Ömrün kamillik zirvəsi

Ömrün kamillik zirvəsi “Tarix hər kəsə həyatda öz yerini və məramını müəyyən etməyə köməklik etmişdir. Həyatda nə kiçik, nə də ki, böyük rollar mövcud deyil. Sənin dərk etdiyin məsuliyyət sənə imkan verir ki, öz kitabını yazasan və özünü orada da yaradıcı və ya dağıdıcı bir kəs kimi təsdiq edəsən”.

Mehriban xanım Əliyeva,
Azərbaycanın Birinci
vitse-prezidenti


İnsan təbiətin bir hissəsidir. Həyata gəlir yaşayıb yaratmaq üçün. Ondan nə isə öyrənib öyrətmək üçün. Dünyanın binası qoyulandan belədir. İnsan taleyini arayıb axtarır, iməkləyə-iməkləyə, yüyürə-yüyürə, yıxıla-yıxıla taleyinin ardınca yol gəlir. İnsan əməli ilə yerə bağlı olsa da, taleyi ilə göyə bağlıdır. İnsan ömrünü, taleyini kosmik parametrlərlə ölçüb-biçib. Dünyanın çox sirlərinə əl aparıb açılmamış çox sirləri açıb. Yerin dərin qatlarından tutmuş ərşin əlçatmazlıqlarına kimi baş vurub. Kainatın möcüzələri insan təfəkkürünün qarşısında adiləşib. Ancaq sirri Allahdan başqa heç kim bilməyib. Hər şeyə qadir Allah insana yaşamaq üçün nə lazımdırsa, artıqlamasıyla verib. Bircə taleyi Tanrı öz əlində saxlayıb. Nə yaxşı ki, tale seçilmir, tale yaşanır.
İnsan həyata gəldiyi andan ömür yollarının müxtəlif mərhələsində sınaqlarından, imtahanlardan keçir. Yaş üstünə yaş gəldikcə enişli-yoxuşlu, uğurlu-kədərli döngələr hər kəsi formalaşdırır. Həyatda nikbin nəzərlərlə öz qüvvəsinə və ilahinin qüdrətinə güvənərək addımlayan şəxslərin yolu zirvələrə doğru cığır açır. Məsuliyyətli, şərəfli yolu vüqarla gedən insanlar xalqın gözündə daim ucalıblar. Belə şərəfli yol yolçularından biri də Hüseyn Dəmir oğlu Həsənovdur.
Hüseyn Dəmir oğlu Həsənov 1933-cü il yanvarın 24-də Zərdab rayonunda anadan olub. Sadə bir ailədə böyüyən Hüseyn müəllimin atası Dəmir Hüseyn oğlu 1907-ci ildə Zərdabda doğulub. Orta məktəbi bitirdikdən sonra texnikumda təhsil almışdır. Böyük Vətən Müharibəsi başlasa da, mütəxəssis çatışmadığı üçün hökumət ona "brom" verərək arxa cəbhədə çalışmasını lazım bilmiş, o da su idarəsində baş mühəndis, texniki mühəndis kimi işləyərək xalqına canla-başla xidmət göstərmişdir. Anası Muxisə xanım 1906-cı ildə Zərdab rayonunda anadan olmuşdur. Orta təhsilini kənd orta məktəbində aldıqdan sonra təsərrüfatda çalışmış, həyat yoldaşı ilə çiyin-çiyinə işləyərək zəhmətlə 5 övlad - 3 oğlan, 2 qız böyüdüb boya-başa çatdırmışlar.
