Qərənfil Həsənova, Kolumbiya Universitetinin məzunu: “Peşə təhsilinə yalnız gələcəkdə ali təhsil ala bilməyə gücü çatmayan şagirdlər deyil, hamı üz tutur”
Tanıtım: Qərənfil Vaqif qızı Həsənova 1991-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. Orta təhsilinə xüsusi imtahan verərək birbaşa II sinifdən başlayıb. Əvvəlcə Veravul 2 nömrəli tam orta məktəbində, sonra isə Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada oxuyub. İlk təhsilini 4 nömrəli məktəb-liseydə başa vurub. ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və keçmiş sovet respublikalarından olan 15-17 yaşlı gənclər üçün nəzərdə tutulan FLEX (Future Leaders Exchange Program - “Gələcək Liderlər Mübadilə Proqramı”) proqramının 2007-ci il üzrə müsabiqəsinin qalibi olub. Müsabiqənin nəticəsi olaraq bir il Amerikada təhsil almaq şansı qazanıb. Beləliklə də Azərbaycanda orta məktəbi bitirdikdən sonra 2007-2008-ci tədris ilində Amerikanın Pensilvaniya ştatında New Oxford High School-da XII sinifdə oxuyaraq bu məktəbin də diplomunu əldə edib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. ABŞ-da təhsil aldığı bir il müddətində də ciddi uğurları ilə fərqlənib. Konüllülük fəaliyyətinə və Azərbaycanın mədəniyyətini uğurla təmsil etməsinə görə ABŞ-ın keçmiş prezidenti Corc Buş tərəfindən “Prezidentin fəxri döş nişanı” ilə təltif edilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində magistr təhsili alıb. Q.Həsənova Nyu-York şəhər Təhsil Şöbəsində, eləcə də şəhər merinin beynəlxalq əlaqələr ofisində orta məktəblərdə texniki peşə təhsili üzrə dərslərin daha da təkmilləşdirilməsi ilə bağlı layihə üzərində işləyib. O, İslam Konfransı Təşkilatının (İKT) BMT-dəki nümayəndəliyində təcrübə proqramına dəvət olunub. BMT-nin insan hüquqları, gender bərabərliyi, insan alveri, gənclər siyasəti ilə bağlı keçirilən iclaslarında İKT-ni təmsil edib. Hazırda Novco Şirkətlər Qrupunda çalışır.
Yaşadığımız qlobal çağırışlar dövrü təhsilin mühüm istiqamətlərindən sayılan peşə təhsilinin iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi əhəmiyyətini artırıb. Qlobal meyillərin təhlili göstərir ki, yaxın onilliklərdə yeni iş yerlərinin yaradılması bütün dünya iqtisadiyyatı qarşısında duran əsas prioritetlərdən biri olacaq.
Bu gün ixtisaslı işçi qüvvəsini qlobal valyuta adlandırırlar. Və bu heç də təsadüfi deyildir. Yəni rəqabətlilik dövründə yalnız ixtisaslı işçi qüvvəsinə malik olan ölkələr özünün sabit və dinamik iqtisadi inkişafını təmin edə biləcək. Buna görə də ixtisaslı işçi qüvvəsinin hazırlanması ölkəmizin yeniləşməkdə olan peşə təhsili sisteminin qarşısında aktual məsələ kimi durur. Əmək resursları və kadr potensialı məhz bu sahədə formalaşır.
Budəfəki müsahibimiz, ABŞ-ın Kolumbiya Universitetinin məzunu Qərənfil Həsənova ilə Amerikanın peşə təhsili sistemində olan mövcud meyillərə toxunmaq istərdik. Qeyd edək ki, müsahibimiz Nyu-York Şəhər Təhsil Şöbəsində peşə təhsili üzrə layihənın hazırlanmasında iştirak edib.
Tələbələrin qiymətləndirilməsi ilə bağlı layihə
- Nyu-York Şəhər Təhsil Şöbəsində layihə üzərində işləmisiniz. Layihənin mahiyyəti və hədəfləri barədə ətraflı məlumat verməyinizi xahiş edirik.
