BP tələbələrin işlə təmin olunmasına dəstək üçün “Bacarıqlar fabriki”ni istifadəyə verir

BP tələbələrin işlə təmin olunmasına dəstək üçün “Bacarıqlar fabriki”ni istifadəyə verir Məzunların işə götürülməsi sahəsində aparıcı şirkət olan BP oktyabrın 18-də “Bacarıqlar fabriki” (“Skills Refinery”) adlı yeni qlobal onlayn portalı istifadəyə verib.
Portal tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır. Ən sonda isə qlobal səviyyədə yarışma keçiriləcək və qalib gələn tələbələr komandası 2019-cu ildə London şəhərində keçiriləcək “One Young World” dünya gənclər sammitinə - zirvə toplantısına bütün xərcləri ödənilmiş eksklüziv səyahət qazanacaq.
“Bacarıqlar fabriki” tələbələrə 5 bacarıq sahəsində, yəni kritik məsələlərin həlli, innovasiya, təsir və ünsiyyət, koqnitiv çeviklik və emosional intellekt sahələrində öz bacarıqlarını sınamaq və inkişaf etdirmək fürsəti verir. Sözügedən platforma ən son rəqəmsal texnologiyalardan istifadə etməklə oyun elementləri olan onlayn portal şəklində yaradılıb. Burada tələbələr özlərinin vacib peşəkar bacarıqlarını artırmağa kömək edən resurslar tapa, eyni zamanda əylənə biləcəklər. “Bacarıqlar fabriki” tələbələrə özlərini sınamağa, interaktiv yoxlamalardan istifadə etməklə bacarıqlarını təkmilləşdirməyə, öz nailiyyətlərini izləməyə və 5 bacarığın peşəkar aləmdə daşıdığı praktiki əhəmiyyəti aşkar etməyə imkan verəcək.
Rəqabət və həyəcan hissini artırmaq məqsədilə “Bacarıqlar fabriki”nin üzvləri üçün illik qlobal yarış təşkil olunacaq. Yarışmaya dekabr ayında start veriləcək. Tələbələr video təqdimat yolu ilə ölkə səviyyəsində yarışmaq üçün qruplar təşkil edəcəklər. Yarışda qalib gələnlər 2019-cu ildə 10-cu ildönümü münasibətilə London şəhərində keçiriləcək “One Young World” ümumdünya gənclər sammitinə - zirvə toplantısına bütün xərcləri ödənilmiş eksklüziv səyahət qazanmaq fürsəti uğrunda yarışmanı beynəlxalq səviyyədə davam etdirəcəklər.
İl ərzində “Bacarıqlar fabriki” 5 regionda, yəni Avstraliya, Azərbaycan, Sinqapur, Böyük Britaniya və ABŞ-da sınaqdan keçiriləcək, 2019-cu ildə isə qlobal miqyasda istifadəyə verilməsi planlaşdırılır. Portala bakalavr pilləsində təhsil alan birinci və ikinci kurs tələbələr heç bir ödəniş etmədən qoşula bilərlər. Onlayn platforma www.bpskillsrefinery.com ünvanında yerləşir.
BP şirkətlər qrupunun resursların təmin edilməsi üzrə rəhbəri Culia Harvi-Liddel (Julia Harvie-Liddel) deyib: “BP şirkəti olaraq biz dünyanın sürətlə dəyişdiyini dərk edirik. Texnologiya və rəqəmsallaşma iş mühitini transformasiya edir və işin mahiyyəti tez bir zamanda dəyişir. Hesab edirik ki, tələbələrin öz bacarıqlarını gələcəyin tələblərinə uyğunlaşdırmasına və daim dəyişməkdə olan dünyada uğur qazanmaq üçün onlara lazımi bacarıqları aşılamağa yardım etmək istiqamətində mühüm rol oynaya bilərik. Gələcəkdə işlərin nədən ibarət olacağını bilmirik, amma gələcək işlərə hazırlaşmaları üçün tələbələrə bacarıqlar verə bilərik. “Bacarıqlar fabriki”nin onlar üçün həmin imkanları təmin edəcəyinə ümid edirik”.

TEHSIL-PRESS.AZ



Oxşar xəbərlər