“Sevgi ilə sinfə girin”

“Sevgi ilə sinfə girin” Türkiyənin təhsil eksperti doktor Ərdəm Söyləməz: “Sizlər güldükcə uşaqlar da güləcək və sevinəcək”
XXI yüzil özü ilə təhsil sahəsində yeni trendlərin əsasını qoydu. Bu trendlər müəllimlərimizin qlobal dünyanın tələblərinə uyğunlaşmasını şərtləndirdi. Qlobal çağırışlar təhsil gündəmimizə “Müasir müəllim necə olmalıdır?”, “Müəllimlərimizin peşəkar inkişafına necə nail olmalı”, “Yeni insanı necə yetişdirməli”, “Yüksək zəkalar dövründə şagird hazırlığı və peşələr” kimi bir sıra düşündürücü məsələləri gətirdi. Türkiyəli təhsil eksperti doktor Ərdəm Söyləməz artıq 10 ilə yaxın müddətdir ki, söylədiyimiz aktual mövzularla bağlı müəllimlərimizlə seminarlar aparır. Sıravi müəllimlikdən məktəb direktoru vəzifəsinə qədər yüksəlib, təhsil mütəxəssisi kimi müəllimlərin təkmilləşdirilməsi proseslərinə cəlb olunmuş doktor Türkiyədə nəşr olunan bir sıra test toplusunun, elmi məqalələrin və riyaziyyat üzrə dərsliklərin müəllifidir. O, 2012-ci ildən Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda seminarlar təşkil edir. “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində doktor Ərdəm Söyləməz müəllimləri düşündürən bir sıra məsələlərə aydınlıq gətirdi.
Müasir müəllim hazırlığına yeni yanaşma
- Ərdəm bəy, müasir dövrün müəllimini necə hazırlamalı? Sizcə, əsl müəllim kim olmalıdır?
- Azərbaycan müəllimləri ilə görüşlərimdə, ilk növbədə, yeni yüz ilin müəlliminə xas olan keyfiyyətlərdən danışırıq. Yeni müəllim necə olmalıdır? İlk növbədə, bizim müəllimlər şagirdlərinə öyrənməyi öyrətməlidirlər. Bu, çox mühüm məsələdir. Müəllim hazırlığında da bu məsələyə diqqət yetirilməlidir. Biz yenilikçi müəllim, yetirmələrinə vərdiş və biliklər aşılayan müəllim yetişdirməliyik. Müasir müəllim hazırlığına yeni yanaşma olmalıdır. Mənim müəllim hazırlığı ilə bağlı yeni bir layihə təklifim var. Nədir bu? Deyək ki, müəllimlər 4-5 il universitetlərimizin pedaqoji fakültələrində təhsil alır. Bu müddət ərzində onlar yalnız nəzəri biliklər alır və imtahanlara girirlər. Hesab edirəm ki, bunun əvəzinə, gələcək müəllimlər universitet təhsilinin yalnız 2 ilini nəzəriyyəyə həsr etsinlər. Qalan hissəsi isə bilavasitə təhsil ocaqlarında onların təcrübə şəraitində əsl müəllim kimi bacarıq və vərdişlərinin təkmilləşməsinə sərf olunsun. Belə olduğu təqdirdə biz dövrün tələbinə uyğun müəllim yetişdirmiş olarıq.
Əsl müəllim necə olmalıdır? Bizim müəllimlər uşaqları cəmiyyət üçün formalaşdırdığı üçün sadəcə biliyi ilə deyil, hər şeydə örnək olmalıdır. Davranışı, dili, danışığı ilə. Müəllim öz davranışı ilə şagirdini xoşagəlməz davranış və addımlardan çəkindirməlidir. Uşaqlar məktəbdə, sinifdə müəllimdən götürdüyi davranışı evdə, başqa yerdə də nümunə görür. Hətta özü başqalarını yanlış addımlardan çəkindirməyə cəhd edir və çalışır. Yəni, müəllim sadəcə bilik daşıyan insan deyil. Davranışı, hərəkətləri, əxlaqı, hər şeyi ilə örnək olmalıdır. Söyləməklə deyil, çünki uşaq gördüyünü edər. Anasından, atasından, müəllimindən nə görübsə, onu təkrarlayar, onu hərəkətlərində göstərər. Ona görə də əsl müəllim həm peşəsinə, həm də uşağa olan sevgisini birləşdirməli və öz sevgisini şagirdinə çatdıra bilməlidir.
