“Düşdü bütün qəzetlər hörmətdən ay can, ay can!”
M.Ə.Sabir
Deyirlər, böyük rus şairi V.Mayakovski səki ilə yox, həmişə şose ilə gedərmiş. Və deyərmiş ki, şairəm, məni maşın vura bilməz! Doğrusu, deyə bilmərəm bu, lətifədir, yoxsa, olmuş bir həqiqət. Amma onu bilirəm ki, vaxtı ilə şairin, yazıçının, jurnalistin, ümumiyyətlə, yazı-pozu adamlarının, söz-sənət sahiblərinin xalq arasında xüsusi yeri, hörməti, şərəfi olub.
Insan istəsə hər bir sənətə, peşəyə yiyələnə bilər, amma söz sahibi olmaq heç də asan məsələ deyil. Dahi Füzuli insan və sözün qiymətini belə vermişdi: “ Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim, insan kövhərində isə sözdən bahalı cövhər tapmadım”.
Sözün dərəcəsi və rütbəsi haqqında çox yazılıb, çox deyilib. Bu barədə xalq arasında da belə bir anlam var: “Adamı geyiminə görə qarşılayıb, danışığına görə yola salarlar”. Yazılan hər söz tarix olub, nəsildən-nəsilə keçib, qərinələr, əsrlər adlayıb, yaddaşlara köçürülübdür. Hər kəsi, hər kişini sözünə görə tanıyıb, qiymət verib, hörmətini saxlayıblar. Xalq arasında “sözü bütöv”, “sözünün yerini bilən”, “yersiz söz işlətməyən” deyimlər beləcə yaranıb...
Təəssüflər olsun ki, bu gün dahi Sabirin dediyi kimi təkcə qəzetlər yox, söz özü hörmətdən düşüb. Əsl söz sənətkarları boşboğazların kölgəsində qalıb. Bu zəmanənin “keçid dövrünün” hələ də keçib qutara bilmədiyimiz bazar iqtisadiyyatının bəlasıdırmı, deyə bilmərəm? Hər şeyi zəmanənin ayağına yazmaq, onu günahlandırmaq da bəlkə insafsızlıq olardı. Düzdür tarixi şəxsiyyətləri tarix yetişdirir deyiblər. Hər birimiz tarixi şəxsiyyət olmasaq da, bir fərd kimi bu cəmiyyətin üzvüyük və cəmiyyət də bizi formalaşdırır. Uşaq valideyinindən çox, zəmanəsinə oxşayır,- deyəni də var. Cəmiyyətdən, zəmanədən və həyatın bəzən yazılmamış qanunlarından isə kənarda qalmaq mümükün deyil. Sovetlər ölkəsi dağılandan sonra ilk müstəqillik əldə edən ölkələrdən biri də Azərbaycan oldu. Azadlıq, müstəqillik əldə etdik, söz demək, mitinq keçirmək, mətbuat azadlığı və sair, və ilaxır azadlıqlar sahibi olduq. Sovetlər ittifaqından necə cana doymuşduqsa, bütün hər şeyin üstündən qara bir xətt çəkdik. Qurub yaratmaqdan çox, dağıtmaqda mahir olan bizlərin başı necə də sovet mirasını pay-püşün edib bölüşdürülməsinə qarışdısa halal torpağımızı qoruyub saxlaya bilmədik, İrəvanlı qonşularımıza “hədiyyə” elədik...
Deyirlər Əfqanıstanda odunu kiloqramla satırlar. Bir zaman İrana, Türkiyəyə, başqa ölkələrə qəpik qiymətinə danışıb satılan, talan olunan sərvətlərimizə vaxt gələcək özümüzə qızıl qiymətinə başa gələcək. Vaxt gələcək, onsuz da xalqa heç bir dəxli olmayıb, amma xalqın sərvəti hesab olunan “qara qızılı” özümüz çıraqla axtaracağıq. Milli sərvətinin bu dərərcədə talançılıqla tayı-bərabəri olmayan bizləri dunyanın heç bir xalqı, ya da ölkəsi ilə müqayisə etmək mümükün deyil. Gəlin etiraf edək ki, elə söz özü də heçnə ilə əvəz olunmayan milli sərvətdir. Əgər sözə hörmət yoxdursa, danışılam, deyilən və yazılanlar, hətta cəfəngiyyat olsa belə qulaq ardına vurulursa, o ölkədə heç qayda-qanundan, düzlükdən, qanunların aliliyindən danışmaq mümkün deyil. Bəlkə də bu qəzet bolluğu elə məhz sözün hörmətdən düşməsinə, bununla yanaşı həm də deyilən və yazılan həqiqətin məhvinə xidmət edir, özü də düşünülmüş şəkildə!?
