“Bu gün sevməsələr də, yarın sevərlər məni”

“Bu gün sevməsələr də, yarın sevərlər məni” Əlli üç illik həyatının çoxunu filoloji biliklərin öyrənilməsinə, tədqiqinə, təbliğinə sərf edən alim Azərbaycanda ədəbiyyatşünaslığın inkişafinda, ədəbiyyat tarixinin araşdırılmasında, Qərb-Şərq ədəbiyyatı və ədəbi şəxsiyyətlərin tanıdılmasında , sərbəst şeir yaradıcılığında, tərcüməçilik məharətinin nümayişində və nəhayət pedaqoji ustalıqda əvəzi olmayan yüksəkliyə ucalmış, yalnız təqdirlərin şirinliyini deyil, tənqidlərin acısını da dadmışdır.
Nədənsə, bu böyük eim-sənət fədaisi haqqında çox az yazılır, çox az söhbət açılır. Hansı ki, onun şəxsi keyfiyyətləri və yaradıcılıq irsi insan düşüncəsinin azad, milli müstəqilliyin bərqərar olduğu indiki zamanda daha çox gərəklidir, öyrədicidir.
Təqdirəlayiq haldır ki, şair və tədqiqatçı Teyyub Qurban “Həqiqət olduğu kimi” kitabında bir çox sirrli həqiqətləri açmış, M. Rəfili fenomenini tanıtmışdır. Kitabın təhlilinə keçməzdən əvvəl ən sevimli müəllimlərimdən olan böyük alim haqqında bəzi fikirlərini bildirmək istəyirəm.
Mənəvi sərvəzimizə çevrilmiş Mikayıl Rəfili yaradıcılığını səciyyələndirən əsaslar hansılardır? Əvvələn, orijinal, bənzərsiz şairliyi.
Rəfili beş şeir kitabının müəllifidir və bunları 1929-1936-cı illərdə nəşr etdirmiş, sonralar həvəs göstərməmişdir. “Pəncərə” adlı ilk şeirlər kitabı iyirmi dörd yaşında “Azərnəşr”də işıq üzü görmüşdür. 1930-cu ildə “Lirik şeirlər”, 1936-cı ildə isə rus şairi A. Tarkovskinin tərcüməsində şeir və poemalarından ibarət “Pesni o qorodax” kiatbı Moskvada nəşr olunmuşdur. O, şair olaraq şablon poeziya şərtlərindən həm məzmunda, həm də formada qaçmağa çalışmış və buna nail ola bilmişdi. Əgər xalq şairi Səməd Vurğun “Dürrənin səsi”, “Dilican dərəsi”,lərim, lərim və nələrim” deyərək bunları “ölən şeirlərim” adlandırmışdısa, şair miakyıl Rəfili atdığı poeziya addımının nə səmtini, nə də ahəngini dəyişməmiş, sadəcə, susmağa üstünlük vermişdir.
İkincisi,Mikayıl Rəfili istedadlı ədəbiyyatşünas alimdir. Onun ədəbi tənqidə, ədəbiyyat nəzəriyyəsinə, ədəbiyyat tarixinə dair Azərbaycan və rus dillərində yazılmış çoxlu məqalələri, kitabları öz dövründə mövcud elmi boşluğu doldurmaq, ədəbiyyatşünaslığı, ədəbiyyat tarixçiliyini inkişaf etdirmək, zənginləşdirmək baxımından çox böyük əhəmiyyət daşıyır. Həm də o, həmişə özünəməxsus olmağa, yeniliyə, orijinallığa səy etmişdir. Onun qələmindən çıxmış “Sərbəst şeir haqqında ilk söz”, “Mədəni ədəbiyyat yolunda”, “Ədəbi irsə diqqət”, “Nizami Gəncəvi”, “M. F. Axundov və siyasi-fəlsəfi görüşləri”, “Azərbaycan xalqının zəngin ədəbi keçmişini öyrənək”, “Midiya dövləti”, “Zülmət içində bir nur” (“Ölülər” pyesi haqqında), “Vis və Ramin” problemi”, “Nizami”, “M. F. Axundov”, “Mirzə Şəfi dünya ədəbiyyatında” və digər kitablarında, onlarla məqaləsində qaldırılmış problemlər bu gün də aktualdır və yeni araşdırılma həllini gözləyir. Eləcə də Avropa və rus ədəbiyyatına aid əsərləri oz yüksək elmi dəyərini saxlayan örnəklərdir. Yüz minlərcə oxucu onun əsərləri vaitəsilə fransız, alman, amerikan, rus ədibləri və onların əsərləri haqqında məlumat almışdır. A.Puşkin, M.Qorki, V. Mayakovski, A.Serafimoviç, T.Şevçenko, A.P.Çexov, N.V.Qoqol, L.Tolstoy, A.S. Qriboyebov, V.Hüqo, M.Servantes və digər dünya ədiblərinin fəaliyyəti, əsərləri haqqında ilkin elmi məlumat Azərbaycan ədəbiyyatşünaslığına Mikayıl Rəfili yaradıcılığından süzülüb gəlmişdir.
Üçüncüsü, Mikayıl Rəfili yüksək sənətkarlıq səviyyəəsində dayanan tərcüməçiliyi ilə Azərbaycan tərcümə ədəbiyyatına töhfələr vermişdir. Minlərlə gənc “Gülən adam”, “Səfillər”, “Madam Bovari” kimi şedevr əsərləri onun tərcüməsində oxumuşdur.
Dördüncüsü, Mikayıl Rəfili alovlu natiq idi. Azərbaycan və rus dillərində o qədər məzmunlu, təsirli danışırdı ki, onu dinləyən hər kəs natiqlik ustalığına valeh olurdu. Onun Nizaminin yubileyində, 1934-cü ildə SSRİ yazıçılarının birinci qurultayında və digər elmi yığıncaqlardakı nitqləri uzun müddət xatırlanan və yaddaşlarda iz salan mədəni hadisəyə çevrilmişdir.
Beşincisi, Mikayıl Rəfili təkcə şifahi nitqi ilə deyil, yazdığı əsərlərlə Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətini dünya oxucuları dairəsinə çıxara bilən alimdir. Onun yüz əlliyə yaxın məqaləsi və ondan artıq kitabı rus dilində Moskva və Bakı nəşrlərində sərhədləri aşmışdır. Bu qəbildən, xüsusilə «Низaми – эпоха, жизнъ, творчество» (1941), Мирза Шафи в мировой литературе» (1941), Низами Гянджеви и его творчество» (1947), «Нариман Нариманов – выдающийся революционер и писателъ» (1957), «М.Ф.Ахундов – жизнъ и творчество» (1957) kimi əsərlərini qeyd etmək olar.
