“Azərbaycanda tələbə peyki” müsabiqəsi tədqiqat işlərinə böyük maraq yaradacaq

“Azərbaycanda tələbə peyki” müsabiqəsi tədqiqat işlərinə böyük maraq yaradacaq Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda tələbə peyki (CanSat Azərbaycan-2018)” müsabiqəsinin təqdimatı olub.
Müsabiqə “Azərkosmos” ASC-nin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə AzTU-nun prorektoru İlham Pirməmmədov Azərbaycanın artıq öz peyki olduğunu və dövlətimiz tərəfindən bu sahəyə böyük diqqət yetirildiyini deyib. Qeyd olunub ki, yerli universitet komandaları arasında təşkil ediləcək “Azərbaycanda tələbə peyki” müsabiqəsi tələbələr arasında Yerin süni peykləri sahəsində tədqiqat işlərinə böyük maraq yaradacaq. İlham Pirməmmədov deyib: “Müsabiqənin gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübə qazandıracağı gözlənilir”.
“Azərkosmos” ASC-nin nümayəndələri Fəxri Babayev, Rüstəm Zalıyev və Fidan Behbudova Azərbaycanın peyk sənayesindən, “Azerspace-1” və “Azerspace-2” peyklərinin təyinatından, diapazonundan, həmçinin ölkəmizə faydasından danışıblar. Bildirilib ki, ölkəmizdə peyk xidmətləri sahəsində elmi tədqiqatların aparılması, eləcə də yerli mütəxəssislər tərəfindən kiçikölçülü peyklərin hazırlanması üçün artıq müəyyən imkanlar yaranıb. Məhz bu imkanların reallaşdırılması üzrə təcrübə, bacarıq və vərdişlərin əldə edilməsi baxımından tələbələr arasında model peyki müsabiqələrinin keçirilməsinin əhəmiyyətli rolu var.
Diqqətə çatdırılıb ki, respublika üzrə ümumilikdə 16 ali məktəbin qatıldığı müsabiqədə AzTU-nun radiotexnika, avtomatika, kompüter texnologiyası, telekommunikasiya yönümlü ixtisaslarında təhsil alan 150-yə yaxın tələbəsi iştirak edəcək.

Hüseyn Şərifov


 “Azərbaycanda tələbə peyki” müsabiqəsi tədqiqat işlərinə böyük maraq yaradacaq

Oxşar xəbərlər