Müəllimləriniz daim axtarışdadır
- Ərdəm bəy, siz hardasa 10 ilə yaxındır ki, Azərbaycan müəllimləri ilə sıx ünsiyyətdəsiniz. Müşahidələriniz nə deyir: müəllimlərimiz dəyişibmi, onlar necədirlər?
- Əlbəttə, müəllimlərinizin səylərini çox təqdir edirəm. Doğrudan da müəllimləriniz daim axtarışdadır, nələrisə öyrənməyə çalışırlar. Onlara yeni ideyalar vermək lazımdır. Önəmli olan bizlərin onlara bir şəkildə nəsə verməyimizdir. Onlara öz təcrübəmizi, bildiklərimizi verməyimiz gərəkdir. Müəllimləriniz bizdən bunları gözləyirlər. Hər birimizin əksikliklərimiz bir insan olaraq var. Gənc, müstəqil dövlətiniz var. Çox şeylər dəyişib. Dəyişikliklərimiz var və buna görə də müəllimlərimiz də dəyişiblər. Müəllimlərimiz yeniliklərə istəklidirlər, açıqdırlar. Lakin biz onlara yetərli şeylər verdiyimizi düşünürük. Yəni, bizlərin onları daha yetərli hala gətirəcək biliklər tapa biləcəyimizi, onların hələ çox şeyə ehtiyaclarının olduğunu düşünürəm.
- Atatürk deyirdi ki, müəllimlik yarısı bilik, yarısı təcrübə, tamamı isə sevgidir. İndi müəllim hər gün sinifdə 30 şagird arasındadır. Onların hər birinə öz sevgisini verməlidir? Əsl müəllim buna necə nail ola bilər?
- Belə deyək, müəllim sinfə daxil olan zaman bura sanki sinif yox, bir ölkədir artıq. Bir məmləkətdir. O ölkənin lideri də, rəhbəri də müəllimdir. Müəllim sinifdə ədalətli davrandığı zaman heç bir problem çıxmaz. Ən birincisi, ədalətli olmaqdır. Yəni, bir müəllim sinifdən çıxdığı zaman bütün şagirdləri deyə bilməlidir ki, “bəli, bu mənim müəllimimdir”. Deməməli ki, “o, bu gün mənə heç nə vermədi, mənimlə maraqlanmadı”. Müəllim hər bir şagirdinə qayğı və nəvazişlə, həssaslıqla yanaşmalı, onlara sevgi ilə baxmalıdır. Bir müəllim neçə şagirdinin gözünə sevgi ilə baxarsa, o qədər də uşağın gözündə yüksək zirvəyə ucalar.
Buna görə də bir daha demək istəyirəm ki, müəllimlikdə birinci şərt ədalətdir. Ədalətli olduğunuz zaman qorxmayın, heç qorxmayın. Onlar sizi çox sevdikləri üçün dərslərinizi də çox sevəcəklər. Və çox çalışacaqlar. Sizi sevdiklərini sübut etmək istəyəcəklər.
Nəticədə robot cocuqlar yetişir
- İndi mobil telefonlar, planşetlər uşaqlarımızın əlindən düşmür. Azyaşlılarda belə telefonlara aludəçilik yaranıb. Əlləri daim işləyir. Ancaq müəyyən bir vərdişlər də qazanırlar. Bu vərdişləri gələcək inkişafları baxımından normal hesab etmək olarmı?
