ADPU Van Yüzüncü İl Universiteti ilə əməkdaşlıq edəcək

ADPU Van Yüzüncü İl Universiteti ilə əməkdaşlıq edəcək Sentyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyə Respublikasının Van Yüzüncü İl Universitetinin rektoru, professor Peyami Battal və prorektoru, professor Ahmed Kazankaya ilə görüşüb. Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Günay Məhərrəmova da iştirak ediblər.
Qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirən rektor Cəfər Cəfərov onlara ADPU haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 1921-ci ildə yaradılan ADPU ölkəmizin ilk anadilli universiteti olmuşdur. Fəaliyyət göstərdiyi müddət ərzində ADPU 150 mindən çox pedaqoji kadr hazırlayıb, ölkəmizdə elm və təhsilin inkişafında böyük xidmətlər göstərib. AMEA-nın 10 prezidentinin 3-ü və 3 vitse-prezidenti ADPU-nun məzunları olub. 3 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə ADPU-ya qoşulub. ADPU-nun 5 filialı var. Tədris Bakı şəhərində 4 binada aparılır. Ölkəmizin ən böyük orta ixtisas təhsili müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. ADPU-da təxminən 18 minə yaxın tələbə təhsil alır. Son illər ölkəmizdə müəllim peşəsinə maraq xeyli artıb. Builki tələbə qəbulu prosesi də bunu bir daha təsdiqləyir. Belə ki, bu il 500-dən yüksək bal toplayan 566 nəfər tələbə təhsil almaq üçün ADPU seçib. 3 il bundan öncə isə cəmi 20 nəfər tələbə 500-dən çox bal toplayaraq ADPU-nu seçmişdi. Bu müsbət dinamikaya həm dövlət səviyyəsində, həm də universitetdə həyata keçirilən əməli tədbirlər nəticəsində nail olunub. ADPU artıq cəlbedici bir ali təhsil müəssisəsinə çevrilib. Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun yenilənməsi sahəsində islahatlar davam etdirilir.
Van Yüzüncü İl Universitetinin rektoru, professor Peyami Battal səmimi və mehriban görüşə görə təşəkkür edərək təmsil etdiyi universitet haqqında məlumat verib. Bildirib ki, universitet 1982-ci ildə Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün 100 illik yubileyi münasibətilə yaradılıb. Van Yüzüncü İl Universitetinin Türkiyə universitetləri arasında xüsusi yeri və mövqeyi var. Professor Peyami Battal universitetin fəaliyyət istiqamətləri, fakültə və bölümləri, tədris prosesi, professor-müəllim və tələbə heyəti, idarəetmə strukturları barədə geniş danışıb.
Sonra ADPU ilə Van Yüzüncü İl Universiteti arasında ikitərəfli əməkdaşlıq müqaviləsi və Mövlana Mübadilə Proqramı çərçivəsində protokol imzalanıb. Əməkdaşlıq çərçivəsində imzalanmış sənədlərdə birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi və digər məqamlar öz əksini tapıb.
Görüşdə xatirə şəkili çəkdirilib, hədiyyələr təqdim edilib. Sonda rektor Cəfər Cəfərov qonaqları ADPU-nun tədrisi binası ilə tanış edib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU Van Yüzüncü İl Universiteti ilə əməkdaşlıq edəcək


Oxşar xəbərlər