Bakı Xoreoqrafiya Akademiyasında seminar: “Biz sağlam həyat tərzini seçirik”

Bakı Xoreoqrafiya Akademiyasında seminar: “Biz sağlam həyat tərzini seçirik” Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Təhsil Kompleksində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan “Biz sağlam həyat tərzini seçirik” mövzusunda seminar keçirilib.
Tədbirdə akademiyanın tədris şöbəsinin müdir müavini Mirələskər Aslanov Ümumdünya QİÇS-lə Mübarizə Gününün tarixi, narkomaniyanın ağır sosial-iqtisadi nəticələri və bununla bağlı ölkəmizdə görülən tədbirlər haqqında məlumat verib.
QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova narkomaniya, onun cəmiyyətə gətirdiyi bəlalardan danışıb. D.Mahmudova narkomaniyanın keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olduğunu vurğulayaraq gəncləri sağlamlıqlarını qorumağa, pis vərdişlərdən uzaq olmağa və bu sahədə aparılan maarifləndirmə işlərində yaxından iştirak etməyə səsləyib.
Daha sonra polis mayoru Kəmalə Ələkbərova QİÇS və insan hüquqları, həmçinin həmin xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikası qanunlarının mühüm müddəalarını diqqətə çatdırıb.
BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova gəncləri sağlam düşüncəyə səsləyərək onları qeyri-sağlam vərdiş və hərəkətlərdən uzaq olmağa çağırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və “Mayak” filmi nümayiş olunub.

BXA-nın Mətbuat Xidməti



Oxşar xəbərlər