- İndi siz azyaşlılardan bəhs etdiniz. İndiki dövrün ən böyük problemi hiperaktivlikdir. Bu uşaqlar bir yerdə oturub diqqətlərini cəmləşdirə bilmirlər. Ətrafımıza baxaq, uşaqlar və gəncləri görürük. Onlar söhbət edir, ancaq hamısının da əlində telefon var. Bunun qarşısını tamamilə kəsə bilərikmi? Necə?
Valideynlər gündüzlər işlədikləri üçün axşamlar evə yorğun gəlir, yemək yeyir, dincəlir. Uşaqların əlinə telefon verəcək və ya televizoru açacaq. Yəni, kimsə kimsə ilə danışmır. Sanki valideyn öz vəzifəsini bitmiş hesab edir. Halbuki telefonlar atılmalı, ailə bir saat və ya yarım saat birlikdə oturacaq, bu, bizim ailə saatıdır deyəcək. Birlikdə şam edəcək, birlikdə söhbətləşəcək, ünsiyyət saxlayacaq. Uşaqlar hökmən ata-ananın arasında, yanında, gözləri qarşısında oturmalıdır. Yəni, valideyn ailə saatı dediyimiz vaxt çərçivəsində uşaqları ilə maraqlanacaq, ona lazım olan diqqəti göstərəcək. Uşaq hökmən anasının yanında oturacaq. Çünki ana sevgi deməkdir. Ata isə güvən və güc deməkdir. Bir uşaq ata və anasının yanında oturduğu zaman həm öz yerini, həm də gücünü öyrənəcək. Həm də güvəni öyrənəcək. Fəqət, biz uşaqları buraxırıq bir mobil maşının ixtiyarına. Mən bunu da deyim, bu mobil texnologiyalar, deyək ki, internet, “Google” və s. elə yaradılıb ki, onları 3 yaşında olan uşaq da, 60 yaşında olan böyüklər də öyrənə və ya istifadə edə bilir. Məsələ bu qədər bəsitdir. Çünki burada barmaq vasitəsilə ekran üzərində çox sadə - sağa, sola, irəli hərəkətlər var. Yəni, burada beyni çalışdıran, başı işlədən hər hansı bir şey yoxdur. Əgər söhbət azyaşlılardan, deyək ki, 6-8 yaşlı uşaqlardan gedirsə, başqa misallar göstərmək olar. Biz də uşaqlıqda müxtəlif, məsələn, çubuqlarla və s. ənənəvi oyunlar oynamışıq. O oyunlar bizim əllərimizi, zəkamızı koordinasiya edirdi. Əl, qol hərəkət edir, bütün vücud çalışır, buna uyğun olaraq beyin də daim olaraq çalışır. Bu cür oyunlar, hərəkətlər isə artıq 7 yaşdan sonra uşaqlarda riyazi təfəkkürü möhkəmləndirir. Biz isə onları bu oyunlardan alıb elektromaqnit dalğalarının içinə atırıq. Nəticədə, robot cocuqlar yetişir. Mümkün olduğu qədər bu texnologiyalardan ehtiyac duyulduğu zaman istifadə edilməlidir. Ancaq bu gün təəssüflə demək lazımdır ki, onlardan lazım oldu-olmadı, hər yanda 24 saat ərzində, yatanda belə istifadə olunur. Biz bu texnologiyalarla uşaqlarımıza artıq bir şey vermirik. Biz uşaqlarımızı yarım saatlığa belə yanımızda oturtmuruq. Bunlardan imtina olunmalıdır. Uşaqlar üçün mobil telefonlar, televizor qapadılacaq. Bu bizim ailə vəzifəmizdir. Ən mühüm şərt ailənin bütün üzvləri ilə bir arada olmaqdır. Uşaqlara diqqət və sevgidir. Məsələ bu qədər sadədir.
- Texnologiyalardan söz düşmüşkən, gələcəkdə bir çox peşənin yoxa çıxacağı və işsizlik kimi problemin kəskinləşəcəyinə dair bədbin proqnozlar səslənir. Necə etməli ki, indiki nəsil gələcəkdə işsiz qalmasın?