H.Həsənovun 12 yaşı olanda 1945-ci ildə atası 34 yaşında dünyasını dəyişmişdir. Ailənin bütün yükü anasının və onun üzərinə düşmüşdür. Kiçik yaşlarından atasızlığın nə olduğunu anlayan Hüseyn Həsənov bacı-qardaşlarının böyüməsində, onların tərbiyə almalarında anasına köməklik göstərmişdir. Həyatda onun qarşısına hər zaman gözəl insanlar çıxmışdır. 1949-1951-ci illərdə Aslan Mirzəzadə Zərdab rayon Partiya Komitəsinin katibi işlədiyi zaman Hüseyn müəllimi övladı kimi himayə edərək dərsləri ilə maraqlanmış, kənd sovetində kuryer, raykomda kuryer, əməli katib vəzifələrini ona həvalə etmişdir.
Bütün uğurların açarı sayılan zəhmət Hüseyn Həsənovun ömür yolunu nura qərq edən əsas meyar olmuşdur. 12 yaşından zəhməti, çalışqanlığı, işgüzarlığı nəticəsində Zərdab kənd sovetində kuryer-hesabatçı vəzifəsindən raykom katibinə qədər çətin, məsuliyyətli bir ömür yolu keçərək ulu öndərimiz Heydər Əliyevin kadrı kimi yetişmişdir.
Həyat sınaqlarını pillə-pillə aşan, hər zaman haqq-ədalət tərəfində olan Hüseyn müəllim əvvəl Zərdab rayon Partiya Komitəsində kuryer, Partiya Komitəsində əməli katib, Komsomol Komitəsində təşkilat şöbəsinin müdiri, Komsomol Komitəsində II katib, Partiya Komitəsində təlimatçı, Partiya Komitəsində vahid partiya bileti bölməsinin müdiri, Ucar rayon Kənd İstehsalat Partiya Komitəsində təlimatçı, Partiya Komitəsində təşkilat şöbəsinin müdiri, Zərdab rayon Komitəsinin katibi, Zərdab rayon Partiya Komitəsində II katib, Xalq Deputatları Sovetində məsləhətçi, Azərbaycan KP Zərdab Rayon Təşkilatının Nəzarət Komissiyasının sədri, Zərdab Rayon İcra Hakimiyyəti başçısının Zərdab şəhəri üzrə nümayəndəsi, Zərdab rayon Dövlət Sığorta Agentliyinin direktoru, Azərbaycan Sahibkarlıq Elm və İstehsalat Müəssisələri Müstəqil Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri, Zərdab rayon Veteranlar Şurası sədrinin I müavini kimi məsuliyyətli vəzifələrdə işləyib. 2010-cu ildən bu günə qədər rayon Müharibə, Əmək, Silahlı Qüvvələri və Hüquq Mühafizə Orqanları Veteranlar Şurasının sədri vəzifəsində çalışmaqdadır.