- Bildiyiniz kimi, 2013-2015-ci illərdə Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində İctimai İdarəetmə ixtisası üzrə magistr təhsili almışam. Məktəbimizin bütün magistr tələbələri təhsillərinin son semestrində onlara təklif olunan siyahıdan özləri üçün daha maraqlı və prioritetli olan 3 layihəni seçir, müraciət formasını doldurur, nə üçün məhz bu layihələrin onlar üçün maraqlı olduğunu açıqlayır və universitetə təqdim edirlər. Qeyd edim ki, bu siyahıda layihənin məzmunu ilə yanaşı, həm də tələbələrin hansı dövlət və ya özəl qurumda çalışacaqları da bildirilir. Universitet rəhbərliyi də öz növbəsində tələbələrin verdikləri cavablara əsasən onları tərkibində 4-5 nəfər olan qruplara bölür və layihə rəhbəri olaraq hər qrupa bir müəllim təyin edir. Yanvar-may ayları ərzində davam edən bu layihələr “Capstone Project” adlanır və tələbələrin onların qarşısına qoyulan problemi araşdırmaq, həlli üçün xüsusi təkliflər planı hazırlamalarından ibarət olur. Layihənin sonunda hər bir qrup tərkibində həm universitet rəhbərliyinin, həm də birlikdə çalışdıqları qurumların nümayəndələri olan münsiflər heyəti qarşısında araşdırmalarının nəticələrini və onların əsasında hazırladıqları təkliflər paketinin təqdimatını keçirir. Münsiflər heyəti hər bir tələbəni peşəkarlıq, qrup işində göstərdiyi liderlik, bacarıq və məsuliyyəti, layihəyə verdiyi fayda və s. görə qiymətləndirir və bu da tələbənin universitetdəki ümumi qiymət ortalamasına əlavə edilir. Bir faktı da əlavə edim ki, tələbələrə başçılıq edən müəllim yalnız bələdçi rolunu oynayır, onların fəaliyyətini kənardan izləyir, ara-sıra öz fikrini bildirir, lakin onları heç bir formada idarə etmir. Çünki bu, müəllimlərin deyil, sırf tələbələrin qiymətləndirilməsi ilə bağlı bir layihədir.
- Peşə təhsili üzrə dərslərin təkmilləşdirilməsi ilə bağlı hansı təkliflər hazırladınız?
- Bizim araşdırmalarımız onu göstərdi ki, əksər valideynlər övladlarının peşə təhsili almalarının çox da tərəfdarı deyillər. Bu, əsasən valideynlərlə uşaqları arasında olan böyük yaş fərqindən irəli gəlir. Çünki həmin valideynlər özləri orta məktəbdə təhsil aldıqları zaman peşə təhsilinə yalnız daha az biliyə sahib olan, ali təhsil alma savadına malik olmayan şagirdlər üz tuturdular. Lakin indi vəziyyət tam fərqlidir - savadından, maddi vəziyyətindən, fiziki imkanlarından asılı olmayaraq hər bir şagird orta məktəbdə olduğu müddətdə ona təklif olunan peşə ixtisaslarından birini seçib öyrənə bilər. Bu, ona gələcəkdə hansı ixtisası seçib, hansı universitetdə təhsilini davam etdirəcəyindən asılı olmayaraq istənilən an lazım ola bilər. Buna görə də biz Nyu-York Şəhər Təhsil Şöbəsinə ilk növbədə valideynlərin peşə təhsilinin hazırkı vəziyyəti, dərs proqramı, şagirdlərə öyrətdiyi biliklərlə yaxından tanış olmaları üçün daha münasib şəraitin yaradılmasını tövsiyə etdik.
Qeyri-texniki peşə ixtisaslarına da önəm versinlər
- Sizin layihə ilə bağlı konkret təklifiniz nə oldu?