- Hazırda təhsil sahəsində çalışanların, təhsili idarə edənlərin ən mühüm vəzifəsi bu məsələlərə çox məsuliyyət və diqqətlə yanaşmalarıdır. Gələcək illərdə bir çox peşə olmayacaq. İşsizlik yaranacaq. Buna görə də təhsil qurumları bu sahədə çox vacib işlər görməlidirlər. Artıq indidən müəyyən hazırlıqlar aparılmalıdır. Dünyaya inteqrasiyanın yolu öyrənməkdir. Mühüm vəzifələrdən biri dünya ilə sıx əlaqə qurmağın yollarının öyrənilməsidir. Bu gün öyrəndiklərimizin gələcək tətbiqinə baxılmalıdır. İndi mövcud olan bir çox resurs gələcəkdə tükənə bilər. O zaman hər şeyi xaricdən gətirməli olacağıq. Bəli, gələcəklə bağlı müəyyən proqnozlar var, bu, hamını narahat edir. Süni intellektin yayılması ilə əlaqədar, bəziləri IV, bəziləri II sənaye dövrünün başlandığını deyirlər. Rusiya prezidenti V.Putin də bu barədə fikir səsləndirib. O deyir ki, yüksək zəkaya kim sahib olacaqsa, dünyanın lideri də o olacaq. Ona görə də gənclər gələcək yüksək zəka texnologiyalarına hazır olmalıdırlar. Uşaqlarımızı buna hazır etməliyik. Onlar gələcəkdə harada işləyə biləcəklər, bunu öyrənməyimiz lazımdır. Ancaq onu da deyə bilərəm ki, yüksək zəkaya əsaslanan iş yerləri bütün dünya üçün böyük problemlər yaradacaq. Bu barədə hər bir uşağın valideyninin düşünməsi vacibdir. Bütün təhsili idarəedən qurumların da vəzifəsi bu olmalıdır ki, süni intellektin hökmran olduğu illərdə uşaqlarımız işsiz qalmasınlar.
Robotlar insanı əvəz edə bilməz
- İndi bütün dünyada il ərzində 4-5 yeni peşə yaranır, bir o qədər də peşə yoxa çıxır. Necə bilirsiniz, həyatın bir çox sahəsində insan əməyini əvəz edən robotlar gələcəkdə müəllimi də əvəz edə bilərmi?
- Deyək ki, müəllim var, bir də həkim var. Məsələn, elə texnoloji qurğular çıxacaq ki, (artıq var) konkret bir işi həkimdən daha yaxşı görür. Yəni, müayinə və müalicə edir. Xəstənin bütün xəstəliklərini aşkar edərək tam müayinə, təhlil edir və xəstəliyin tam mənzərəsini göstərir. Nəticə olaraq xəstəyə lazım olan dərmanı da müəyyən edir və “sənin dərmanın budur” deyir. Yəni, həkimdən də yüksək səviyyəli bir sonuc verir. Həkim onun qədər dəqiq ola bilmir. Məsələnin başqa tərəfinə baxaq. Siz bir insan olaraq həkimlə danışmaq əvəzinə bir mexanizmin sizinlə danışmasını istərdinizmi? Heç kim istəməz! Hər nə olsa, həkim o mexanizmin verdiyi nəticəni yavaş-yavaş sənə verə, dolayısı ilə səndə olan xəstəliyi tapa bilər.
Ona görə də müəllim hökmən qalacaq. Amma müəllim bəlkə də belə qalacaq- beynəlxalq müəllimlər olacaq. Bəlkə mən bir dərsimi burada deyil, deyək ki, Hindistandakı bir müəllimdən, başqa birisi eyni dərsi Türkiyədə, üçüncüsü Amerikadakı müəllimdən almaq istəyəcək. Dünyada bu cür, qloballaşma dediyimiz şeylər baş verəcək. Qeyd edim ki, gələcəyə açıq gənclərimiz var. Buna görə də gənc nəsil önündəki divarları aradan qaldırmaqla, onların beynini inkişaf etdirməklə gələcəyə hazırlamaq olar və lazımdır. Bu da bizdən asılıdır.