Rahat kef çəkib, xudmani yaşamağın ilk növbədə yolu sözü hörmətdən salmaq, deyilənlərin, yazılanlarln boş cəfəngiyyat olduğunu cəmiyyətdə formalaşdırmaqdır. Dəvə pambığa giribsə, elə bilir heç kəs onu görmür. Demokratiyanı anarxiyaya, hərc-mərciyə döndərib, xalqı azadlıqdan, müstəqillikdən çimkindirən bu iyrənc siyasət, bu boşboğazlıq, yoxsa bir amilə xidmət edir. Millətin başı qarışsın, heç nədən, heç kəsdən xəbəri olmasın. Səkkiz milyon əhalinin qəzeti olsun. Kim nə istəyir yazsın, nə istəyir desin və sair, və ilaxır.
Bu gün qəzet qeydiyyatdan keçirən mətbuat sahiblərinin nəinki jurnalist təhsili və təcrübəsi, bəlkə də orta təhsili belə yoxdur desəm, yanılmaram. Axı, xalqın gözü tərəzidir, xalqa haqq sözünü kim deyəcək? Belə adamların söz deməsi elə cəmiyyət quruculuğu üçün əvəzsiz bir şeydir. Indi Azərbaycan nəşriyyatında katibədən tutmuş anbar müdirinə, adi elektrikdən tutmuş, keçmiş kolxoz sədrlərinə qədər hərənin bir qəzeti var.
Bu sahədə biz mətbuat haqqında yazılan qanunlarımıza və bütün bunları rəsmiləşdirib qeydiyyatdan keçirən Ədliyyə Nazirliyinə “təşəkkür” etməliyik. Bu gün qeydiyyatdan keçirilən qəzetlərin təkcə adlarına nəzər salsaq, mənə elə gəlir ki, heç şərhə ehtiyac qalmayacaq... Bu rəsmiləşdirməni aparan məmur qəzet sahibinin mətbuata aidiyyatı olmayan bir adam olmasını bilsə də, heç olmazsa qəzetin adın fikir verə bilərdimi? Bir-birini təkrarlayan bayağı, mənasız adlar altında çap olunan bu məcmuələr cəmiyyətə nə verəcək görəsən?
Günü-gündən göbələk kimi artan qəzetlərin bir səbəbkarıda idarələrdə əyləşib xalqın varını-dövlətini talayan məmurlardır. Mən inana bilmərəm ki, hazırki bu çətin şəraitdə öz halal məvacibini kiməsə verən və ya bağışlayan olsun. Belə qəzetlərdə məhz həmin adamların yığdıqları çirkli pullar hesabına maliyyələşir. Qəzet açıb, asan yolla qazanc əldə edən bəzi üzdəniraq şərəfsizlər millətin qız-gəlinlərinə vəsiqə verib küçələrə salırlar. Nə edirsən et, amma pul gətir... Qoy heç kəs məndən inciməsin, öz ailəsinin qədrini bilməyən özünə, şəxsiyyətinə hörmət etməyən heç vaxt başqalarına hörmət edə bilməz. Bu qız-gəlinləri küçəyə salıb əxlaq pozğunluğa şərait yaradan adamlar nə vaxtsa xalqın qəzəbinə tuş gələcəklər.
Bəli, çirkin əməllərlə məşğul olub, sənəti, mətbuatı, jurnalistikanı hörmətdən salan, ucuzlaşdıran, özünə, soyadına hörmət qoynayan adanlar bu gün ən böyük cəzaya layiqdirlər. Öz ata-babasını tanımayanlar indi kiminsə atasından, babasından kitab yazır. Söz yox ki, məntiqsiz, məzmunsuz bu cızma-qaralar həmin “yazıçılar”la da dəfn olunacaq. Amma tarixi, ədəbiyyatı, sənəti alış-veriş mənbəyinə çevirmək, qazanc mənbəyinə döndərmək olmaz. Bu gün əsl söz, sənət sahibləri kənarda qaldığı halda, xalqın sərvəti hesabına harınlaşanlar şair yazıçı olub sevgi romanları “yazırlar”. Söz, sənət xəzinəsində dəlləklik eyləyən bu adamların təbii ki, nə vaxtsa gələcək nəsil başlarını qırxacaqdır...
Bu günlərin söhbətidir. Yolum bir alim dostumla 7-ci mikrarayondakı 11 saylı İslah Əmək Müəssisəsinə düşmüşdü. Açığı yanımdakı tanışımın müəssisənin rəisi Oqtay müəllimi tanıdığını hiss etdim. Mənə müraciət etdi ki, fasilədir, deyirlər rəis indi həyətdəki iş otağına gələcək. Bəzi şikayəti, soz-sohbəti olan adamları dinləmək üçün. Nəhayət, rəis gəldi. Mən də tanışımla bərabər salam verdim. Ilk sualı bu oldu:
__ Jurnalist, qəzetçi, yoxsa... Elə bunu deyib soldakı qapını açdıq, otaqda əyləşən bir neçə qıza müraciətlə:
__Vallah, ta mən bu gün söküldüm. Düz üç qrup jurnalist yola salmışam. Ciblərimdə də nə var idi, onlara verdim. Baxın, görün çantanızda nə var, yığın, bunlara verin.
