Azərbaycanın dövlət müstəqilliyi ən böyük sərvətimizdir

Azərbaycanın dövlət müstəqilliyi ən böyük sərvətimizdir Oktyabrın 18-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə bu ali təhsil ocağının rektoru İlham Mədətov müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu vurğulayıb. Azərbaycanın dövlət müstəqilliyinin ən böyük sərvətimiz olduğunu qeyd edən rektor deyib: “Tale elə gətirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci tarixi imkan isə 70 ildən sonra yaranıb. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub”.
ATMU-nun ictimai fənlər kafedrasının müdiri İbrahim Əliyev, dosent Məhərrəm Zülfüqarlı, müəllim Bünyamin Qənbərov və başqaları bildiriblər ki, dövlət müstəqilliyimizin bərpasından sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşib. Lakin ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə yenidən qayıdışı sayəsində müstəqilliyimiz, dövlətimizin siyasi və iqtisadi sütunları möhkəmlənib. Eləcə də milli mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində mühüm addımlar atılıb. Son 26 ildə ölkəmiz genişprofilli inkişaf strategiyasına görə nəinki regionda, dünya iqtisadiyyatının bəzi istiqamətlərində lider mövqeyə sahiblənib.
Diqqətə çatdırılıb ki, ixtisaslı və peşəkar kadr hazırlığı sahəsində uğurlu fəaliyyətini davam etdirən ATMU müstəqilliyimizin möhkəmlənməsində vətəndaş mövqeyini daim qoruyub saxlayacaq.

UNEC-in Mətbuat xidməti


Oxşar xəbərlər