Süni intellektə gəlincə deməliyəm ki, bəli, gələcəkdə bir çox iş yerini maşınlar zəbt edəcək. Bəzi iş yerləri işləməyəcək. İndi onların köməyi ilə binalar tikilir, körpülər inşa olunur. Bu sahə çox irəli gedəcək. O qədər irəli gedəcək ki, özünü yaradıcı yerinə qoymağa başlayacaq. Çünki bu mexanizmlər, bu robotlar sürətlə öyrənirlər. Amma biz insanlar bəzən tənbəllik edir, öyrəndiyimiz yetərlidir deyirik. Yeni şeyləri öyrənməyə bəzən açıq deyilik. Öyrənməyi, oxumağı, təfəkkürü buraxdıq. Tənqidi düşünməyi də buraxdıq. Bu, çox pisdir. Bunları buraxdığımız üçün də həyatımıza maşınlar daxil olub. Onlar çox sürətlə, çılğınlıqla öyrənirlər. Feysbukda da vardı, hətta belə bir hadisə olmuşdu. Elə bir gün gəldi ki, iki ağıllı robot öz dilini yaratdı, ünsiyyət qurdu, aralarında danışmağa başladı. Nə ingilis, nə türk, nə də başqa dil... Baxdılar ki, çox fərqlidirlər, onlardan qorxdular. Dərhal da bu işləri dayandırdılar.
Artıq sürücüsüz maşınlar peyda olub, sürücü kimi insana ehtiyac yoxdur. Sürücü maşında oturur, ancaq əlini heç nəyə vurmur. Bu sahədə aparılan işlər, bilmədiklərimiz o qədərdir ki. Onların yaratdığı elə dəhşətli işlər var ki, bizə göstərmirlər.
Yəni, gələcək çox sürətlə dəyişir. Ona görə də nə qədər olsa da, robot heç vaxt insanın yerini tuta bilməz. Çünki bu dünya insan üçün yaranıb, yaradılıb. İnsan yoxdursa, dünyanın bir mənası yox ki! Buna görə də insan qalacaq və qalmalıdır. İnsanın olmadığı bir dünyanın heç bir anlamı yoxdur. İndi biz söhbət edirik, mən canlı insan olaraq sizinlə deyil, yerinizdə oturan maşınla necə söhbət edim? Necə ünsiyyət qura bilərəm onunla? Buna görə də qəti deyə bilərəm ki, robotlar insanı əvəz edə bilməyəcək. Amma onların sürətli inkişafı ilə əlaqədar biz də öz düşüncələrimizə uyğun hazırlıq görməliyik. Başqa cür ola bilmərik. Yoxsa onlar bizi istədikləri kimi yönləndirə bilər, başqasının əsiri ola bilmərik.
Müəllimlər layihələrlə şagirdlərin tədqiqatçılıq qabiliyyətini inkişaf etdirməlidir
- Ancaq robotları yaradan insandır. Deməli, onları yaradan və işə salan da məktəbdə yetişir. Necə edək ki, gələcəkdə də maşınlar insandan asılı olsun?
