Xalq yazıçısı Mirzə İbrahimovun əziz xaritirəsinə
Həyatda elə görüşlər olur ki, onu ömrün boyu unuda bilmirsən. Yaddaşına həkk olub qalır və zaman-zaman onun təəssüratları ilə yaşayırsan...
Biz nəslin uşaqlıq illəri indiki kimi qaynar keçməyib. Bu günün elmi-texniki yenilikləri də - televizor, kompüter və s. o vaxtlar bu qədər yayılmamışdı. İllah da rayon, kənd yerlərində ola. Bəlkə elə ona görə insanlar mütaliəyə çox meyilli idilər. Yaxşı kitab əl-əl gəzirdi. “Azərbaycan”, ”Ulduz” jurnallarında maraqlı bir bədii əsər-roman, povest, hekaye dərc olunanda, onu bir-birimizə ötürərdik ki, qoy hamı oxusun…
Ciddi mütaliəyə mən ibtidai məktəbdə oxuyarkən üçüncü sinifdən başladım. İlk oxuduğum bədii kitab Əli Vəliyevin “Madarın dastanı” olub. Kitabxana məktəbimizin (Yardımlı rayonundakı Hamarkənd kənd orta məktəbinin) lap yaxınlığında idi. Fəal oxuculardan sayılırdım. Kitab seçməkdə kitabxanaçı da mənə yardım edirdi. Hətta bəzən götürdüyüm kitabla bağlı məni sorğu-suala çəkirdi. Yoxlayırdı görsün apardığım kitabları, doğrudan da, oxuyuram, yoxsa yox...
Səhv etmirəmsə, ya 4, ya da 5-ci sinifdə oxuyurdum. Yolumu yenə də kitabxanadan salmışdım. Girəcəkdə kiçik bir kitab sərgisi ilə qarşılaşdım. Baş tərəfdə iri hərflərlə yazılmışdı: “Mirzə İbrahimov-50”. Buradakı kitablardan birini götürüb vərəqlməyə başladım. Kitabxanaçı kişi bunu görcək mənə yaxınlaşdı:
- Hə dost (həmişə məni belə çağırdı), deyəsən kitab xoşuna gəlir. Ancaq yaxşı olardı ki, sən onu bir neçə ildən sonra, yəni yuxarı siniflərdə oxuyasan. Yuxarı siniflərin ədəbiyyat dərsliyində həmin kitab haqqında daha çox öyrənəcəksən...
Dinmədim. Kitabı ehmalca yerinə qoydum. Bu, mənim sonralar-yeniyetmə çağlarında iki-üç dəfə böyük maraqla oxuduğum “Gələcək gün” romanı idi.
Kitabxanaçı bu dəfə də adətinə xələf çıxmadı. Yazıçılardan bir neçəsinin portretini mənə göstərib dedi:
- Tap görüm, buradakı şəkillərdən hansı Mirzə İbrahimovundur?
Mən böyük bir kəşf edirmiş kimi tezcə də şəhadət barmağımı Mirzə İbrahimovun portretinin üzərinə qoydum. Başqa cürdə ola bilməzdi. Çünki Mirzə İbrahimov hələ cavan yaşlarından şöhrət qazanmışdı. Kiçikdən böyüyə, hamı onu tanıyırdı. Əlli yaşında artıq o, Azərbaycan EA-nın akademiki, Azərbaycanın xalq yazıçısı, SSRİ Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim idi...
İllər ötdü, həm orta, həm də ali məktəbi bitirdim. Yardımlı rayonunda bir neçə il müəllim işlədikdən sonra ailəliklə Bakı şəhərinə köçdüm. Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”də redaktor vəzifəsinə işə düzəldim. Burada işləməyim imkan verdi ki, mən Azərbaycanın görkəmli şair və yazıçıları, o cümlədən, Rəsul Rza, Süleyman Rüstəm, İlyas Əfəndiyev, Əli Vəliyev, Xəlil Rza Ulutürk, Nəbi Xəzri, Məmməd Araz, İsmayıl Şıxlı, Hüseyn Arif, Əlfi Qasımov və digər şəxslər ilə yaxından tanış olum.