Altıncısı,Mikayıl Rəfili böyük ürək sahibi, haqq və ədalət meyarlı ustad müəllim idi. Onu bu cəhətdən, sadəcə, səciyyələndirmək mümkün deyil. Ona görə də tələbəsi kimi xatirələrimi bölüşmək istərdim.
1955-ci ilin sentyabrı idi. V.İ.Lenin adına APİ-nin (hazırda ADPU) filologiya fakültəsinə yeni qəbul olunmuş tələbələr onlara dərs deyən müəllimləri haqqında yuxarı kursda oxuyanlardan məlumat alırdılar. Xüsusən də, semestr imtahanlarının necə keçməsinə bələdləşmək istəyirdilər.
Tələbələrin bəzisi professor Mikayık Rəfilidən ehtiyatlanırdılar. Çünki “onun imtahanından kəsilən çox olur”, – deyirdilər. İlk tədris ayları arxada qaldıqca, dərs aldığımız müəllimlərimizə o qədər isinişdik, o qədər doğmalaşdıq ki, onlardan hansınınsa dərsi boş keçəndə təəssüflənirdik. Kimlər idi onlar? Hər biri təkcə elm, sənət sahəsində deyil, ictimai fikirdə mövqeyi olan böyük şəxsiyyətlər: Mikayıl Rəfili, İsamyıl Şıxlı, Şıxəli Qurbanov, Əzəl Dəmirçizadə, Əhməd Kərədi Zəkuzadə, Əhməd Seyidov, Həmid Əliyev, Paşa Əfəndiyev…
İlk yarımilin sonunda ədəbiyyat nəzəriyyəsindən Mikayıl Rəfiliyə imtahan verməli idik. Hamı narahatlıq keçirirdi. Qrupdakı 25 tələbədən 18-i əla qiymət aldı. Anladıq ki, Rəfili ən obyektiv və ədalətli müəllimdir. O, Azərbaycan ədəbiyyatı tarixindən mühazirələrə başlarkən seminar məşğələlərini də öz öhdəsinə götürdü. Hamımız M.Rəfiliyə heyran olduq. Mühazirələrindən zövq alırdıq. Özünəməxsus pafosla hər hansı bir yazıçı, personaj haqqında elə obrazlı danışır, təhlil aparırdı ki, sanki, həmin insanları xəyalən görürdük, sevincinə, kədərinə bələnirdik.
1958-ci ilin martında Sovet ədəbiyyatı dərsində SSRİ yazıçılarının I qurultayından bəhs edilirdi. Danışdı, danışdı, geniş auditoriyanın sağ tərəfindəki birincə pəncərəyə yaxınlaşdı, həyətə boylandı, ani olaraq susdu, nə fikirləşdisə, dərindən nəfəs alıb, bizə tərəf döndü: “Cəfər Cabbarlı idi, S.Vurğun idi, …, mən idim. Heç birisi indi yoxdu dünyada, təkcə mən qalmışam”. Yenə bir anlıq susdu və sonra mühazirəsinə davam etdi.
Elə də olurdu ki, bir saatlıq mühazirədən sonra yenə pəncərə qabağına keçib həyətə baxa-baxa pafosla şeir deyərdi. Soruşardıq: “Professor, şeir kimindir?” Astaca: “Bir uşaq vardı, şeir yazardı”, – deyərdi. Biz anlamazdıq ki, o uşaq kimdir, çünki birinci, ikinci kursda M.Rəfilinin şairliyi, şeir kitabları haqqında məlumatımız yox idi. Sonralar öyrəndik ki, professor öz şeirlərindən deyirmiş.
Seminar məşğələlərində ona müxtəlif xarakterli suallar verərdik. Mühazirənin son beş dəqiqəsini isə o, bizə ya davranış, müraciət, geyim, yeyim etiketləri haqqında məlumat verərdi, ya da son elmi-texniki nailiyyələrdən söz açardı. Yadımdadır: bir dəfə dedi ki, texnika o qədər inkişaf edib, zamanı qısaldacaq ki, bizlər Bakıda səhər yeməyi yeyib, naharı Moskvada, şamı isə Bakıya qayıdıb, evimizdə edə biləcəyik.
Bəzən minik maşınlarının yeni modellərinin yaranacağından söhbət açır, özünün “Pobeda” maşınında Moskvadan Bakıya gəlişindən danışırırdı. Əgər mühazirələrində ədəbi-estetik aləmin sehrli dünyasına qapılıb, ədəbi fikir tarixinin, yazıçı şəxsiyyətinin, yaradıcılıq problemlərinin dünəni və bu gününü öyrənirdiksə, bu cür söhbətlərində isə sabahı, gələcəyi qavrayırdıq.