Ömrün kamillik zirvəsi

Uzun müddət xalqı üçün yorulmadan, usanmadan çalışıb Hüseyn müəllim. A.P.Çexov yazırdı: "İnsanı gözəlləşdirən, ona zinət verən ən mühüm cəhətlərdən biri də onun təvazökar və sadə olmasıdır". Hüseyn müəllim də sadə, səmimi, mehriban bir insandır. Nüfuzlu vəzifə kürsülərində çalışsa da, paklığı, sadəliyi, ondan kömək umanlara təmənnasız, qarşılıq gözləmədən əl tutması onu hər kəsin gözündə ucaldaraq hörmətli, dəyərli el ağsaqqalı adı qazandırıb. İnsan üçün bundan böyük xoşbəxtlik ola bilməz.
Belə bir deyim var: "Hər güclü kişinin arxasında ağıllı bir qadın dayanır". Bu deyim sanki 56 il onunla birlikdə ömür sürən Hüseyn müəllimin xanımı Minurə xanım üçün deyilib.
Minurə Məhyəddin qızı Sədiyeva - Həsənova 1938-ci il mayın 18-də xeyirxah bir ailədə anadan olub. 1960-cı ildə Göyçay Tibb Texnikumunu bitirib Zərdab rayon Uşaq Xəstəxanasında işə başlamışdır. Minurə xanım 1961-ci il oktyabrın 21-də Hüseyn müəllimlə ailə həyatı qurmuşdur. O, 40 il Zərdab Rayon Xəstəxanasında baş tibb bacısı kimi çalışaraq insanların sağlamlığı keşiyində can-başla dayanmışdır. O vaxt yaşadıqları ev qəza vəziyyətində olduğu üçün dahi şəxsiyyət Heydər Əliyev bundan xəbər tutan kimi bu ailə üçün ata ocağında ev tikdirmiş, onlar da uzun illərdir ki, həmin evdə yaşamaqdadırlar. Minurə xanım hər zaman Hüseyn müəllimə arxa-dayaq durmuş, həyatda ən yaxın dostu, sirdaşı olmuşdur. Təbii ki, Hüseyn müəllimin əldə etdiyi uğurlarda onun ömür-gün yoldaşının zəhməti az olmayıb. H.Həsənov söyləyir:
- Ömrümün 60 ildən çoxunu ictimai işlərə həsr etmişəm. Ailə qurduqdan sonra həyat yoldaşım hər zaman mənə dəstək olmuşdur. Buna görə də ona çox minnətdaram. O, yaxşı və pis günlərimin ortağıdır. İctimai həyata gəldikdə isə, mənim fəaliyyətim çoxşaxəli olub.
1954-cü ildə Bakı Ali Hərbi Məktəbini, 1965-ci ildə ADU-nun tarix-ictimaiyyət fakültəsini, 1982-ci ildə Sov.İKP MK yanında Bakı Ali Partiya Məktəbini bitirmişəm. Hansı sahədə çalışmışamsa, işimə məsuliyyətlə yanaşaraq dövlətimizə xidmət etməyimlə hər zaman qürur hissi keçirmişəm. Fəxr edib qürur duyduğum məqamlardan biri də 8 dəfə ulu öndərimiz Heydər Əliyevlə, 4 dəfə isə cənab Prezidentimiz İlham Əliyevlə görüşlərimin xatirəsidir. Ömrümün 40 ildən çoxunu dahi şəxsiyyətin rəhbərliyi altında çalışmışam. Heç xatirimdən çıxmır, 45 yaşım olduğu üçün Ali Partiya Məktəbinə qəbul ola bilməzdim. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev 1978-ci ildə Sov.İKP MK-nın siyasi bürosunun razılığını alaraq istisna hal kimi partiya məktəbinə qəbul olmağıma şərait yaratmışdır. Əslində, ora qəbul olan azərbaycanlılar Moskvada oxumalı idilər. Lakin Heydər Əliyevin hörməti və nüfuzu sayəsində Sov.İKP MK yanında Ali Partiya Məktəbinin Bakıda Zaqafqaziya filialının açılmasına nail oldu. Bu, mənim və mənim kimi orada təhsil alacaq azərbaycanlıların ürəyincə idi. Mən uzun müddət partiya, sovet və dövlət qulluğunda fasiləsiz, qüsursuz işləyərək Heydər Əliyev məktəbində yetişmişəm. Bununla da fəxr edirəm. Sevinirəm ki, bu gün müstəqil dövlətimizə rəhbərlik məhz Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, ulu öndərimizin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" - fikrini söylədiyi cənab Prezidentimiz İlham Əliyevə etibar edilib. Heydər Əliyevin qoyduğu təməl, prinsiplər əsasında Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarmış, ulu öndərimizin siyasi kursunun ən layiqli davamçısı olduğunu bütün dünyaya nümayiş etdirmişdir.
Qeyd etdiyim kimi cənab Prezidentimiz İlham Əliyevlə 4 dəfə görüşmüşəm. 2012-ci il oktyabrın 7-si onun Zərdaba növbəti səfərində Prezidentiimizə gördüyü işlərə görə bütün Zərdab xalqı, veteranlar, gənclər və YAP Zərdab rayon təşkilatının üzvləri adından təşəkkürümü bildirmişdim. Görüş zamanı cənab Prezident veteranlara hörmət bəslədiyini, bundan sonra da onlara diqqət və qayğı göstəriləcəyini qeyd etmişdir. Mən özüm də onun necə həssas, diqqətcil bir insan olduğunu görmüş, qayğı və diqqətini dəfələrlə hiss etmişəm. 2006-cı il fevralın 2-də dövlət başçımız mənə avtomobil hədiyyə etməsi ilə sanki dünyanı bəxş etmişdir. Bu, mənim yaşadığım illər ərzində ilk şəxsi avtomobilimdir. Bu hədiyyə ona görə mənim üçün qiymətlidir ki, o, mənə sevdiyim, dərin hörmət bəslədiyim bir insan tərəfindən bağışlanmışdır.

