Koreyada təlimlərdə ölkəmizi Bakı Mühəndislik Universitetinin əməkdaşı təmsil edib

Koreyada təlimlərdə ölkəmizi Bakı Mühəndislik Universitetinin əməkdaşı təmsil edib 11-30 oktyabr 2018-ci il tarixlərində, Koreya Respublikasının Seul, Seongnam, Sejong və Jeonju şəhərlərində keçirilən, "Yüksək səviyyəli elm-texnologiya-innovasiya siyasəti və strateji inkişafı" (High Level STI (Science, Technology and Innovation) Policy and Strategy Development) adlı təlim proqramında, Bakı Mühəndislik Universiteti Texnoparkının direktor müavini dosent İsa Qasımov iştirak edib.
Təlim proqramı elmin kommersiyalaşdırılması və inkişafının planlaşdırılması, həmçinin bu istiqamətdə potensialın artırılması üzrə Koreya Respublikasının təcrübəsi və qazanılan uğurlu nəticələrin öyərnilməsi, eləcə də əyani şəkildə müşahidə olunmasına həsr edilmişdi. Beynəlxalq xarakter daşıyan təlim proqramı nəzəri və praktiki hissələrdən ibarət idi. Belə ki, təlim proqramı əsas mövzunu ehtiva edən 16 fərqli seminar və 10-dan çox təcrübə turlarından ibarət idi. Bütün seminar və təcrübə turları ilə elm-texnologiya-innovasiya ekosisteminin formalaşdırılması və inkişafı sektorunda işləyən, o cümlədən qərar verən şəxslərin yüksək səviyyədə ixtisaslaşmasına xidmət edən təlim proqramı maraqlı və səmərəli olub.
Qeyd edək ki, təlim proqramı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) sponsorluğu və Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) təşkilatçılığı ilə həyata keçirilib. İnkişaf etməkdə olan ölkələrdə elm-texnologiya-innovasiya ekosisteminin formalaşdırılması və inkişafına kömək xarakteri daşıyan təlimlərdə 8 ölkədən 11 nəfər iştirak edib.
Təlim proqramı əsasında verilən seminarların materialları elektron və kitab halında bütün iştirakçılara təqdim olunub.

BMU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər