Pakistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Pakistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Pakistanın Lahor şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Mədəni və Musiqi Axşamı” keçirilib.
Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra tədbirə təşrif buyurmuş qonaqları salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi şərəfli yol haqqında məlumat verib, Azərbaycan Prezidentinin sərəncamı ilə bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Azərbaycanda və bir çox xarici ölkələrdə geniş qeyd olunduğunu vurğulayıb. Səfir ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin Pəncab Əyalətinin mərkəzi və Pakistanın ikinci böyük şəhəri olan Lahor şəhərində qeyd olunmasının əlamətdar hadisə olduğunu bildirərək Pakistan və Azərbaycan xalqları arasında tarix boyu sıx əlaqələrin, mədəni yaxınlıq və ortaq bağların olduğunu qeyd edib, Pəncab Əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşmış şəhərlər olduğunu və Pəncab Əyalətinin iki qardaş ölkə Azərbaycan və Pakistanın əlaqələrində xüsusi rolunun olduğunu bildirib.
Tədbirdə çıxış edən Pəncab Əyalətinin maliyyə naziri Aişə Paşa Pakistan və Azərbaycanın əlaqələrinin yüksək səviyyədə olduğunu, bu əlaqələrdə önəmli olan iqtisadi və ticari əməkdaşlığın, mədəni bağların, xalqlararası münasibətlərin daha da artırılması gərəkdiyini və Azərbaycandan musiqi qrupunun Pəncab Əyalətinin Lahor şəhərinə təşrif buyurmasının böyük məmnunluq hissi yaratdığını bildirib. Aişə Paşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Pəncab Əyalətinin baş naziri və höküməti adından Azərbaycan xalqını təbrik edib.
Çıxışlardan sonra Azərbaycanın əməkdar artisi Mübariz Əsgərovun, Azərbaycan Dövlət Filarmoniyasının solisti Fəxri Nicat Kazımın, Azərbaycan Dövlət Televiziyasının solisti Nigar Şabanovanın ifalarında Azərbaycan xalq mahnıları və nəğmələri, dünya musiqisinin populyar klassik musiqi əsərləri səslənib.

Tehsil-press.az

Oxşar xəbərlər