Ömrün kamillik zirvəsi

İnanıram ki, builki prezident seçkilərində cənab İlham Əliyev yenidən qalib gələcək, Azərbaycan xalqı onun rəhbərliyi ilə parlaq gələcəyə inamla addımlayacaqdır".
Hüseyn Həsənov Mehriban xanım Əliyevaya Birinci vitse-prezident seçilməsi, cənab İlham Əliyevə 2017-ci il dekabrın 24-ü doğum günü - 56 yaşı tamam olması münasibətilə təbrik məktubu göndərərək onlara xoş arzularını bildirmişdir.
Hüseyn müəllim insanlarla gözəl həmsöhbətdir. Onunla hər ünsiyyət insanı mənən zənginləşdirir, insana ruh yüksəkliyi verir. Bu gözəl insanla hər sahədən - mədəniyyətimizdən, tariximizdən, ədəbiyyatımızdan, bütövlüklə mənəviyyatımızdan danışanda onun dərin və hərtərəfli biliyə malik olmasının şahidi ola bilərsən.
Zərdab rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüqüq Mühafizə Orqanları, Veteranlar Şurasının sədri, istefada olan kapitan, Birinci dərəcəli SSRİ Alpinisti, SSRİ Müdafiə Naziri marşal Jukov və müavini marşal Konyevin fəxri fərmanlarına layiq görülən, "Keçici Qırmızı bayraq", "Şərəf nişanı" ordenli, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının şura üzvü, Əmək və dövlət qulluğu veteranı, fərdi təqaüdçü, "Azərbaycan bayrağı" ali media mükafatı laureatı, "Əsrin ziyalıları" XİB-i tərəfindən təqdim olunan "Əsrin ziyalısı - Ən yaxşı dövlət qulluqçusu" media və fəxri diplom sahibi, bir sıra orden, medal, fəxri fərman, diplomlarla təltif olunan Hüseyn Dəmir oğlu Həsənov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının 12 nömrəli vəsiqəsi ilə ittifaqın fərdi üzvü olaraq "Xalqın nüfuzlu ziyalısı" mükafatı laureatı adını da qazanıb. Haqqında uzun illər mətbuat səhifələrində materiallar hazırlanan H.Həsənov barəsində Sülhiyyə Musaqızının "Zərrələrdən zirvəyə" elmi-texniki-fəlsəfi-tibbi ensiklopedik toplusunun IV hissəsində geniş məlumat verilib.
Belə bir deyim var: "Həyat daha çox insana xoşbəxtlik gətirənləri ən xoşbəxt insan kimi yüksəldir". Bu deyimi hörmətli el ağsaqqalı Hüseyn müəllimə şamil etmək yerinə düşər. O, yaşadığı illər ərzində hər zaman insanları düşündü, yıxılana əl uzatdı, köməksizə, imkansıza arxa-dayaq oldu, insanları sevdi. Yaxşı insan, dəyərli şəxsiyyət kimi həyatda gözəl izlər qoydu. Öz elinin, obasının sevimlisinə çevrildi - sadəliyi, mərhəməti, insanlara olan böyük sevgisi ilə. Yaşadığı şərəfli ömür boyu öz işində, fəaliyyətində dövlətə, dövlətçilimizə sadiq oldu, vətəni sevdi. Bütün bu mənəvi keyfiyyətlərə, dəyərlərə görə də xalqın gözündə yüksəldi. Nahaq yerə deməyiblər: “Böyük arzular yalnız öz gözündə, böyük əməllər isə insanı hamının gözündə yüksəldir”.
Bu il Hüseyn müəllim və ömür-gün yoldaşı Minurə xanım üçün əlamətdar bir ildir. Belə ki, Hüseyn Həsənovun 85 illik, Minurə xanımın 80 illik yubileyləri və ailə həyatı qurmalaranın 56 illiyi məhz 2018-ci ilə təsadüf edir. Bu münasibətlə çoxsaylı oxucularımız, kollektivimiz adından hər iki yubilyarı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, xoş günlər arzulayırıq. Tanrıdan sizə bəxş olunan, birgə addımladığınız ömrün hər sabahını xoş xəbərlərlə açıb, doya-doya, sevinc hissləri ilə yaşayasınız, Hüseyn müəllim. Yubileyiniz mübarək!

