BANM-ın tələbələri “CanSat Azərbaycan” müsabiqəsində finala vəsiqə qazanıb

BANM-ın tələbələri “CanSat Azərbaycan” müsabiqəsində finala vəsiqə qazanıb Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan “CanSat Azərbaycan” müsabiqəsində iştirak ediblər.
Ali Məktəbin 3-cü və 4-cü kurs “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 6 tələbəsi “İnterstellar” komandası adı altında BANM-ı təmsil ediblər. Komandanın kapitanı Pərvin Quliyeva, universitetdəki qrup rəhbəri isə kafedra müdiri Manafəddin Namazovdur.
Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar uzunluğu 200 millimetrdən və diametri 120 millimetrdən böyük olmayan silindir formalı konteynere yerləşə bilən model hazırlamalı ve həmin konteyner kvadrakopter vasitəsilə 400 metr hündürlüyə qaldırılmalıdır. Model təxminən 400 metr hündürlükdə avtomatik olaraq konteynerden ayrılmalı və missiyanı müstəqil şəkildə yerinə yetirməlidir. Model konteynerden ayrıldıqdan sonra paraşüt vasitəsilə 1-2 dəqiqə intervalında yerə enməli və yerə endiyi müddətdə telemetriya məlumatlarını - modelin çalışma müddətini, hündürlüyü, təzyiqi, temperaturu, batareya gərginliyini, GPS vaxt gostəricilərini, coğrafi uzunluğu, coğrafi enliyi, modelin sürətini və model peykin siqnal qəbul etdiyi cari peyk sayını 1Hz tezliyinde Xbee radio ötürücüsündən istifadə edərək yerüstü stansiyaya göndərməlidir.
Həmçinin, model yerüstü stansiyadan göndərilən əmrə əsasən fotokamera vasitəsilə şəkil çəkməli və həmin şəkli modelin daxilindəki yaddaş qurğusunda saxlamalıdır.
Ali Məktəbin “İnterstellar” komandasında peyk modelinin hazırlanması üçün görülən işlər 3 hissəyə bölünüb: Mexanika bölməsində Nəcəfov Hüseyn və Şəfiyeva Şəbnəm, Elektronika bölməsində Quliyeva Pərvin və Ağayev İsmət, Proqramlaşdırma bölməsində isə Kərimova Səadət və Əhədli Tərlan məşğul olur.
Ümumilikdə müsabiqəyə müxtəlif universitetlərdən 30-dan çox komanda qoşulub. Üç mərhələdən ibarət olunan yarışın ilk mərhələsində layihənin ilkin hesabat sənədini təqdim edən 31 komandadan 15-i ikinci mərhələyə keçə bilib. Növbəti mərhələdə isə “Interstellar” komandasının yekun hesabat sənədi bütün komandalar arasından seçilərək 2-ci yerə layiq görülüb və komanda 24 sentyabrda keçiriləcək finala iştirak hüququ qazanıb.
Komandanın kapitanı Pərvin Quliyevanın sözlərinə görə, komanda üzvlərinin peyk layihələrinə olan marağı onların bu yarışmada uğurla irəliləməsinə səbəb olub.
Finalda 7 müxtəlif universitetdən 10 komanda iştirak edəcək.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində keçirilən və nüfuza sahib olan “CanSat” müsabiqəsi Azərkosmos və Təhsil nazirliyinin birgə əməkdaşlığı nəticəsində Azərbaycanda ilk dəfə olaraq 2018-ci ildə keçirilib.

Mətbuat Xidməti

Oxşar xəbərlər