ADPU-ya yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirilib

ADPU-ya yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirilib Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi 2018-2019-cu tədris ilində yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrlə görüşlər keçirir. Novbəti görüş sentyabrın 28-də Tarix və coğrafiya fakültəsinə və Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinə qəbul olunan tələbələrlə keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, fakültələrin dekanları, dekan müavinləri, kafedra müdirləri, müəllimləri və tələbələri iştirak ediblər.
Məlumat üçün bildirək ki, bu il Tarix və coğrafiya fakültəsinə 76 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinə 22 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub.
Görüşü giriş sözü ilə açan rektor Cəfər Cəfərov öncə yüksək bal toplayan tələbələri universitetə qəbul olunmaları və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara həyatda və təhsildə yeni-yeni uğurlar arzulayıb. Rektor qeyd edib ki, ADPU-nun ölkəmizin ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. Universitet böyük elm və təhsil ənənələrinə malikdir. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentinin 3-ü və 3 vitse-prezidenti ADPU-nun məzunlarıdır. Qarşıdan ADPU-nun böyük tarixi yubileyi-100 illik yubileyi gəlir. Biz bu yubileyi birlikdə qeyd edəcəyik. Son illər ölkəmizdə müəllim peşəsinə maraq xeyli güclənib. Bunu 2018-2019-cu tədis ilində yüksək bal toplayaraq pedaqoji ixtisası seçənlərin sayının artması bir daha təsdiqləyir. Belə ki, bu il 2090 nəfər gənc 500-dən yüksək bal toplayaraq müəllimlik peşəsini seçib. ADPU-da həyata keçirilən islahatlar, məqsədyönlü tədbirlər, eləcə də universitet kollektivinin fədakar əməyi pedaqoji təhsilə marağı xeyli artırıb. 500-dən yüksək bal toplayan 566 nəfər gənc ali təhsil almaq üçün ADPU-nu seçib. Bu, ötən illə müqayisədə 2 dəfə çoxdur. Bu yüksək göstərici bizi çox sevindirir. Eyni zamanda bu yüksək göstərici bizim məsuliyyətimizi ikiqat artırır. Biz sizə yüksək keyfiyyətli təhsil verməliyik. Hazırda Azərbaycanda 4500-dən çox məktəb var. Biz ölkəmizin orta məktəblərini yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etməliyik. Siz daim öz intellekt səviyyənizi artırmalı, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olunmalısınız. Siz həmişə ADPU-nun adını yüksək tutmalısınız.
Görüşdə tələbə-gənclər çıxış edərək öz arzu və təkliflərini bölüşüblər.
Görüşün sonunda yüksək bal toplayaraq Tarix və coğrafiya fakültəsinə və Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinə qəbul olunmuş tələbələrə hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-ya yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirilib

Oxşar xəbərlər