UNEC-də qış imtahan sessiyası başlayıb

UNEC-də qış imtahan sessiyası başlayıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/17-ci tədris ilinin qış imtahan sessiyası başlayıb.
Start verilən yeni sessiya dövründə də tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi prioritet seçilib. Bununla bağlı UNEC-də bir sıra yeniliklər tədbiq edilib.
Bu il də UNEC-də imtahanlar ictimaiyyətə açıq keçiriləcək. Sessiya dövründə ilk dəfə olaraq QHT nümayəndələri tələbələr arasında sessiya ilə bağlı anonim sorğu keçirəcəklər. Sorğunun nəticələri imtahanların təşkili və tələbə biliyinin qiymətləndirilməsi ilə bağlı real vəziyyəti ortaya çıxaracaq. Qarşıya çıxan problemlərin həlli üçün müvafiq addımlar atılacaq.
Qış imtahan sessiyasının bir yeniliyi də ondan ibarətdir ki, bu il universitetin “Qaynar xətt” (146-1-3) xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə ediləcək. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda onların araşdırılmasına da yalnız onlar nəzarət edəcək.
Sessiyanın sonuna kimi UNEC-də kitabxana və oxu zalları axşam saat 22.00-dək işləyəcək. Tələbələr imtahana hazırlaşarkən yaranan sıxlığın aradan qaldırılması üçün bütün tədris binalarında fasiləsiz internetlə təmin edilən xüsusi auditoriyalar ayrılıb.
Sessiya dövründə hər həftənin şənbə günü saat 10:00-12:00-da UNEC rektorunun “Açıq qapı” günü keçiriləcək. UNEC-in rektoru, professor Ədalət Muradov KİV və QHT nümayəndələrini “Açıq qapı” günlərində, həm də imtahan sessiyasında yaxından iştirak etməyə dəvət edib: “Universitetdə təhsilin keyfiyyətinin davamlı təkmilləşdirilməsi üçün sizin rəyiniz bizim üçün çox əhəmiyyətlidir”.
Qeyd edilənlər rektorun qış imtahan sessiyasının başlaması münasibəti ilə tələbə və valideynlərə müraciətində də öz əksini tapıb. Müraciətdə bildirilib ki, imtahan sessiyası ictimaiyyətə açıq keçirilir və istənilən valideyn övladının imtahanını izləyə bilər. Jurnalistlər isə “nəzarətçi” qismində imtahanlara cəlb ediləcəklər.
Zaqatala və Dərbənd filialları, eyni zamanda Maliyyə-İqtisad Kollecində də imtahanlar eyni qaydada keçiriləcək.
UNEC-də qış imtahan sessiyası fevralın 2-də yekunlaşacaq. Hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd həm də UNEC tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti
[right][/right]


UNEC-də qış imtahan sessiyası başlayıbUNEC-də qış imtahan sessiyası başlayıb

Oxşar xəbərlər