ADPU-da “Elektron Universitet” layihəsi çərçivəsində tədbir keçirilib

ADPU-da “Elektron Universitet” layihəsi çərçivəsində tədbir keçirilib Yanvarın 30-da Təhsil Nazirliyinin Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə birgə həyata keçirdiyi “Elektron Universitet” layihəsi çərçivəsində universitetdə tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, filialların direktorları, universitetin və filialların informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşları və layihə üzrə məsul şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, “Elektron Universitet” layihəsi çox vacib bir layihədir. Bu layihə ADPU-da tədris prosesinin çevik, şəffaf və obyektiv idarə edilməsinə şərait yaradır. “Elektron Universitet” sistemi vasitəsilə tələbələr tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materialları əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış ola biləcəklər. Son bir ildə ADPU-da “Elektron Universitet” layihəsi çərçivəsində müxtəlif işlər həyata keçirilib. ADPU-nun şəbəkələşməsi sahəsində məqsədyönlü fəaliyyət gerçəkləşdirilib.
Tədbirdə çıxış edən “Neuron Technologies” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi və baş direktoru İsmayıl Ələkbərov ADPU-da “Elektron Universitet” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində İnformasiya-Kommunikasiya Texnologiyaları Şöbəsi və fakültələr tərəfindən məlumatların idarə olunması sistemində (MİS) təşkilati struktur yaradılıb, müəllimlər və universitetə daxil olmuş hər bir tələbə şəxsi və akademik məlumatları əks olunmaqla sistemə daxil edilib, qruplar yaradılıb, beynəlxalq əlaqələr qurulub və digər vacib işlər həyata keçirilib. Hazırda fakültələr və İnformasiya-Kommunikasiya Texnologiyaları Şöbəsi tərəfindən tədrisin idarə olunması sistemində (TİS) fənn kataloqunun, tədris planlarının, fənn qruplarının və soraqçaların yaradılması üzərində iş aparılır. Yekun olaraq fakültələrin qiymətləndirmə tiplərini tədris planlarına daxil etməsi, fənn qruplarını yaratması, cədvəlləri işləməsi və elektron jurnal yaratması nəzərdə tutulur. Çıxışının sonunda İ.Ələkbərov layihənin həyata keçirilməsinə verdiyi yüksək dəstəyə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova təşəkkür edib.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Fizika və texnologiya fakültəsinin dekanı, fizika üzrə fəlsəfə doktoru Arzu Daşdəmirov, İnformasiya-Kommunikasiya Texnologiyaları Şöbəsinin müdiri Fərid Quluzadə, filialların direktorları və başqaları çıxış edərək “Elektron Universitet” layihəsinin uğurla gerçəkləşməsi və universitetin İKT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Rektor Cəfər Cəfərov tədbirə yekun vuraraq layihənin uğurlu icrası üçün əzmlə və layiqincə çalışmağı tapşırıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da “Elektron Universitet” layihəsi çərçivəsində tədbir keçirilib

ADPU-da “Elektron Universitet” layihəsi çərçivəsində tədbir keçirilib

Oxşar xəbərlər