Rektor Andris Leitas: Ulu öndər Heydər Əliyev Latviyada böyük ehtiramla xatırlanır

Rektor Andris Leitas: Ulu öndər Heydər Əliyev Latviyada böyük ehtiramla xatırlanır Qərbi Kaspi Universitetində ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş respublika tələbə elmi-praktik konfransı keçirilib.
Azərbaycan universitetlərinin tələbə və magistrlərinin iştirak etdiyi tədbirdə ümummilli lider Heydər Əliyevin irsi və müasir Azərbaycan fəlsəfəsi, daxili və xarici siyasəti barədə, eləcə də milli mənəvi dəyərlər, enerji strategiyası, elm, təhsil, mədəniyyət və digər mövzularda məruzələr dinlənilib.
Rektor Andris Leitas qeyd edib ki, Ulu Öndər Azərbaycanın inkişafındakı xidmətlərinə görə bütün dünyada rəğbət bəslənən siyasətçilərdən biridir: “Mən Azərbaycandan üç min kilometr uzaqlıqda yerləşən Latviyadanam. Bizim ölkədə də Heydər Əliyevi tanıyır və Ulu Öndəri böyük ehtiramla xatırlayırlar. Bu gün Azərbaycan yüksək inkişaf əldə etmiş bir ölkədir. Bu tərəqqi dahi siyasətçinin xidmətlərinin nəticəsidir”.
Rektor rəhbərlik etdiyi universitetin fəaliyyəti barədə də məlumat verərək bildirib ki, bu təhsil ocağı mühüm nailiyyətlər əldə edib, savadlı, intellektual, milli mənəvi dəyərlərə bağlı, eyni zamanda, tolerant gənc nəslin yetişməsinə töhfələr verib. O deyib: “Bu gün dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq şəraitində tədris proqramlarımızı təkmilləşdiririk. Eyni zamanda, universitetin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı addımlar atılır. Peşəkar mühəndis hazırlığı aparmaq üçün Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də praktik çalışmalar üçün Texnopark qurulub. Ötən il bizim universitetdə təhsil almaq istəyənlərin sayı altı dəfə artıb. Azərbaycanın sağlam gələcəyinin, dahi siyasətçi Heydər Əliyevin ideyalarına uyğun gənc nəslin yetişməsi üçün əlimizdən gələni edirik”.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu direktorunun müavini, professor Cəbi Bəhramovun, Qərbi Kaspi Universitetinin fəxri professoru Fikrət Sadıxovun, ictimai elmlər kafedrasının müdiri, dosent Ağa Mirələmin və başqalarının məruzələri dinlənilib.
Məruzələrdə vurğulanıb ki, Ulu Öndər Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi kimi tarixdə əbədi yaşayacaq. Azərbaycanın bugünkü inkişafının və bütün sahələrdə əldə olunan nailiyyətlərin əsasında Ulu Öndərin müəyyən etdiyi siyasi strategiya dayanır.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Hüseyn Şərifov


Rektor Andris Leitas: Ulu öndər Heydər Əliyev Latviyada böyük ehtiramla xatırlanır

Oxşar xəbərlər