M.Rəfilinin seminar məşğələləri bizim üçün əsl yaradıcılıq işinə çevrilirdi. Özünün xüsusi tədris metodu vardı. Seminar məşğələləri mühazirəsində verdiyi nəzəri biliklərin praktik tətbiqinə çevrilirdi. Və bunu tələbələr yerinə yetirirdilər. Seminarda bütün tələbələr fəal iştirak etmək məcbiriyyətində qalırdılar. Sonralar aydınlaşdıra bildim ki, o, tələbələrə tədqiqat bacarıqları aşılamaq, disskussiya yaratmaq, nöqteyi-nəzərləri qarşılaşdırmaq, elmi-nəzəri hazırlığa söykənən müstəqil, sərbəst fikir söyləmək, mühakimə apara bilmək vərdişləri aşılamaq istəyirmiş. Onun metodikası belə idi: tələbələrin hazırlaşacaqları mövzunu bütün sinfə bildirirdi. Məsələn, Mirzə Şəfi Vazehin həyatı və yaradıcılığı. Tələbələrdən bir nəfəri bu mövzu üzrə geniş hazırlaşmalı və yarım saatlıq məruzə etməli idi. Bu tapşırığı konkret şəxsə verirdi. İki nəfər isə məruzəyə təhlili münasibət bildirmək üçün hazırlaşmalı idi. O şəxslər də konkret tapşırıq alırdılar. Qalan 22 nəfər isə sual verənlər və ümumi çıxışçılar olurdu. Suallar, əsasən məruzəçiyə verilirdi, çıxışlar bütün prosesə aid olurdu. Sonda professor özü ümumiləşdirmə aparır, tələbələrin hazırlıq və şərh səviyyəsini, diskussiya aparmaq bacarığını dəyərləndirir, məsləhət verirdi. Yadımdadır, mənə də “N. Cəncəvinin “Xosrov və Şirin” əsərində Fərhad, Xosrof v və Şirin surətlərinin təhlili” mövzusunda seminar məruzəsi tapşırmışdı. Hər bir məruzəçi belə mövzularda ədibin yaradıcılığını öyrənməli, elmi məruzə obyekti olan əsəri mükəmməl oxumalı, müvafiq tədqiqat əsərləri ilə tanış olub, deyilmiş elmi fikirləri qruplaşdırmalı və öz şəxsi fikrini bildirməli idi. Mən də bu yolla getdim. Hətta Rəfilinin 1939-cu ildə nəşr olunmuş “Nizami” kitabçasını da M.F.Axundov adına kitabxanada tapıb, oxudum. Məruzəmdə M. Rəfilinin də bir fikrinə tənqidi münasibət bildirdim. Seminarı yekunlaşdıranda professor mənim tənqidimə cavab verdi. Mənim ilk elmi-tədqiqat yolum M.Rəfilinin seminarlarından başlayıb. İlk elm müəlliminin professor Mikayıl Rəfili olub,- desəm, haqqa sadiq olaram.
APİ-nin tələbə şairləri, ədəbi tənqidə meyilli ədəbiyyat həvəskarları vardı. Mən də bunalrın içində idim. O zaman yeni nəşr olunmuş bir roman haqqında ədəbi-tənqidi qeydlərimi yazmışdım. Seminardan sonra professora yaxınlaşıb, yazımı ona göstərdim və dedim ki, redaksiyaya təqdim etmək istəyirəm. Rəfili yazını sürətlə nəzərədn keçirdi, özümə qaytarıb dedi: “Çap olunmağa tələsmə. Sən hələ ikinci kursdasan. Ola bilsin ki, gələcəkdə müəyyən mövqe sahibi olasan. Sən dəyişəcəksən, yetişəcəksən, kamilləşəcəksən. Amma imzan necə varsa, elə də qalacaq. Səni II kursda yazdığın həmin yazıya görə mənim kimi tənqid edərlər”. Onun bu məsləhəti mənə həm öyüd oldu, həm də tələbə marağıma səbəb: “Rəfilini, görəsən, niyə tənqid edirlər?”
“Kirpi” jurnalında Rəfilinin qoltuğuna xoruz verildiyini oxumuşdum, görmüşdüm. Rəfili dühasının şahidi olduğum üçün onun, əslində, tənqid olunduğunu deyil, kimlərinsə ona pislik etmək niyyətinin bu felyetonda qabardıldığını güman edirdim. Çünki mənə, onun bütün tələbələrinə bəlli idi ki, M.Rəfili tariximizi, fəlsəfi fikrimizi, bir neçə dili, ədəbiyyatımızı və dünya ədəbiyyatını dərinliklərinə qədər bilən, sevən, ehtirasla tədqiq və təbliğ edən dahi insandır. Bizə elə gəlirdi ki, onu tənqidə tutanlar onunla tən gələ bilmədikləri üçün, onun imicini qəsdən endirmək arzusu ilə belə edirlər…
M.Rəfili ədəbiyyat nəzəriyyəsi kimi, bəzilərinin “quru” hesab elədiyi, fənni də coşqunluqla, həvəslə, maraqla tədris edirdi. Onun tədris metodikasının mərkəzində tələbələrin ədəbiyyat nəzəriyyəsinə aid biliklərini sərbəst gətirdikləri misallarla nümayiş etdirə bilmələri dayanırdı. Bir dərsdə bədii əsərdə ricət haqqında məlumat verdikdən sonra gələn seminarda hərənin bədii əsərlərdən ricət nümunələri gətirməsini tapşırdı. Tapşırığın icrasını soruşarkən tələbələrdən biri, səhv etmirəmsə, o zaman gənc şair olan Davud Ordubadlıdan belə nümunə çəkdi:

Bəzəyi versəydi gözəl geyimlər,
Söyüd ağacının nə dərdi vardı?
Ağıl panamada olsaydı əgər,
Göbələk ən məşhur alim olardı.


Hamımız alqışladıq. Amma professor ciddi görkəmini pozmadı. Hiss elədik ki, tam razı qalmadı. Amma niyə razı qalmadı, analamadıq.
Onu da qeyd edim ki, bizimlə hər bir məsələ ilə əlaqədar səmimi söhbət apardığına ğörə onunla aramızda tam səmimiyyət, sərbəstlik, azadlıq vardı. Ona görə də onun tam razı qalmamasına etirazımızı bildirdik. O, aramla dedi:
– Mən sizinlə şərikəm, müəlllif poemasında məzmunla səsləşən çox gözəl ricətə yol verib. Amma mən istərdim ki, siz edəcəyiniz nümunələri S.Vurğundan, S. Rüstəmdən – bu cür görkəmli şairlərdən gətirəsiniz. Misal çəkdiyiniz şairin bugünkü örnəyi yaxşıdır, amma sabah necə olacaq, hələ bu, bəlli deyil, əvvəlcə zamanın təsdiqlədiklərini öyrənək, sonra yeniləri ilə tanış olarıq.
Professor S. Vurğunun adını çəkəndə və ona böyük bir sənət ehtiramını nümayiş etdirəndə, məzəli danışan, məzəli suallar verən bir tələbə yoldaşımız “professor, olarmı sizə bir sual verim?” – dedi.
– Buyurun, buyurun, – cavabını eşidən kimi tələbə ayağa qalxıb şəstlə dilləndi:
– Professor, S.Vurğun bir şeirində sizin “nəşədir yaşamaq, nəşədir həyat” sözlərinizi epiqraf verir. Sonra da şeirində yazır ki, “yalandır həyatı nəşədə duymaq, yalandır həyata nəşədən uymaq”. Bizə yaradıcılığını örnək gətirdiyiniz S. Vurğun haqlıdırmı?
