İctimai Nəzarət Şurası: “Təhlillər göstərir ki, UNEC hədəfə doğru inamla irəliləyir”

İctimai Nəzarət Şurası: “Təhlillər göstərir ki, UNEC hədəfə doğru inamla irəliləyir” UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib.
Şurada UNEC İctimai Nəzarət Şurasının üzvləri də iştirak edib. UNEC-in rektoru, professor Ədalət Muradov qış imtahan sessiyasının obyektiv və şəffaf keçirilməsində göstərdiyi dəstəyə görə şura üzvlərinə təşəkkür edib. Bildirib ki, UNEC İctimai Nəzarət Şurası universitetdə bütün tədris boyu fəaliyyət göstərəcək və bir ixtisasın idarəetməsi tamamilə onlara həvalə olunacaq.
İclasda UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov qış imtahan sessiyasının yekunlarına dair hesabatla çıxış edib. Prorektor qış imtahan sessiyasında ötən illərlə müqayisədə daha yüksək nəticələr əldə edildiyini bildirib. “İqtisadiyyata giriş” fənninin ilk dəfə olaraq yazılı keçirilməsinə diqqət çəkən prorektor, tələbələrin 53%-nin bu imtahanları yaxşı və əla qiymətlərlə başa vurduğunu müsbət hal kimi qiymətləndirib.
Sonra UNEC İctimai Nəzarət Şurasının koordinatoru, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev şura üzvlərinin UNEC-də üç imtahan sessiyasını izlədiklərinə diqqət çəkib. O, imtahanlarda obyektivlik və şəffaflığın təmin edilməsini yüksək qiymətləndirib: “Müşahidələrimizi təhlil edəndə görürük ki, UNEC hər dəfə ötən illə müqayisədə qarşıya qoyduğu hədəfə doğru daha da inamla irəliləyir”.
E.Əliyev qış imtahan sessiyasında UNEC İctimai Nəzarət Şurasının tələbələr arasında keçirdiyi anonim rəy sorğusunun nəticələrini də açıqlayıb. Bildirib ki, 10 sualdan ibarət sorğuda respondentlərin imtahanların təşkili, obyektivliyin təmin olunması, tədris prosesinin gedişi, sualların keyfiyyəti və tədris olunan mövzularla uyğunluğu, imtahanların yazılı keçirilməsi, tələbə məmnuniyyəti ilə bağlı münasibətləri öyrənilib. E.Əliyev sorğunun nəticələrinə əsasən, tələbələrin UNEC-də tətbiq edilən islahatları yüksək qiymətləndirdiyini qeyd edib.
Elmi Şurada UNEC-in tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. Bu istiqamətdə məqsədyönlü addımların atılması üçün qərara alınıb ki, Elm və İnnovasiyalar Mərkəzi ilə Elm şöbəsi ləğv edilərək, onların bazasında Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamenti yaradılsın. Eyni zamanda, müəllimlərin elmi maraqlarını nəzərə alaraq, UNEC-də Monetar İqtisadiyyat Elmi Tədqiqat Mərkəzi, İqtisadi Klinika və Xanım Tədqiqatçılar Şurası yaradılmasına qərar veriblər. Beynəlxalq Əməkdaşlıq Departamentinin tərkibində Layihələrin idarəedilməsi şöbəsi yaradılıb. Əlilliyi olan tələbələr üçün mərkəzin adı isə İnklüziv təhsilin inkişafı mərkəzi ilə əvəz edilib.

UNEC-in Mətbuat Xidməti


İctimai Nəzarət Şurası: “Təhlillər göstərir ki, UNEC hədəfə doğru inamla irəliləyir”

İctimai Nəzarət Şurası: “Təhlillər göstərir ki, UNEC hədəfə doğru inamla irəliləyir”

İctimai Nəzarət Şurası: “Təhlillər göstərir ki, UNEC hədəfə doğru inamla irəliləyir”

Oxşar xəbərlər