- İndi uşaqlar böyüklərdən fərqli olaraq telefondan daha yaxşı istifadə edirlər. Biz onların önünü kəsmişik. Əslində, onlar bu texnologiyaların içindədirlər. Gizli-gizli. Düşünürəm ki, biz bunu bir proqram çərçivəsində yerinə yetirsək daha faydalı olardı. Deyək ki, hər bir məktəbdə panel laboratoriyalar yaradıla bilər. Uşaqlar robot texnologiyalarını və mobil qurğuları burada müəllimin nəzarəti altında öyrənsələr daha yaxşı olardı. Texnoloji qurğu necə işləyir- “0” və “1” var. Bu qədər sadədir. Sıfırı basırıq maşın işləmir, 1-i basırıq işləməyə başlayır. İstənilən texnoloji qurğu bu mexanizm əsasında işləyir. Buna görə də bu bilikləri şagirdlərə daha yaxşı çatdırmaq üçün müəllimlər layihələr işləyib hazırlamalıdırlar. Yəni, şagird hər hansı qurğunu işə salıb-dayandırmağı deyil, məhz tədqiqatı necə aparmalı olduğunu öyrənsin. Tutaq ki, sinifdə 5 nəfərdən ibarət tədqiqat qrupları yaradırıq, onların hər birinə ayrı-ayrı mövzularda mobil texnologiyalar və ya robot maşınların işi barədə tapşırıqlar veririk. Bu, daha yaxşı səmərə verə bilər. Uşaqlar bu tapşırıqlarla məşğul olduqları zaman nə sinifdə, nə də tədrisdə problem olmur. Amma biz bunu etmirik. Əvəzinə əlimiz telefonun rəqəmləri üstündə gəzir. Buna görə də müəllimlər layihələrlə öz şagirdlərinin tədqiqatçılıq qabiliyyətini inkişaf etdirməyə nail olmalıdırlar. Onlara araşdırmaları necə həyata keçirməyi öyrətmək lazımdır.
- Ərdəm bəy, siz müəllimlikdən direktorluğa yüksəlmisiniz. Sizcə, direktor kimdir: rəhbər, yaxşı menecer...
- Hər ikisi. Müasir dövrdə məktəb rəhbərlərinin üzərinə böyük iş düşür. Yəni, o həm direktor, həm də yaxşı menecer olmalıdır. Çünki dünya sürətlə dəyişir. Toplumun da, şagirdlərimizin də psixologiyası çox sürətlə dəyişir. Direktor həftədə ən azı 2 saat mütləq şəkildə dərsə girməlidir. Direktorun işi çox ola bilər. Ancaq o dərs deməlidir ki, müəllimliyi unutmasın. Mənim məktəbim hara gedir? Uşaqlar hara gedir? Bütün bunları anlaya bilmək üçün bu prosesin içində olmaq, bunları görmək lazımdır.
Biz hər bir işi özümüz gördüyümüz zaman işin altından qalxa bilmirik. Direktor təşkilatçıdır. O, məktəbin idarə olunmasına başçılıq edir. Məktəb həyatına dair işləri paylaşdırmalı və onların işinə nəzarət etməlidir. O, biləcək ki, kim bu işləri daha yaxşı görür. Onun vəzifəsi iş görmək deyil, təşkil etmək və nəzarət etmək, qiymətləndirməkdir. Çünki hər şey onun liderinin xarakterindən asılıdır. Hər bir ailə də onun başçısının, liderinin xarakterini daşıyır. Bir məktəb direktorunun xarakteri necədirsə, təhsil ocağının da xarakteri odur. Bir toplumun da xarakteri onun liderinin xarakteri ilə bağlıdır.
İnsan yetişdirən peşə sahibləriyik
- Sonda müəllimlərimizə tövsiyələrinizi eşitmək istərdik.
- Onlara demək istəyirəm ki, müəllim kimi müqəddəs bir peşənin sahibləri olduqları üçün özləri ilə qürur duysunlar. Müəllimlik pulla görüləcək bir məslək deyil. Əlbəttə ki, pula da ehtiyacımız var. Amma müəllimlik puldan daha üstün olan bir peşədir. Bu, hər kəsə nəsib olmaz. Bu məsləkə sahib olan insan Allahına çox minnətdar olmalıdır. Belə bir məsləki ona verdiyi üçün. Çünki bizlər insan yetişdirən peşə sahibləriyik. Bizlər bu ölkənin gələcəyini inşa edən insanlarıq. Bunun nə olduğunu bildikdə öz peşəmizin öhdəsindən sevgi ilə gələrik. Peşənizi və balalarınızı çox sevin. Sevgi ilə sinfə girin, savaşaraq deyil, sevgi ilə sinifdən çıxın. Sizlər sevgi insanlarısınız. Öz sevginizi balalara verdikcə, sizlər güldükcə uşaqlar da güləcək və sevinəcək.

Oruc MUSTAFAYEV



Oxşar xəbərlər