Ötən əsrin 80-cı illərində “Azərnəşr” də böyük redaktor vəzifəsində çalışmaqla yanaşı, həm də Mətbuat və İnformasiya Nazirliyinin orqanı “Kitablar aləmində” jurnalında (1992-ci ildən “Zəka” adı ilə nəşr olunub) məsul katib idim. Tez-tez EA-nın Nizami adına Ədəbiyyat İnstitutuna gedirdim. Çox vaxt da institutun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsində çalışan, ədəbiyyatşünas Teymur Əhmədovla görüşərdim. Aramızda dostluq münasibəti yaranmışdı və o da vaxtbivaxt bizim redaksiyamıza gəlirdi. Mirzə İbrahimov o illərdə bu şöbəyə də rəhbərlik edirdi. Ancaq nədənsə gəlib-getdiyim həmin bu müddətdə onunla qarşılaşmamışdım.
Bir gün institutun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinə getmişdim. Böyük ədibin də burada olduğunu gördüm. Otaqda xeyli adam vardı. Əksəriyyəti məni tanıyırdı. Ani olaraq beynimdə keçən bir fikirdən həyəcanlandım: “Tanışlarıma əl vermədən ötüb Mirzə İbrahimovla salamlaşsam , onların şəxsiyyətinə hörmətsizlik etmiş olaram. Həm də məni yaltaqlıqda qınaya bilərlər...”
Yeri gəlmişkən, xarakterimdəki bir cəhəti də açıb demək yerinə düşərdi. Ağlım kəsəndən vəzifəsindən, mövqeyindən, var-dövlət asılı olmayaraq bütün insanlara eyni münasibətim olub. Kiminsə başqalarına qeyri-bərabər münasibətini qəbahət, insana yaraşmayan hal hesab etmişəm. Odur ki, tərəddüdlə də olsa, əvvəlcə şöbə əməkdaşlarından – Nazim Rizvan, Teymur Əhmədov və digərləri ilə əl verib görüşdükdən sonra Mirzə İbrahimovla salamlaşdım. Lakin şöbənin əməkdaşları, lap elə böyük ədibin özü də, məndəki bu tərəddüdü hiss etməyə bilməzdi. Nazim Rizvan əyilib qulağıma pıçıldadı : “Gərək birinci Mirzə müəllimlə görüşəydim…”
1981-ci ildə Mirzə İbrahimovun anadan olmasının 70 illiyi ölkəmizin hər yerində geniş qeyd edildi. Əksər dövri nəşrlər kimi bizim jurnalda da yazıçının yubileyinə töhfə olaraq böyük bir yazı (müəllifi Teymur Əhmədov idi) dərc olundu. Eyni zamanda, jurnalın əməkdaşları, redaksiya heyəti də görkəmli sənətkarı təbrik etdilər. Jurnalın mart nömrəsi artıq çapdan çıxmışdı. Teymur Əhmədov redaksiyaya zəng vurub xahiş etdi ki, mümkünsə, bir nüsxə də Mirzə İbrahimova çatdırım.
Evlərinə zəng çaldım. Dəstəyi özü qaldırdı. Yubileyi münasibətiylə əvvəlcə təbrik edəndən sonra dedim:
“Mirzə müəllim, jurnalda haqqqınızda yazı vermişik, bir nüsxə də sizə göndərmək istəyirik”.
Deyəsən, zəngim ürəyincə olmuşdu. Təşəkkürünü bildirdi, ünvanını dedi. Üstəlik, üzrxahlıq da etdi ki, münasib adam olsaydı, sizə əziyyət verməzdim...