M.Rəfili tələbənin üzünə baxdı. Nə üçün belə baxdı, nə sezdi, mən onu deyə bilmərəm. O yadımdadır ki, professor azacıq gülümsədi və elə təbəssümlə dedi:
-O zaman həyatı nəşəli saymağı yuxarılar qadağan eləmişdi. Səməd də görünür, mənim nəşə sözümü bəzilərinin çəkdiyi “nəşə” kimi başa düşüb, ona görə elə yazıb.
Azacıq pauza verib, ciddiyyətlə:
-Görünür, siz mətbuatı izləyirsiniz, onunla mənim aramda anlaşılmazlıq var. Bu, bizim şəxsi münasibətimizdir. Mən onun yaradıcılığına pərəstiş edirəm. Şəxsi münasibət ziddiyyətləri silinəcək, amma tarixdə yaradıcılıq qalacaq. S. Vurğun böyük şairdir, – dedi.
M.Rəfili əlçatmaz olduğu qədər də sadə və səmimi idi. Ədaləti, haqqı, elmi həqiqəti Allah qədər sevirdi. Elm, sənət zirvəsində dayanan bu dahi şəxsiyyət qüdrətli, əzabkeş sənət fədaisi olanlarla nəfəs alır, onları gənclərə tanıtmağa çalışırdı.
… Yüz nəfərlik birləşmədə tələbələrlə auditoriyada əyləşib, müəllimimiz M.Rəfilini gözləyirdik. Bizə ədədbiyyat nəzəriyyəsindən növbəti mühazirəsi olacaqdı. Qapı açıldı, M.Rəfili başı daz, ağ, yumrusifət siması olan yaşlı bir kişi ilə içəri girdi. Vaxtı itirmədən sözə başladı.
-Bu gün mən sizə əruz vəzni haqqında məlumat verməliyəm. Amma əruz bilicisi Əkrəm Cəfər dura-dura mənim o barədə danışmağa haqqım yoxdur. O, özü də keçib bizim sırada əyləşdi. Əkrəm Cəfərov mühazirəyə başladı, nə başladı. Nə qədər təsirli, xoşagələn səsi, musiqili avazı, aydın diksiyası vardı! Rəməl, səri, münsəri və s. bəhrləri izah edə-edə M.Ə.Sabirdən, M.Fizulidən və digər şairlərdən gətirdiyi misallarla, sanki, sehrli bir aləm yaradırdı. Beləcə, növbəti dərsdə də M.Rəfili bizimlə birlikdə Əkrəm Cəfər sehrindən zövq aldı. Əkrəm Cəfər məharətinə vurulduq. M.Rəfilidən xahiş etdik ki, o da bizə dərs desin. Sən demə, Ə.Cəfər APİ-də işləmirmiş, Akademiyada çalışırmış. Həm də öyrəndik ki, repressiya qurbanlarından olan bu istedad, canlı ensiklopediya həbsdən iki il öncə azad olub, bəraət alıb.
Növbəti dərsdə yeni mövzuda mühazirəsini oxuyandan sonra, M.Rəfilini dövrəyə aldıq. Bircə xahişimiz vardı: necə olursa-olsun Əkrəm Cəfər bizə dərs desin. M.Rəfili dərs yükünün olmadığını, Ə.Cəfərin APİ-də işləmədiyini və digər səbəblərlə bu işin çətinliyini bizə anlatdı. Ancaq çıxış yolunu bizə öyrətdi. “Rektorun adına ərizzə yazın, – dedi, – mən kafedra müdirliyimdən istifadə edib yanvardan sonra ona saathesabı bir az dərs düzəldərəm”.
Biz öz xahişimizi rəsmi olararaq rektora çatdırdıq. Rəfili də verdiyi sözü yerinə yetirdi. Amma bir qaranlıq məqam var idi. Əkrəm Cəfər bir qoşa saat üçün razılıq verəcəkdimi? Bunu da M.Rəfili həll elədi. İstəyimizi ona çatdırdı və xahiş elədi ki, gənclərin arzusunu yerinə yetirsin. Beləliklə, Qədim abilər dili fənnindən müəllimimiz Əkrəm Cəfər oldu. Orxon-Yenisey abidələrini və digər qədim mətnləri nə qədər böyük həvəs və vurğunluqla öyrədirdi.
1957-ci ilin payızı idi. Sevimli müəllimimiz və istedadlı yazıçı İsmayıl Şıxlı ədəbi yaradcılıq dərnəyinə rəhbərlik edirdi. O, bizə bildirdi ki, professor sizin yazılarla maraqlanır, gələn həftə sizi dinləməyə gələcək. Doğrudan da, belə oldu. Dərnək otağına iki sənətkar birlikdə daxil oldu. Tələbələrdən kimisi şeir, kimisi esse, kimisi rəy oxudu. Oxunmuşların təhlilinə varılmadı. M.Rəfili beləcə dedi: “Sizi dinlədim, sizinlə danışa bilərəm”. Sonra o, N.Nikmətin yaradıcılığından, şəxsiyyətindən, iyirmi beş il həbsdə olmasından, ayrı-ayrı şeirlərindən, 1920-ci illərdə Bakıda nəşr olunmuş “Günəşi içənlərin türküsü” kitabından, gənclik yaşlarında Moskvada birlikdə olmalarından söz açdı, sonra dedi ki, “Nazim bu yaxınlarda Bakıya gələcək, istərdim ki, onunla ona həsr etdiyiniz şeirlərinizi oxuyasınız. Bir həftə sonra yazdıqlarınızı dinləyəcəyəm”, – deyib getdi. O, dediyi kimi də etdi. Şeirləri dinləyib, məsləhətlər verdi və hamısının oxunmasına razılığını bildirdi.
Nazim Hikmətlə keçirilən o görüş gecəsini heç cür unutmaq mümkün deyil. Pedaqoji İnstitutun böyük akt zalında xüsusi ehtişam, təntənə vardı. Rəyasət heyətində M.Rəfili N.Hikmətlə yaanaşı oturmuşdu. O, necə sevincli, nəşəli idi!!!
…O gecənin ən təsirli məqamlarından biri Nazim Hikmətin şeir oxuması oldu. O qədər ürəyəyatımlı səsi vardı ki, dinləyənə ən gözəl musiqi təsiri bağışlayırdı.
Nazim Hikmətin Bakıya gəlişi ilə əlaqədar M.Rəfilinin poeziya yaradıcılığı ilə də tanışlıq tapa bildik. Nazim Moskvaya qayıtdı. Amma biz tələbələr Mikayıl Rəfili sevgisinə Nazim sevgisini də qatmşdıq. Hər ikisinin yaradıcılığını həvəslə öyrənirdik.
