Azərbaycan tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı təkliflər hazırlayacaq

Azərbaycan tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı təkliflər hazırlayacaq Ölkə rəhbərliyinin qərarından və müəyyən dövrdən sonra Azərbaycan nüvə elminin inkişafı üçün tədqiqat obyektlərinin qurulmasına hazır olacaq.
Bunu Tehsil-press.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.
Onun sözlərinə görə, Azərbaycan bunun üçün BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) ilə birgə layihə həyata keçirir: “Bu layihə çərçivəsində biz gələcəkdə tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı konkret təkliflər işləyəcəyik. Azərbaycan bütün sahələrdə olduğu kimi bu sahədə də dünyanın ən müasir texnologiyasının ölkəmizə gətirilməsi, kadr hazırlığının aparılması və gələcəkdə də bunun imkanlarından milli mənafeyimizə uyğun istifadə etmək istiqamətində siyasət aparır”.
A.Qəribov bildirib ki, Azərbaycanda artıq nüvə texnologiyası üzrə kifayət qədər kadr potensialı formalaşıb.
Onun sözlərinə görə, Azərbaycan heç zaman hansısa hərbi və digər məqsədlər üçün nüvə enerjisi istehsal etmək məqsədi güdməyib.
Mərkəz sədri qeyd edib ki, Azərbaycan 2000-ci ildə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (MAQATE) üzv olarkən həmin siyasətini açıq şəkildə deyib: "Biz bildirmişik ki, Azərbvaycan dinc məqsədlər üçün nüvə elmləri, nüvə texnologiyaları istiqamətində siyasət həyata keçirir. Bu siyasətin növbəti mərhələsi kimi Azərbaycanda Milli Nüvə Tədqiqatları Mərkəzi açılıb. Bu, Azərbaycanda nüvə texnologiyaları sahəsində yeganə dövlət icracı qurumudur".
A.Qəribov deyib ki, Azərbaycanın nüvə elmləri üzrə ən kiçik təqdiqatları apara bilməsi üçün Tədqiqat Nüvə Reaktorunun yaranması lazımdır: "Çox böyük kapital tutumlu olan bu reaktorun yaranması yarım milyard manat lazımdır".
Mərkəz sədri əlavə edib ki, hazırda Azərbaycanda nüvə texnologiyaları sahəsi üzrə kadr hazırlığı aparılır, digər ölkələrdə ikitərəfli müqavilələr əsasında nüvə tədqiqatları aparılır: "Yəni, bu sahədə geniş işlər aparılır. Bunlar hamısı da nüvə elminin, nüvə texnologiyalarının dinc məqsədlərə istifadəsinə yönəlib".

Tehsil-press.az

Oxşar xəbərlər