Novruz bayramı ərəfəsi idi. Jurnalı qapıdan verib qayıtmaq istəyirdim ki, buraxmadı. Məni içəri dəvət elədi, iş otağında üzbəüz oturduq. Stolda səməni, Novruz şirniyyatları vardı. Çay, mürəbbə gətizdirb dedi:
- Bayram günündə ayaq basdığın evde çay içmədən, şəkərburanın , paxlavanın dadına baxmadan gedərsənsə, bu, günaha yazılmış olar.
Şəkərbura götürdüm, çaydan bir-iki qurtum aldım. Aramızda qısa, lakin çox səmimi söhbət yarandı.
Fürsətdən istifadə edib ürəyimdə çoxdan dolaşmaqda olan, lakin məqamı gəlmədiyi üçün ona deyə bilmədiyim fikirlərimi açıqlamaq qərarına gəldim:
- Mirzə müəllim, bir etirafım var. Gecikmiş də olsa, mən bunu etməliyəm. Özü də sizə etməliyəm, gərək məni bağışlayasınız...
O, başını qaldırdı, məni ilk dəfə görürmüş kimi diqqətlə üzümə baxdı:
- O nədir elə, nə etirafdır, nə bağışlamaqdır, oğul?
Mən onunla Elmlər Akademiyasındakı ilk görüşümü yada saldım. Hər şeyi olduğu kimi açıb ona söylədim.
Ədib özünəməxsus tərzdə gülümsədi, baxışlarını təkrarən mənim üzərimdə gəzdirdi:
- Burda qəbahətli bir şey görmürəm. Əsas məsələ odur ki, otaqdakıların hamısıyla səmimi görüşüb, kef-hal tutmusan... Qaldı, özünənəzarətə, səhvə görən etirafa, bu, yaxşı əlamətdir. İllah da vaxtında edilmiş olsun... Təəssüf ki, çoxumuz etdiyimiz səhvləri yalnız ömrümüzün sonuna yaxın başa düşürük. Bu vaxt isə artıq gec olur. Yaxşı olardı ki, insan səhv etsə də, öz səhvini erkən etiraf edəydi və düzəldəydi. – Dahi sənətkar daha sonra fikirlərini məşhur İran hökmdarı Keyxosrovla bağlı kiçik bir rəvayətlə tamamladı.
Mirzə İbrahimovla sonuncu dəfə 1991-ci ilin may ayında görüşdük. Onda yazıçı “Hökumət evi” ilə üzbəüz binanın onuncu mərtəbəsində yaşayırdı. İş otağı zəngin bir kitabxananı xatırladırdı. “Yazıçı” nəşriyyatı tərəfindən yenicə çapdan buraxılmış “Məhəbbət dastanı” adlı kitabından birini də avtoqrafla mənə hədiyyə elədi. Kitabda ədib, əsasən, qələm və sənət dostları – Mirzə Cəlil, Hüseyn Cavid, Səməd Vurğun, Hüseyn Mehdi kimi şəxsiyyətlərin həyatının, yaradıcılığının dərinliklərində gizlədilmiş, bu günə qədər bizə məlum olmayan məqamlarından danışmaqla yanaşı, sonrakı nəsil – Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Anar, Elçin, Aqşin Babayev, Rafiq Zəka və başqalarının yaradıcılıq axtarışlarından söhbət açır...
Yaradıcılığı ilə həqiqi sənətin zirvəsinə ucalmış Mirzə İbrahimov bütün əsrlərin sevimli sənətkarlarındandır. O, doğma xalqının folklorunda, təfəkküründən, dilindən, əxlaqından heç vaxt uzaq olmayıb.
Unudulmaz sənətkarlarımız Azərbaycan xalqının əqli və zəkasında təfəkkür dünyasında daim yaşayacaq, görkəmli ictimai xadim, alim, tədqiqatçı kimi həmişə fəxrlə yad ediləcəkdir.
Seyadulla KƏRİMLİ
Yazıçı-publisist
Yazıçı-publisist