Kaş o gün 1958-ci ilin 25 apreli olmayaydı.
Həmin gün kəsiri olan tələbələr M.Rəfiliyə imtahan verməli idilər. Bir qrup Rəfilisevər tələbə hər gün onu saat 12-də 2-ci mərtəbədə dəhlizin başında qarşılayıb, kafedraya qədər yola salırdıq. Həmişəki kimi biz professorla dəhlizin başında saat 12:00-da qarşılaşdıq, salamlaşdıq, nəzərlərimizlə kafedrasına qədər ötürdük. Sonra eşitdik ki, professor imtahanı yarıda kəsib, evinə gedib və deyib ki, “qalanlardan imtahanı sabah götürəcəyəm”.
Aprelin 26-da saat 12:00-da onu qarşılamaq üçün ikinci mərtəbədə dəhlizin başına toplaşdıq. Professor görünmədi, bir saat keçdi, gəlmədi. Xəbər gəldi ki, dünən yatağında ikən dnyasınıı dəyişib…
Bütün tələbələr yas içində idi. Bu acı xəbər hamını sarsıtmışdı. Professorun cənazəsini N.Hikmətlə görüş keçirilən həmin akt zalına gətirdilər. Hamı: müəllimlər də, tələbələr də onunla vidalaşırdılar. Fəxri qaraulda dururdular. İnstitutun radio qovşağı bütün günü matəm ruhu yayırdı. Tələbələr Rəfiliyə həsr etdikləri şeirlərini, ölümünə ağılarını oxuyurdular və bütün bunları İsmayıl Şıxlının ümumi rəhbərliyi ilə mən təşkil edirdim.
Nə qədər ağır olsa da, M.Rəfilini əbədiyyət dünyasına yola saldıq. Amma onun yoxluğuna dözə bilmirdik. Evində 40 gün yas mərasimi keçirildi. Vəfatının 7-ci və 40-cı günü küçirilən yas mərasimində iştirak etmək institutun bütün tələbələri adından mənə həvalə edilmişdi…
Bənzərsiz istedad sahibi, görkəmli alim, şair, tərcüməçi, ustad müəllim kimi tanıyıb-sevdiyim o böyük şəxsiyyətin əbədilik dünyasına köçməsindən aprelin 25-də 60 il keçir. Anadan olduğu gün həyatla vidalaşmağın özü də qəribə, qeyri-adi taledir. Bu da Rəfilinin qismətinə düşdü…
Ildırımı andıran böyük Rəfili ömrü haqqında çox maraqlı roman yazmaq olar. Qeyrətli tədqiqatçı alim, sərrast qələm sahibi, Rəfili tədqiqatçısı Nazif Ələkbərli (Qəhrəmalı) bu şərəfli işin öhdəsindən əgər dünyasını dəyişməsəydi layiqincə gələ bilərdi. Rəfilinin “Görkəmli adamların həyatı” seriyasından yazdığı “M.F.Axundov” kitabı necə qiymətlidirsə, eləcə də Rəfili dünyaından bəhs edən əsər oxucuların qəlbində onun Prometey bənzərli heykəlini ucaldardı.
Nə yaxşı ki, Teyyub Qurban yeni kitabı ilə M.Rəfilinin həyatının müəyyən məqamlarını, iztirablarını faktlarla əks etdirərək onun gizlinlərə sığınan həqiqətlərini ortaya qoydu və bir çox mətləbləri aşkarladı.
Bir daha qeyd etmək istərdim ki, ən çox sevdiyim müəllimlərimdən olan professor Mikayıl Rəfilinin istedadı, çoxsahəli qabiliyyət imkanları, sovet şablonundan kənar tədqiqat əsərləri, az rast gəldiyimiz şeirləri, ana dilimizin şirəsindən cövhərlənmiş tərcümə əsərləri, Azərbaycan və rus dillərində natiqlik məharəti onu tələbələrinin əsrarəngiz məhəbbətini qazanmış insana çevirmişdi. Bununla yanaşı, ötən əsrin 50-ci illərinin tələbələri M.Rəfilinin haqsız hücumlara, tənqidlərə məruz qaldığını da bilirdilər. Əfsanəyə çevrilmiş M.Rəfili şəxsiyyəti o zamankı açıq fikirli insanların maraq dairəsində idi. Bəzən bu insanlar özlərinə verdikləri “nə əcəb M.Rəfilini indiyədək həbs etməyiblər” sualına cavab axtarırdılar. Amma cavab tapa bilmirdilər. Çox uzun illərdən sonra bu cavab bəlli oldu. Bəlli oldu ki, təzyiqlərdən əzablara düçar olan Mikayıl Rəfilini onu sevməyənlərin əlindən o zaman Azərbaycan K (b) P MK katibi olan M.C.Bağırov xilas edib.
Maraqlı cəhət burasıdır ki, M.C.Bağırov da həyatı əfsanəyə çevrilmiş insanlardandır. Onun da haqqında mənfi fikirlər söyləyənlər, hətta”cəllad”, “qaniçən” adlandıranlar olmuşdur.
Bəs əslində həqiqət necədir? Bütün bu cür müəmmalı sualları düzgün cavablandırmaqda tədqiqatçı Teyyub Qurbanın son illərdə yazdığı əsərləri marağı olan hər kəsə kömək edir.
Şair-dramaturq, publisist və tədqiqatçı Teyyub Qurban yaradıcılığa 1950-ci ildən başlayaraq, indiyidək iyirmidən artıq kitab nəşr etdirmişdir. Onun “Həqiqət olduğu kimi” kitabı arxiv sənədlərinə istinadən yazıldığından, bir çox mətləblərin açıqlanmasına , meydana qoyulmasına xidmət edir. Buna görə də geniş oxucu dairəsinin, ziyalıların böyük marağına səbəb olur.
Səhifələrini dönə-dönə oxuduğum ”Həqiqət olduğu kimi” kitabı professor Mikayıl Rəfili, Azərbaycan K (b) P MK katibi Mir Cəfər Bağırov reallığını bütün inandırıcılığı ilə meydana qoyaraq, müəmmalı sualları, həqiqəti olduğu kimi göstərərək, cavablandırır.