Öz –özümə düşündüm ki, insan üçün bundan təhqiredici söz ola bilməz. Yerimdə donub qaldım. Əvvəla, söhbət nə puldan, nə də jurnalistikadan gedirdi. Ikinci, nə üçün elə jurnalist adı çəkilən kimi belə məmurlar pulu nəzərdə tuturlar. Üçüncü, nə üçün Oqtay müəllim jurnalistə pul paylamalıdır? Bəyəm o, öz halal maaşını paylamaqla məşğuldur. Onu jurnalist qarşısında gözükölgəli edən nəditr ki, o, hər gələnə pul verməlidir. Daha sonra Oqtay müəllimin etikası olsaydı, qonağı belə qarşılayıb təhqir etməzdi. Bizim gözəl jurnalistlərimiz də var. Və bir də ki, bəyəm jurnalist o dərəcədəmi aşağı bir adamdır ki, o, müəssisə rəhbərinə salam verib, maraqlandığı, onu düşündürən məsələni soruşmasın. Bu dərəcədə hörmətsizlik heç cürə bağışlanılası deyil.
Utanmaq olmaz ki, hər yazılan, hər deyilən söz, hər bir mətbu orqanı ümumilikdə tarixin səlnaməsidir. Bizim bu gün yazdıqlarımız gələcək nəsillər üçün bir tarixdir. Heç bir təhsili olmayan, auditoriya görməyən, zəkası, ağılı belə olmayan, cəmiyyətdə, həyatda öz yerini bilməyən bəzi üzdəniraq adamlar mətbuat sahibi, qəzet redaktoru olublar, xalqa, cəmiyyətə. Mətbuat anlayışı belə olmayanlara, jurnalistlərə “dərs” verirlər.
Mavi ekranlarda çıxıb cəmiyyətə ağıl dərsi verənlər unutmamalıdırlar ki, tərbiyəçinin özü ilk növbədə tərbiyəli olmalıdır. Mətbuatdan danışanlar bilməlidirlər ki, heç vaxt mal həkimi kosmos, peyk cihazı barədə danışa bilməaz. Deyirlər, insanın dəyəri başqalarının onu qiymətləndirdiyi qədərdir. Bəs görəsən bu gün cəmiyyətdə 4-cü hakimiyyət hesab olunan mətbuatı, jurnalistikanı necə qəbul edir? Bu suala birmənalı və mübağiləsiz cavab vermək olar: çox pis, mənfi. Cəmiyyətdə isə bu fikiri formalaşdıran məhz jurnalistikaya, mətbuata heç bir aidiyyatı olmayan, bu sənət hesabına dolanıb həyatda baş girələyən, qəzet açan uzdəniraq redaktorların payladıqları saysız-hesabsız vəsiqələridir.
Deyirlər, güzgüdə hər şey tərsinədir, lakin güzgüsüz biz özümüzü də görə bilməzdik. Mətbuatda da həyatın, cəmiyyətin güzgüsüdür. Amma təsuflər olsun ki, bu güzgü başqa əllərdədir. Odur ki, bu cəmiyyət güzgüdə, güzgü də cəmiyyətdə ləkəli görünür. Ləkəli görünəndəsə, güzgünü sındırmağa ehtiyac yoxdur, sadəcə onu silmək, təmizləmək lazımdır. Biz bu gün mətbuatın, jurnalistikanın üstündən xətt çəkməyi yox, onu bu hala salanları silib mətbuatdan atmağı qarşımıza məqsəd qoymalıyıq, əksinə görünməyəcəkdir.
Sokrat deyirdi: “Danış ki, mən səni görə bilim”. Insan danışmağı ilə tanınır. Cəmiyyəti aldatmaq çox çətindir. Xalqımız ağı-qaradan seçməyi həmi.ə bacarıb və bacarır. Təkcə bir günləri ilə yaşayıb, sadəcə jurnalistikanın adına ləkə gətirən adamlar bu gün olmasa da, sabah qara ləkə kimi silinib atılacaqlar.
Və dördüncü hakimiyyət hesab olunan mətbuat nə vaxtsa öz missiyasını layiqincə yerinə yetirəcək. Mən inanıram ki, bu yazını oxuyan hər bit mətbuat təəssübkeşi mətbuatın harayına hay verəcək. Mənə elə gəlir ki, bu, hələ başlanğıcdır. Sonun olmasına isə çox qalmayıb. “Çalxalandıqca, bulandıqca zaman, yağı yağ üstə gedər, ayranı ayranlıq olar,”- deyən əvəzsiz şairimiz Sabirin bu müdrik beytindəki həqiqətlər nə vaxtsa çin olacaq. Mətbuatda sözünün yerini bilən, mətbuatda adını, şərəfini yüksək tutan jurnalistlər işləyəcək. Mən buna inanıram.
Əkbər Hüseynzadə
“Təzadlar qəzeti”
13.06.2003
“Təzadlar qəzeti”
13.06.2003