- Layihə müddəti ərzində biz müxtəlif peşə təhsili yönümlü məktəblərlə, onların idarə heyəti və şagirdləri, eyni zamanda böyük və kiçik ölçülü şirkətlərin əməkdaşları ilə görüşdük, onlardan müsahibələr alıb verdikləri cavablardan yekun qənaətə gəlmək üçün istifadə etdik. Məlum oldu ki, böyük və tanınmış şirkətlərdənsə, daha az tanınan və nisbətən kiçik şirkətlərlə əlaqə saxlayıb onları peşə təhsilli məktəblərlə əməkdaşlıq etməyə cəlb etmək lazımdır. Çünki belə şirkətlər üçün bəzən işçi qüvvəsi tapmaq daha çətin olur və bu cür əməkdaşlıq şagirdlərlə yanaşı onlar üçün də çox faydalı ola bilər. Eyni zamanda, Təhsil Şöbəsinə yaxın zamanlarda hansı peşə ixtisaslarına daha çox ehtiyac ola biləcəyi ilə bağlı olan araşdırmamızı da təqdim və təklif etdik ki, növbəti təhsil illərində şəhərin orta məktəblərində məhz bu ixtisasların mövcud olmasını təşkil etsinlər. Araşdırma zamanı bir məsələ də gözümüzdən qaçmadı ki, Təhsil Şöbəsi daha çox sənaye və kompüter mühəndisliyi sahələrinə üstünluk verir. Buna görə də məsləhət gördük ki, təkcə texniki deyil, eyni zamanda qeyri-texniki peşə ixtisaslarına da önəm versinlər. Bu cür sahələrə kulinariya, kosmetoloji sahə, tikinti sənayesi və s. daxil etdik.
Nyu-York Şəhər Təhsil Şöbəsi təkliflər planımızdan istifadə etməyə başlayıb
- Layihəniz Kolumbiya Universiteti və ya Nyu-York Şəhər Təhsil Şöbəsində necə qarşılandı?
- Layihəmiz və irəli sürdüyümüz təkliflər planı universitet tərəfindən çox müsbət qarşılandı və komandamızın hər bir üzvü yüksək balla qiymətləndirildi. Hazırda araşdırmamızın nəticəsi universitetin rəsmi saytında yerləşdirilib. Peşə təhsili ilə maraqlanan şəxslər oxuyub məlumatlana bilərlər. O cümlədən, Nyu-York Şəhər Təhsil Şöbəsi bizim hazırladıqlarımız təkliflər planından istifadə etməyə başlayıb.
- Bilmək istərdik, amerikalı şagirdlərin peşə təhsilinə münasibəti necədir? Onlara hansı yaşdan peşə təhsilinə maraq aşılanır? Bunun üçün məktəblərdə hansı işlər görülür?
- Amerikalı şagirdlərin peşə təhsilinə maraqları böyükdür. Daha öncə də qeyd etdiyim kimi, müasir Amerikada peşə təhsilinə yalnız gələcəkdə ali təhsil ala bilməyə gücü çatmayan şagirdlər deyil, hamı üz tutur. Bu, onlar üçün orta məktəbi daha əyləncəli edir, eyni zamanda da yeni biliklər öyrədir. Bir qayda olaraq peşə təhsili 9, 10, 11 və 12-ci siniflərdə şagirdlərə təklif olunur, lakin bu prosesə hazırlıq daha aşağı siniflərdən başlayır. Şagirdlər qərar vermədən öncə məktəblərinin əməkdaşlıq etdikləri şirkətlərin nümayəndələri ilə görüşür, gələcəkdə işləyə biləcəkləri zavod və fabriklərə baş çəkir, onların iş fəaliyyətləri ilə tanış olurlar. Ən önəmlisi isə, daha öncə eyni proqram üzrə ixtisaslaşmış, hazırda işlə təmin olunmuş peşə təhsili məzunları ilə görüşlər keçirir, onların məsləhətlərini dinləyirlər. Daha sonra öyrəndiklərinin əsasında ixtisasları ilə bağlı qərar verirlər.
- Ümumiyyətlə, Amerika cəmiyyətində peşə təhsilinin indiki statusu necədir? Amerikalı valideynlər övladlarının peşə təhsili almasına necə baxır? Onları dəstəkləyirmi?