Öncədən qeyd edim ki, kitabda mülahizə, yozum, şəxsi subyektiv baxış yoxdur. Hər bir hərəkət, vaxt, görülən iş arxiv sənədlərinə əsaslanır. Doğrudur, kitabın ana xətti prof. M.Rəfilinin fəaliyyətini göstərmək, M.C.Bağırovun alimin xidmətlərinə münasibətini əks etdirməkdir, lakin kitabdakı arxiv sənədləri o dövrün bir çox problemini aydınlaşdırmağa imkan verdiyindən, kitabın məzmunca daha geniş mahiyyət daşıdığını qeyd etməliyəm.
Əvvələn, kitabda verilən arxiv sənədləri M.C.Bağırov şəxsiyyəti haqqında söylənilən mənfi fikirləri dağıdır. Bəlli olur ki, M.C.Bağırov istedadlara dayaq duran, ölkəsini, xalqını, onun mənəvi sərvətlərini sevən, qoruyan, üzə çıxaran, inkişafına çalışan bir rəhbər, ziyalı olmuşdur. Şair Səməd Vurğunun 1936-cı ildə mənzil məsələsi ilə əlaqədar M.C.Bağırova məktubuna o, təcili reaksiya vermiş, şairin mənzil ehtiyacı yubanmadan ödənilmişdir. Eləcə də şair Hüseyn Cavidin, “Şərq qadını” jurnalının məsul katibi Gülara Qədimbəyovanın, Respublika Xalq Maarif Komissarının müavini Ayna Sultanovanın ərizələrindəki xahişləri M.C.Bağırov tərəfindən nəzərə alınmış, müsbət həll olunmuşdur. Bunlar 1936-cı ilin hadisələridir. Sonrakı qanlı-qadalı illərdə də Azərbaycan Respublikasının birinci şəxsi ayrı-ayrı alimlərin, o cümlədən M.Rəfilinin ona müraciətlərini diqqətdən kənarda qoymamışdır.
Kitabda mədəniyyət tariximiz üçün mühüm əhəmiyyət daşıyan materialların təqdim olunması Azərbaycanda milli-mədəni ruhun 1937-ci ilə qədər güclü olduğunu və bu meylin M.C.Bağırov tərəfindən dəstəkləndiyini üzə çıxarır. Bir neçə nümunə göstərək: M.C.Bağırov 1936-cı ilin mart ayının 3-də “Azərbaycan Şura Ensiklopediyasının nəşri haqqında” MK qərarını imzalamışdır. Müəllif haqlı qeyd edir ki, bu fakt Azərbaycanda ensiklopediya nəşrinin tarixini öyrənmək baxımından da maraqlıdır. Bu işdə kimlər iştirak etmişlər? İsmayıl İsmayılov (AŞE-nin baş redaktoru), Vəli Xuluflu (AŞE-nin elmi katibi), Mikayıl Hüseynov (Azərbaycan K (b) P MK-nın şöbə müdiri), Ruhulla Axundov (SSRİ EA Azərbaycan filialından), Müseyib Şahbazov (Xalq Maarif Komissarlığından), Əsəd Axundov (Azərnəşrdən), Müseyib Hüseynov (Xalq Səhiyyə Komissarlığından) və digər mütəxəssislər.
AŞR-nin birinci cildnin nəşri ilə əlaqədar verilmiş qərarda məqalələrlə bağlı faktlar da çox örnəklidir. Qərarda qeyd edilir ki, bu il (1936-cı il – Ə, A) fevralın 15-dək AŞE-nin birincı cildi üçün hazırlanmış 3500 məqalədən 2000-i türk dilinə (kursiv bizimdir) tərcümə olunmuşdur. 1300 məqalə orijinalda türk dilində (kursiv bizimdir) yazılmışdır. 200 məqalə yenidən işlənib türkcəyə (kursiv bizimdir) çevrilmişdir…
Göründüyü kimi, 1936-cı ilin əvvəllərində “türk dili”, “türkcə” ifadəsi tam dolğunluğu ilə işlənmiş, rəsmi sənədlərdə ifadə edilmişdir.
Bu fakt da maraqlıdır ki, M.C.Bağırovun tapşırığı ilə AŞE-nin nəşri üzrə Komitəyə 24 nəfərdən ibarət ştat müəyyənləşdirilmiş və iş şəraiti yaradılmışdır. Digər bir fakt – 1936-cı ilin mayında M.C.Bağırovun türk dilində (kursiv bizimdir) orta məktəb dərsliklərinin yaradılmasına aid keçirdiyi müşavirə görüləcək işin məqsədi və məzmununu bəlli edir.
Teyyub Qurban qeyd edirki, M.C.Bağırov adlı-sanlı alim və yazıçıların təkliflərini nəzərə alaraq, həmin il may ayının 21-də Mərkəzi Komitə Bürosunun Qərarına imza atmışdır. Həmin “Azərbaycan ədəbiyyatı üzrə dərsliklırin hazırlanması haqqında” qərarla türk (kursiv bizimdir) məktəbləri üçün mükəmməl dərsliklər hazırlamaq məqsədi ilə müəllif briqadaları yaradılmışdır. Beşinci sinif üçün (Məmməd Arif, Həmid Araslı, Mir Cəlal, Abdulla Şaiq), altıncı sinif üçün (Hacıbaba Nəzərli, Hənəfi Zeynallı, Mikayıl Rzaquluzadə), yeddinci sinif üçün (Əli Sultanlı, Həbibulla Səmədzadə, Hidayət Əfəndiyev), səkkizinci sinif üçün (Tağı Şahbazi, Həbibulla Səmədzadə,Mərdan Muradxanlı), doqquzuncu sinif üçün (Məmmədkazım Ələkbərli, Mehdi Hüseyn, Məmməd Arif) ədəbiyyat dərsliklərinin hazırlanmasına başlanılır. Dərsliklərin 1937-ci ilin yanvar ayının birinədək nəşri qərarlaşdırılmışdır. Həmçinin Xalq Maarif Komissarlığına və Azərnəşrə tapşırılmışdı ki, işdə ən çox fərqlənən müəllif və redaktorları mükafatlandırmaq məqsədi ilə xüsusi fond ayırsınlar. Bu fakt mahiyyətcə hər şeyi bəyan etdiyindən biz onun əlavə şərhinə ehtiyac duymuruq
“Həqiqət olduğu kimi” kitabında yer tutmuş digər arxiv sənədlərindən aydın olur ki, M.C.Bağırov Az.FAN-nın aspiranturasına namizədlərin siyahısını (1936, 26 sentyabr), “Azərbaycan SSR coğrafiya lüğətinin tərtibi və nəşri haqqında qərarı” (1936-cı ilin payızı) imzalanmışdır.
