlu istər qış sessiyasında, istərsə də indiki imtahanlarda tələbələrin müstəqil şəkildə biliklərini sınaqdıqlarını qeyd edirlər.
Həmin fikirləri Bakı Slavyan Universitetinin tələbələri də dilə gətirirlər. Onlar son günlər Bakı Slavyan Universitetinin tələbələri adından imtahanların gedişi ilə bağlı mətbuatda yazılan narazılıqlara cavab olaraq qeyd edirlər ki, həqiqəti görmək istəyənlər gəlib yerindəcə məsələni izləsinlər. Tələbələr deyir: “Qış imtahan sessiyasında olduğu kimi, yay imtahanları da şəffaf və obyektiv aparılır. Tələbələrin fənn imtahanları ilə bağlı narazılıqları varsa, Operativ qərargaha müraciət olunur. Bütün narazılıqlar nəzərə alınaraq imtahanla bağlı yaranmış problem dərhal öz həllini tapır, obyektiv qərar çıxarılır. İslam Həmrəyliyi Oyunlarında, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və Formula 1 2017-də könüllü kimi fəaliyyət göstərən tələbələrin hər birinə Təhsil Nazirliyinin göstərişi ilə bütün imatahanlarda güzəştlər olunub, lazımi şərait yaradılıb”.
Onlar universitet ətrafında yaradılan söz-söhbətin heç bir əsası olmadığını vurğulayırlar. Filologiya və xarici dil müəllimiyi fakültəsinin I kurs tələbəsi Mirsalam Qasımov, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin II kurs tələbəsi Raziyə Rəsulova, filologiya və xarici dil müəllimliyi fakültəsinin III kurs tələbəsi Fatimə Həsənova, Tərcümə fakültəsinin I kurs tələbəsi Əhməd Əhmədov və digərləri imtahanlarda onların dövlət səviyyəli tədbirlərdə iştiraklarının nəzərə alındığını bildirirlər. Gənclər BSU- da heç kəsə qarşı qərəzkarlıq olmadığlnı, qiymətləndirilmənin tam oyektiv aparıldığını bildirirlər. Onlar universitet rəhbərliyinin məhz biliyi əsas meyar kimi götürdüyünü vurğulayırlar.
BSU-nun Mətbuat Xidməti