GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ VALİDEYN-MÜƏLLİM ASSOSASİYASI TƏSİS EDİLİB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ VALİDEYN-MÜƏLLİM ASSOSASİYASI TƏSİS EDİLİB Gəncə Dövlət Universitetində “Valideyn-Müəllim Assosiasiyası”nın (VMA) iclası keçirilib
İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz tədris sistemindən asılıdır.
Bu fikirlər Gəncə Dövlət Universitetində təsis edilən “Valideyn-Müəllim Assosiasiyası”nın ilk iclasında səsləndirilib.
Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva bildirib ki, rektor professor Yusif Yusibovun müvafiq əmrinə əsasən universitetdə “Valideyn-Müəllim Assosiasiyası” yaradılıb.
VMA-nın missiyası universitet icması daxilində sağlam bir ruh yaratmaq, valideynləri universitet həyatında fəal iştiraka təşviq etmək, habelə ailə, universitet və icma arasında əlaqələri gücləndirməkdir. Universitet icmasına yeni qoşulan bütün valideynlərə köməklik göstərmək, onları ali təhsil ocağının missiyası və məqsədləri ilə tanış etmək, təhsilin təkmilləşdirilməsi ilə bağlı dialoqa cəlb etməkdir.
Son illər Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini deyən Gülsüm Fətəliyeva vurğulayıb ki, çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modernləşdirmə, müasirləşdirmə mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca hədəflərindəndir.
Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur.
Prezident İlham Əliyevin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi əksini tapıb.
Prorektor qeyd edib ki, hazırda başlıca vəzifə bütün fəaliyyətimizi nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə yönəltməkdən ibarətdir.
Son illərdə GDU-da infrastrukturun, maddi-texniki bazanın möhkəmləndirilməsi, elmi-pedaqoji kadr potensialının gücləndirilməsi sahəsində çox işlər görüldüyünü deyən Gülsüm Fətəliyeva onu da bildirib ki, tələbələrin pis vərdişlərdən uzaq olması üçün birlikdə fəaliyyət göstərməlidirlər.
Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova vurğulayıb ki, “2007–2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində əldə olunan təcrübə və nailiyyətlərdən faydalanaraq, müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacın Azərbaycan Respublikasının ali təhsil müəssisələrində hazırlanması yolu ilə Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” hazırlanıb.
Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
Afaq Qasımova qeyd edib ki, hazırda universitetin bütün tədris korpusları ən zəruri avadanlıqlarla təmin edilib, yenidən qurulub. Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik, şəffaflıq əsas meyar kimi diqqətdə saxlanılır, onların imtahana daha yaxşı hazırlaşmaqları məqsədi ilə 3 dəfə sınaq imtahanları keçirilib. Bu imtahanlarda həm yazılı, həm də şifahi formada suallar tərtib edilib. Yüksək balla qəbul olan və əlaçı tələbərə əlavə stimullaşdırıcı təqaüdlər verilib.
Açıq və səmimi müzakirə şəraitində keçən görüşdən valideynlər razı qalaraq universitetin rəhbərliyinə, professor-müəllim heyətinə öz dərin minnətdarlıqlarını bildiriblər.

GDU-nun Mətbuat Xidməti


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ VALİDEYN-MÜƏLLİM ASSOSASİYASI TƏSİS EDİLİB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ VALİDEYN-MÜƏLLİM ASSOSASİYASI TƏSİS EDİLİB


Oxşar xəbərlər