Qərarda “türk dilində (kursiv bizimdir) Azərbaycan coğrafiya lüğətinin birinci cildinin nəşri ilə əlaqədar rəy və təkliflərin MK-ya göndərilməsi redaksiya komissiyasına tapşırılmışdır.
Teyyub Qurban bu əsərində təqdim etdiyi arxiv sənədləri ilə 1936-cı ilin sonuna qədər Azərbaycanda M.C.Bağırov milli-mənəvi mövqeeyini oxucuya aşkarlamaq imkanı verir. Oxucu müəyyənləşdirir ki, respublikanın elmi qüvvələri və digər ziyalıları M.C.Bağırovun rəhbərliyi altında Azərbaycan xalqının milli təhsilinə və mədəniyyətinə xidmətə cəm edilmişlər.
M.C.Bağırov Səkkizinci Fövqəladə Ümumittifaq Sovetlər Qurultayı tərəfinfdən qəbul olunmuş Sovet Konstitusiyasının ilk nüsxələrindən birini Moskvada Mikayıl Rəfiliyə verərək türkcəyə (kursiv bizimdir) çevirib Bakıya göndərməyi tapşırmışdı.
Milli-mədəni dirçəliş səyləri, Azərbaycanın intellektual ziyalı qüvvəsindən istifadə imkanı 1936-cı ilin sonunda Moskvadan gələn göstərişlərlə zərbə altına düşür. Teyyub Qurban SSRİ Xalq Daxili İşlər Komissarlığının “Repressiya əməliyyatının keçirilmə qaydaları” sənədinə A. Mikoyanın, V.Molotovun, İ.Stalinin “yaşıl işıq” yandırmasından sonra “1936-cı ildə M.C.Bağırovun imzaladığı qərarlarda adları çəkilən adlı-sanlı türk ziyalılarımız iki-üç ayın içərisində “xalq düşməni”nə çevrildilər” – yazır. “İlk zərbə Ruhulla Axundova dəydi… Ruhulla Axundovun alim və ədib həmkarları biri-birinin ardınca həbsə alındılar: Hənəfi Zeynallı, Bəkir Çobanzadə, Tağı Şahbazi, Boris Tixomirov, Vəli Xuluflu, Böyükağa Talıblı, Mikayıl Hüseynov, Əli Nazim…”
Bəlli olur ki, Azərbaycanın görkəmli simalarının həbsi heç də M.C.Bağırovun istəyi ilə olmamışdır, Moskvadan ölkəni idarə edənlərin planı və göstərişinə rəğmən həyata keçirilmişdir. Məhz “Həqiqət olduğu kimi” kitabında hazırkı dolaşıq düşüncələrə aydınlıq gətirilməsi, kimin kim olduğunun üzə çıxarılması, Azərbaycandakı mənəvi-psixoloji əhvali-ruhiyyənin 1936-cı ilədək nə qədər sağlam olması, 1937-ci ildən isə ziyanlı bir hala düşməsi, didişmələrin, üzədurmaların, qarayaxmaların baş almasının psixologiyasının açılması tədqiqatın uğuru sayıla bilər.
Kitabda ziddiyyətli hadisələr fonunda ayrı-ayrı məqamlar da vardır ki, bunlar arzuolunmaz olsa da, tarixi faktlardır. Ayrı-ayrı müzakirə və müşavirələrdə edilən çıxışlar da bu qəbildəndir.
Teyyub Qurbanın “Həqiqət olduğu kimi” kitabı ciddi arxiv sənədləri ilə həqiqəti üzə çıxaran samballı tədqiqat əsəri olmaqla yanaşı, sona doğru və sonda Mikayıl Rəfili və M.C.Bağırov ruhuna ehtiram dolu ağı, sonsuz məhəbbət dolu esse təsiri bağışlayır. Digər tərəfdən, bu əsəri zaman ölçüsü ilə həyat, ömür, insan taleyi, xeyir və şərin müharibəsi, haqqın qələbəsi haqqında sözün qüdrəti ilə çəkilmiş tabloya bənzətmək olar. Bu kitab təkcə bir neçə illik hadisələr, xarakterlər təqdimatı ilə bitmir. Uzun-uzun illər insanlara örnək olası dərslikdir. Bu dərsliyin örnəyi olan M.Rəfilinin kişi kimi mərdliyi, cəsarətliliyi, insan kimi mübarizliyi, əyilməzliyi, şair kimi novatorluğu və orijinallığı, ədəbiyyatşünas alim kimi geniş elmi biliyi və özünəməxsus milli-dünyəvi baxışları, professor kimi parlaq, təsirli nitqi öyrədicilik qabiliyyəti, ona qarşı olan bütün təzyiqlərə baxmayaraq, ali şəxsiyyət keyfiyyətləri ona həmişə qürur və şöhrət gətirmişdir.
M.Rəfilinin 1936-cı ilin sonları, 1937-ci ilin ilk ayında Leninqradda olması onu adı Bakıdakı qara siyahıda olanlardan ayırıb, həbs olunmayıb, lakin doktoranturadan çıxarılıb. Bakıya gələn kimi ona şər atılaraq Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən xaric edilib, onun doktorluq dissertasiyasına mənfi rəylər verilərək elmi karyerasına zərbə vurmağa çalışıblar. Şeirlərini, ədəbiyyatşünaslığa aid məqalələrini kəskin tənqidə məruz qoyublar, onu vəzifədən uzaqlaşdırıblar, özünü pantürkist təbliğatçı, kosmopolit, atasını ”Sovet hökuməti əleyhinə Gəncə üsyanının təşkilatçılarından biri hesab ediblər. Daha nələr deməmiş, nələr etməmişlər. O isə bütün təzyiq, tənqid və təhqirlərə qarşı çıxaraq haqq sözünü demiş, heç vaxt iradəsini qırmamış, elmi, ədəbi, pedaqoji fəaliyətini davam etdirməyə, şöhrətli-qüdrətli elm sahibi-alim olmağa nail olmuşdur.