Ömrün kamillik zirvəsi


Sən mənimləsən


(Ömür-gün yoldaşım
Minurə xanıma)

Əlli çəkkiz il əvvəl səni görəndə,
Bu dünya bəxtimə, üzə güləndə.
Ömür bütövləşdi səndə və məndə,
Sən ki bu dünyanın bəxtəvərisən,
Əlli altı ildir sən mənimləsən.

İllərə nə var ki, bir-bir ötüşdü,
Hərənin bəxtinə bir gözəl düşdü.
Bizi qovuşduran o ilk görüşdü,
Sən ki bu dünyanın bəxtəvərisən,
Əlli altı ildir sən mənimləsən.

Üç il mən düşmüşdüm sənin ardınca,
Dilim qabar oldu bir "hə" alınca.
Bilmədin nə çəkdim mənim olunca,
Sən ki bu dünyanın bəxtəvərisən,
Əlli altı ildir sən mənimləsən.

Ömrün payızıdır, xəzəllənirik,
Ələkdə darı tək biz ələnirik.
İndi quru sözə biz güvənirik,
Sən ki bu dünyanın bəxtəvərisən,
Əlli altı ildir sən mənimləsən.

Şükürlər, birlikdə dolmuşuq yaşa,
Sağlıqla bu ömrü vuraq biz başa.
Arzu, istəyimiz dəyməsin daşa,
Sən ki bu dünyanın bəxtəvərisən,
Əlli altı ildir sən mənimləsən.


Hüseyn Həsənov

Qəlbinlə bağlısan bu ana yurda

(Vətənin dəyərli, hörmətli ziyalısı,
el ağsaqqalı, Əmək və Dövlət
qulluğu veteranı Hüseyn müəllim
Həsənova həsr edirəm)

Bir əhli-hal kimi, ağsaqqal kimi,
Həmişə ən başda görmüşəm səni.
Sərkərdə timsallı bir qartal kimi,
Duruşun ilhama gətirdi məni.

Sən oddan, alovdan keçib gəlmisən,
Səni qorxutmayıb boran da, qar da.
Sədaqət andını içib gəlmisən,
Qəlbinlə bağlısan bu ana yurda.

De, mənim sözümü kim edər inkar?
Veteran bu yurdun yaraşığıdı.
Aldığın ordenlər, bütün medallar,
Saf həyat yolunun gur işığıdı.

Ömrün səksən beşin keçsə də yaşın,
Qəlbində sönməyən gənclik eşqi var.
Göylərə dikilən qartal baxışın,
Düşmənin köksünə vəlvələ salar.

Özünə şərəfli bir yolu seçdin,
Arzunla gül açdı çölün-çəmənin.
İmtahandan çıxdın, sınaqdan keçdin,
Sadiq əsgərisən Ana Vətənin.

Vətənlə kökləndi qəlbinin simi,
Sandın ki, bu həyat böyük savaşdı.
Sən dağlar adladın alpinist kimi,
Dönməz iradəndən ellər danışdı.

El-oba yolunda döndün dayağa,
Nurlu əməlindən könüllər gülür.
Səni görən kimi qalxıb ayağa,
Deyirlər Hüseyn müəllim gəlir!

Səndən öyrənirik, səndən mərdliyi,
Kim bu şücayəti öyrətdi sənə?
Mənə elə gəlir qaya sərtliyi,
Dağlar əzəməti öyrədib sənə.

Bu eldə, obada qazanıb ad-san,
Ucaldın kamillik zirvəsinə sən.
Sanki dərs alaraq qoy Koroğludan,
Dönübsən məğrurluq nəğməsinə sən.

Hər an darıxırıq xoş sözün üçün,
Elləri arxanca apara bildin.
Təkcə yaşamadın sən özün üçün,
Həm də yaşatmağı bacara bildin.

Dönmədin andından, əqidəndən sən,
Dəf etdin həyatın çətinliyini.
De, necə yazmayım, vəsf etməyim mən,
Səndəki əqidə mətinliyini.

Ömrü yaşamadın sən əbəs yerə,
Vətənə sevgiylə qəlbin dolubdur.
Qaynar həyat yolun gənc nəsillərə,
Tərbiyə məktəbi, örnək olubdur.

Mübariz Səfiyaroğlu Mizrab

Kəmalə Rəhimli
"Təhsil-press.az" İnformasiya Agentliyinin əməkdaşı


Oxşar xəbərlər