ADU-nun rektoru Kamal Abdulla Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb

ADU-nun rektoru Kamal Abdulla Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb İyulun 7-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin Latviya üzrə üzvü Reinis Aboltinsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan rektor onların Azərbaycanda keçirdiyi günlərin səmərəli olduğuna inandığını söyləyib. O, qeyd edib ki, Azərbaycan multikultural ölkədir: “Bir azərbaycanlı kimi fəxr edirik ki, ölkəmizdə müxtəlifliklərin harmonik birləşməsini təmin edə bilmişik”.
Azərbaycanda multikulturalizmin tarixi köklərindən danışan rektor multikultural münasibətləri burada yaşayan xalqların daxili mahiyyətindən doğan nəticə kimi xarakterizə edib. K.Abdulla qonaqlara “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını hədiyyə edib: “Bu kitab sübut edir ki, Azərbaycanda tarixən multikultural dünyagörüşü, multikultural ruh mövcud olub”.
Universitetdə görülən işlər barədə ətraflı söz açan rektor burada Qafqazşünaslıq kafedrasının yaradıldığını deyib. O, əlavə edib ki, əgər kimsə sabah Qafqaz dillərindən hansınısa öyrənməyi qarşısına məqsəd qoyarsa, ona heç bir maneə yaradılmayacaq: “Biz ADU olaraq öz missiyamızı dünyanın müxtəlif dillərini öyrənməkdə görürük. Azərbaycan universitetləri dünya dillərinin panoramasını əks etdirməlidir”. K.Abdulla deyib ki, bu prosesdə müxtəlif dillər üzrə mütəxəssislərlə həmin dillərin daşıyıcılarının birgə fəaliyyəti nəzərdə tutulur.
ADU-nun rektoru milli azlıqları öyrənərkən sualların spesifikliyin nəzərə alınması şərtilə qoyulmasının vacibliyini nəzərə çatdırıb. Onun sözlərinə görə, bu spesifikliyin ilk əlaməti odur ki, Azərbaycan öz müstəqilliyini cəmi 26 ildir ki, əldə edib: “Amma bir şeyi bilməlisiniz ki, bizim bu işləri görmək üçün daxili inam və həvəsimiz var”.
Sloveniya ilə bağlı Məsləhət Komitəsinin üzvü Petra Roterin “Milli azlıqlara məxsus olan şəxslər öz problemləri ilə bağlı kimə müraciət edirlər” sualına K.Abdulla belə cavab verib: “Azərbaycan dövlətinə. Azərbaycan dövləti çoxluq və ya azlıqların dövləti deyil, bütün Azərbaycan vətəndaşlarının dövlətidir”.
Görüş zamanı P.Roter nümayəndə heyətinin missiyası ilə bağlı məlumat verib. O, K.Abdullanın multikulturalizm sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayaraq Bakı Multikulturalizm Mərkəzinin fəaliyyəti ilə maraqlanıb. Azərbaycanda apardıqları iş haqqında danışan qonaq ölkəmizdəki bir çox qarışıq ailələrdə yaşayanların öz etnik kimliklərini qoruyub saxlaya bildiklərini xüsusi vurğulayıb.
Latviya ilə bağlı Məsləhət Komitəsinin üzvü Reinis Aboltnis isə Qafqazşünaslıq istiqamətində görülən işlərlə maraqlanıb və çoxqatlı identifikasiya ilə bağlı statistik göstəricilər hazırlanarkən müvafiq qurumların ADU-nun köməyindən istifadə etməsini təklif edib. Ona cavab olaraq rektor K.Abdulla bildirib ki, bu təklif nəzərə alına bilər.
Avstriya ilə bağlı Məsləhət Komitəsinin üzvü Brigitta Buş isə daha çox dilçilik məsələləri ilə maraqlanıb və Azərbaycanın milli azlıqların öz spesifikliyini qoruyub saxlamaqla bağlı nailiyyətlərindən söz açıb. O, əlavə edib ki, bu spesifikliyin qorunub saxlanılması mühüm əhəmiyyət daşıyır.
Görüşün sonunda K.Abdulla Brigitta Buşu ADU-da dilçiliklə bağlı mühazirə oxumağa dəvət edib.

ADU-nun Mətbuat Xidməti


ADU-nun rektoru Kamal Abdulla Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb

ADU-nun rektoru Kamal Abdulla Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb

ADU-nun rektoru Kamal Abdulla Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb

Oxşar xəbərlər