Atalar demişkən, haqq incələr, üzülməz. Teyyub Qurban bu müdrik həqiqəti arxiv sənədləri ilə sübuta yetirir. M.Rəfili ona qarşı edilən haqsızlıqları M.C.Bağırova məktubla çatdırır. İlk məktubu 11 noyabr 1937-ci ildə, ikinci məktubu 31 dekabr 1937-ci ildə, üçüncü məktubu 24 may 1945-ci ildə, dördüncü məktubu 16 sentyabr 1948-ci ildə, beşinci məktubu 19 noyabr 1952-ci ildə yazmışdır. Bunlardan əlavə, onun M.C.Bağırova “Xosrof və Şirin” operasının hazır olması barədə Niyazi ilə birlikdə məktubu da vardır.
M.C.Bağırov M.Rəfilinin bütün məktublarını məktub ona çatan kimi oxumuş və haqqın, ədalətin M.Rəfilinin xeyrinə həllinə nail olmuşdur. Maraqlı cəhət burasıdır ki, M.C.Bağırov M.Rəfiliyə qarşı haqlı-haqsız hücumlar edən həmkarlarını heç də cəzalandırmamış, sadəcə M.Rəfilinin doktorluq dissertasiyasının müdafiəsinə, elmi karyera qazanmasına, işlə təmin olunmasına, ədəbi və elmi həyatda fəal iştirak imkanlarına, təltif olunmasına heç kəsdə narazılıq doğurmayan tərzdə, kömək etmişdir. Kitabda M.C.Bağırovun S.Vurğunu da moskvalı şovinistlərdən qoruduğu faktı da vardır. O, eyni zamanda, SSRİ miqyasında nəşr edilən əsərlərdə Azərbaycan ədəbiyyatının təhrifinə yol verilməməsinə diqqət yetirmiş, tapşırığı ilə M.Rəfili və Əziz Şərifin yazdığı “Ədəbiyyat tarixinin təhrif olunmasına yol verməməli” adlı məqaləni ÜİK (b) P MK-nın Təbliğat İdarəsinin rəisi Aleksandrova göndərtmişdir.
“Həqiqət olduğu kimi” kitabı tarixi faktlarla o qədər zəngindir ki, bu faktların şərhi bir neçə kitabda əks oluna bilər. Biz isə kiçik bir məqalə ilə kifayətlənirik. Məsləhət görülür ki, hər kəs bu kitabı diqqətlə oxusun və həqiqətlərlə şəxsən üz-üzə, göz-gözə, fikir-fikirə dayansın.
Teyyub Qurban M.Rəfilinin ictimai-siyasi baxışlarına, ədəbi ustalığına, hadisələrə, tədqiqatlara real və geniş diapozonda baxa bilmək həqiqətlərini də kiçik detallarla oxucusuna çatdıra bilmişdir.
Maraqlıdır ki, tənqidçiləri onu tənqid etdikcə, M.Rəfili öz cavabları və əsərləri iıə daha artıq erudisiyaya, biliyə, ədəbi və elmi istedada malik nadir bir şəxsiyyət olduğunu sübut etmişdir. O, ictimai-siyasi hadisələrə, ədəbiyyat və mədəniyyət problemlərinə heç bir təzyiqə qapılmadan daha düzgün qiymət verə bilmiş, təhlillərini milli məişət, adi təsəvvür səviyyəsində deyil, Şərq və Avropa sivillizasiyasına bələdliklə aparmış, bu qloballıqda milli-mədəni təəssübü önə çəkmişdir.
“Məfkurəvi səhvlərə yol verən” M.Rəfilini nədə tənqid etmişlər? ”Vahid konstruktiv türk ədəbiyyatı yaratmaq” uğrunda ideyalar irəli sürməkdə, Şamil hərəkatını “ Rusiya zülmündən xilas olmaq üçün azadlıq hərəkatı” adlandırmaqda, 1941-ci ildə M.Rəfilinin bir jurnal məqaləsində yazdığı “Rusiya ucqarlarının azad olunmasında Şamil hərəkatı böyük azadlıq mücadiləsi idi” cümləsinə görə onu antimilli baxışlı hesab edərək, ona elmlər doktoru dərəcəsinin verilməsini istəməyənlər var idi. M.Rəfili dövlətə, millətə, ölkəsinə bağlı ziyalı kimi hər şeyi düzgün qavraya bilirdi, ona görə də qorxaq, yarımçıq insanlardan fərqlənirdi. O, 1954-cü ilin aprel ayının 19-da keçirilən Azərbaycan Sovet Yazıçılarının ikinci qurultayındakı çıxışında “düşmən ünsürlər bizə böyük ziyan vurmuşlar. Nəriman Nərimanovu ləkələmişlər. Nərimanovun nüfuzunu bərpa etmək vaxtı çatmamışdırmı?” sözləri ilə bitirmişdir. 1956-cı ildə “Nəriman Nərimanov” monoqrafiyasını nəşr etdirmişdir…
M.Rəfilinin “Həqiqət olduğu kimi” kitabında verilmiş şeirləri də həm ideya-məzmunu, həm də bədii formasına görə o dövr üçün orijinallıq nümunəsidir. Şair orijinal üslubu ilə bahəm söz yaradıcılığı ilə də diqqəti cəlb edir. Məsələn, o, “Şopeni dinləyərkən” şeirində hamının başqa dildən alaraq işlətdiyi “xizək” sözünü “sürünəcək” deyə işlətmişdir. Bu cür nümunələrin sayını çox artırmaq olar…
Nə isə, Teyyub Qurban böyük vətəndaşlıq eşqi ilə gərəkli bir iş görmüş, “Həqiqət olduğu kimi” kitabını geniş ictimaiyyətə təqdim etmişdir. Mən müəllifə minnətdarlıq duyğusu ilə yeni-yeni uğurlar arzulayıram. Sonda əzabkeş alim-vətəndaş, nadir istedad sahibi Mikayıl Rəfilinin bir misrasını xatırlamaq istərdim. O yazır: “Bu gün sevməsələr də, yarın sevərlər məni!”.
Unudulmaz M.Rəfilinin ruhuna dualar oxuyaraq, deyirəm: “Böyük insan, artıq bu gün də sevirlər səni, sabah da, həmişə də sevəcəklər səni”.
Xeyirxah insanlara, qədirbilənlərə, xalq üçün döyünən ürəklərə eşq olsun.!

Əjdər AĞAYEV, professor, pedaqoji elmlər doktoru, əməkdar müəllim,
Rusiya Pedaqoji və Sosial elmlər akademiyasının həqiqi üzvü, Prezident təqaüdçüsü



Oxşar xəbərlər