“Uzaq və yaxın Polşa” kitabı ölkələrimiz arasındakı əlaqələrin inkişafına dəyərli töhfədir

“Uzaq və yaxın Polşa” kitabı ölkələrimiz arasındakı əlaqələrin inkişafına dəyərli töhfədir Oktyabrın 23-də Bakı Slavyan Universitetində (BSU) tanınmış yazıçı-publisist Rövşən Ağayevin “Uzaq və yaxın Polşa (Dalyokaya i blizkaya Polşa)” kitabının təqdimatı olub.
Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva nəşrin Azərbaycan ilə Polşa arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafına dəyərli töhfə olduğunu bildirib. Xalqlarımız arasındakı münasibətlərin tarixindən, bugünkü vəziyyətindən danışan rektor R.Ağayevin bu əsərində məhz həmin dostluğun tərənnüm olunduğunu vurğulayıb. O deyib: “Azərbaycan həmişə Polşanı yaxın müttəfiqi hesab edib. Sovetlər birliyinin süqutundan sonra əlaqələrimiz bərpa olunub. BSU-da Polşa Tədris-Mədəniyyət Mərkəzi, Varşavada isə Azərbaycan Mərkəzi fəaliyyət göstərir. Bir sözlə, tarixi əlaqələr hazırkı dövrdə də öz bəhrəsini verməkdədir. XIX və XX əsrlərdə Azərbaycanın Polşa ilə siyasi, iqtisadi, hərbi və s. sahələrdə əlaqələrinin qurulmasında ayrı-ayrı şəxslər də mühüm rol oynayıb. Bu sırada Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının və başqalarının adlarını çəkə bilərik”.
N.Əliyeva nəşrin Azərbaycan gənclərinin Polşanı tanımasında və sevməsində önəmli rol oynayacağını vurğulayıb.
“İrşad” Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev Azərbaycan-Polşa əlaqələrini yüksək dəyərləndirib, polyakların həmişə Azərbaycana doğma vətənləri kimi yanaşdıqlarını xatırladıb.
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” idarə heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatı Novruz Aslanov, Polşadan olan müəllim Pavel Frenets və başqaları əsərin bədii, siyasi məziyyətlərindən danışıb, povestin çox ciddi siyasi məzmuna malik olduğunu vurğulayıblar. Azərbaycan-Polşa münasibətlərinin tarixini dostluq və qardaşlıq tarixi kimi dəyərləndirən natiqlər ziyalılarımızın vaxtilə bu ölkəyə üz tutmalarının səbəbini polşalıların “şərqlilərə” xoş münasibətilə əlaqələndiriblər. Qeyd edilib ki, gənclər üçün xüsusi önəm daşıyan kitabın polyak dilinə tərcümə olunması vacibdir.
Diqqətə çatdırılıb ki, povestin əsas personajlarından olan Elmar polyak qızı İreni böyük məhəbbətlə sevir, həyatın çətinlikləri ona bu sevgini unutdura bilmir. Müəllif əsərində bu sevgini xalqlarımız arasındakı sevginin rəmzi kimi xarakterizə edib.
Sonda R.Ağayev tədbirin təşkilatçılarına və iştirakçılarına, nəşrin işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirib.

BSU-nun Mətbuat xidməti


Oxşar xəbərlər