Yunanıstan səfiri BSU-da qonaq olub

Yunanıstan səfiri BSU-da qonaq olub 21 noyabr tarixində Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos Bakı Slavyan Universitetində (BSU) olub. Qonaq əvvəl BSU-da fəaliyyət göstərən Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzində yunan dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb, onlarla dialoqa girib. Səfir burada keçdiyi həyat yolundan, diplomatik fəaliyyətindən. incəsənətə marağından söhbət açıb və gənclərə tövsiyyələrini verib.
Sonra səfiri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək, Yunanıstanla Azərbaycan Respublikası arasında bütün zamanlarda səmimi dostluq və qardaşlıq münasibətlərinin olduğunu bildirib. O, səfirin çoxillik diplomatik fəaliyyəti barədə məlumatlı olduğunu qeyd edərək, onun uzun zaman müxtəlif ölkələrdə Yunanıstanı təmsil etməklə bərabər, həm də istedadlı rəssam, sənət adamı olmasını da diqqətə çatdırıb.
Rektor Bakı Slavyan Universitetində Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini, burada 46 nəfər tələbənin qədim ellada xalqının dilini, tarixini, mədəniyyətini, etnoqrafiyasını öyrəndiyini deyib. N.Əliyeva Yunanıstanın tarixin ən qədim dövrlərindən öz alim və filosofları ilə, ədəbiyyat və incəsənət xadimləri ilə dünyada tanındığını vurğulayıb. O, Azərbaycanın orta və ali məktəblərində Homerin “İlliada” və “Odesseya” əsərlərinin tədris olunduğunu, hər zaman sevilə-sevilə oxunduğunu deyib.
BSU rektoru Azərbaycanın müstəqillik tarixinin bir o qədər də uzun olmadığını, bununla bərabər dünyanın aparıcı dövlətləri ilə bir cərgədə dayandığını söyləyib. O, BSU-nun Yunanıstan Respublikasının bir çox universitetləri ilə yaxın əlaqələrə malik olduğunu, tələbə -müəllim mübadiləsi apardığını, Yunanıstan səfirliyinin Bakı Slavyan Universitetində keçirilən “Səfir saat”larında fəal iştirak etdiyini nəzərə çatdırıb.
Rektor ötən bir çox ölkələrin səfirliklərinin Azərbaycanda fəaliyyətə başlamaları ilə bağlı yubiley tədbirlərini BSU-da keçirdiklərini deyib. O, Rusiyanın, Belarusun, Ukraynanın və digər ölkələrin prezidentlərinin Bakı Slavyan Universitetində qonaq olduğunu, tələbələrlə görüşdüyünü diqqətə çatdırıb.
Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyinin keçirmək istədiyi tədbirlərə ev sahibliyi etməyə hazır olduqlarını bildirən rektor həm də BSU-nun Yunanıstan universitetlərindən biri ilə beynəlxalq elmi konfrans keçirmək arzusunu dilə gətirib.
N.Əliyeva Azərbaycan xalqının sülhsevər, multikultural dəyərlərə sadiq olduğunu vurğulayıb və qeyd edib ki, dövlətimiz öz torpaqlarını hərbi yolla geri qaytarmağa qadirdir, lakin biz müharibə istəmədiyimizdən məsələni danışıqlar yolu ilə,qan tökülmədən həll etmək istəyirik.
Səfir Nikolaos Kanellos cavab nitqində Azərbaycanda olmasından şərəf duyduğunu bildirib. O, sentyabr ayından Bakıda olsa da, artıq Azərbaycan təhsilinin əsas prinsipləri ilə tanış olduğunu, onun mütərəqqi bir sistemi özündə ehtiva etdiyini qeyd edib.
Diplomat BSU-da 11 ölkənin mədəniyyət mərkəzinin olmasını yüksək dəyərləndirərək, həmin ölkələrin səfirlərinin BSU-da bir araya gələrək “Təhsilin gələcəyi-Azərbaycanın gələcəyi” mövzusunda bir dəyirmi masanın keçirilməsinin arzuedilən olduğunu vurğulayıb. O, bunu birbaşa səfirlik və ya BSU-da fəaliyyət göstərən Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi vasitəsilə etməyin mümkünlüyünü qeyd edib.
Görüş zamanı tədbirin əsas detalları da müzakirə mövzusu olub, onun fevral ayında keçirilməsi planlaşdırılıb. Səfir BSU rəhbərliyini öz ölkəsinə dəvət edib. O, məqsədinin həm ölkələrarası münasibətlərin daha da inkişaf etdirilməsi, həm də təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi olduğunu bildirib.
Görüşün sonunda BSU-nun rektoru qonağa hədiyyələr bağışlayıb. Səfir isə öz rəsm əsərlərindən ibarət kitabı universitet rəhbərliyinə təqdim edib.

BSU-nun Mətbuat xidməti


Yunanıstan səfiri BSU-da qonaq olubYunanıstan səfiri BSU-da qonaq olub

Oxşar xəbərlər