- Daha öncə qeyd etdiyim kimi, bəzən valideynlər övladlarının peşə təhsili almalarını birmənalı qarşılamırlar. Lakin məktəbin təklif etdiyi proqramlarla daha yaxından tanış olduqdan sonra fikirləri adətən dəyişir. Çünki övladlarının onların düşündükləri kimi hansısa bir şirkətdə ikinci dərəcəli bir işçi kimi deyil, bütün hüquqlara malik, tam ştatlı bir işçi kimi fəaliyyətə başlayacaqlarına əmin olurlar.
İxtisas seçimində şagirdlər tam müstəqildirlər
- Şagirdlər peşə seçimində nə dərəcədə müstəqildir? Və daha çox hansı texniki peşə və ixtisaslara meyil göstərirlər?
- İxtisas seçimlərində şagirdlər tam müstəqildirlər, bu işdə nə onların valideynləri, nə də müəllimləri mane ola bilməz, sadəcə məsləhət verib yönləndirə bilərlər. Hazırda ən çox sənaye və kompüter mühəndisliyi ixtisaslarına üstünlük verilir, amma yaxın zamanlarda prioritet istiqamətlərin dəyişəcəyi gözlənilir. Mən 10 il bundan əvvəl Amerikada orta məktəbdə 12-ci sinifdə təhsil alarkən sinif yoldaşlarımın böyük əksəriyyəti informasiya texnologiyaları üzrə peşə təhsili alırdılarsa, ötən il orta məktəbimə baş çəkdiyimdə üstünlüyün kulinariya, moda, təhsil, dizayn və s. ixtisaslara verildiyinin şahidi oldum.
Azərbaycanlı şagirdlər bu platformada iştirak edə bilmirdilər
- Siz Nyu-York Şəhər merinin ofisində təcrübə keçmisiniz. Burada da təhsil layihəsi üzərində işləmisiniz. Bu layihəniz nə ilə bağlı idi?
- Bu layihə Nyu-York Şəhər merinin ofisində, Beynəlxalq Əlaqələr şöbəsinin nəzdində idi. Layihənin məqsədi Nyu-Yorkun orta məktəblərində təhsil alan 3-5-ci sinif şagirdlərinin dünyanın müxtəlif ölkələrində yaşayan həmyaşıdları ilə ünsiyyətdə olub onlarla fikir mübadiləsi aparmaları idi. Layihəyə şəhərin 60-a yaxın məktəbi qoşulmuşdu. Əməkdaşlıq edən məktəblərin siyahısında Braziliya, Fransa, Hollandiya, Pakistan, Yaponiya, Nigeriya və s. kimi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdən qatılanlar var idi. Hər həftə şagirdlərə müxtəlif mövzularda tapşırıqlar verilirdi. Onlar da öz növbələrində yaradılmış onlayn platforma üzərindən digər ölkələrdəki həmyaşıdları ilə fikir mübadiləsi aparır, bir-birlərinin mədəniyyətləri, tarixləri, adət-ənənələri haqqında çoxlu yeni məlumatlar öyrənirdilər. Düzünü deyim ki, şagirdlərin yazılarını, paylaşdıqları məlumatları qiymətləndirmək üçün oxuyanda özüm də yeni biliklər əldə edirdim. Bütün bunlar 24 yaşlı bir gənc üçün bu qədər maraqlı idisə, 7-8 yaşlarında olan uşaqlar üçün daha əyləncəli və zövqlü idi. Bunu layihənin sonunda şagirdlərin yenidən platformaya qoşulmaları üçün etdikləri müraciətlər də bir daha sübut etdi. Təəssüf ki, azərbaycanlı şagirdlər bu platformada iştirak edə bilmirdilər. Bunun üçün ilk öncə Nyu-York Şəhər merinin ofisi ilə Bakı Şəhəri İcra Hakimiyyəti arasında müqavilə imzalanmalı idi. Lakin layihə sadəcə bir təhsil ilini əhatə etdiyi üçün bu istəyimizi reallaşdırmaq mümkün olmadı.
Oruc MUSTAFAYEV