“Dünyanın təhsil mənzərəsi”

“Dünyanın təhsil mənzərəsi” Varlı, yoxsa kasıb Kuba?

Kuba təhsili ilə bağlı araşdırma apararkən, diqqətimi cəlb edən bir sıra mühüm məqamlar üzərində dayandım və bu məqamların maraq doğuracağını nəzərə alıb onları sizinlə də bölüşürəm. Kuba təhsili ilə tanışlıq deməyə əsas verir ki, bu ölkədə təhsil adına bütün addımlar mənəvi inkişafa, insanların rifah halının yüksəldilməsinə, insana verilən yüksək dəyər prinsipləri naminə atılır. Vaxtilə mütəxəssis qıtlığı çəkən, vətəndaşlarını təhsil almaq üçün xaricə göndərən, kasıb ölkə hesab edilən Kuba bu gün nəinki öz ölkəsinin bu sferada tələbatını ödəyir, hətta “üçüncü dünya ölkələri”nin də mütəxəssis tələbatının ödənilməsinə öz dəstəyini göstərir. Ölkədə 100-dən artıq ölkənin on minlərlə vətəndaşı ödənişsiz ali texniki təhsil alır. İnkişaf etməkdə olan ölkələrin vətəndaşları üçün ödənişsiz ali tibbi təhsil verən təhsil ocaqları da fəaliyyət göstərir. Kubada insan sağlamlığı, biotexnologiyalar, gen mühəndisliyi, vaksinlər və tibbi pereparatların hazırlanması işinə, bu sahədə aparılan tədqiqatlara dövlət tərəfindən əhəmiyyətli dərəcədə vəsait ayrılır. Qeyd edim ki, elmi tədqiqatların nəticələri dünya miqyasında qəbul olunur. Fundamental elmi tədqiqatların aparılması, dünyada qəbul olunan nəticələrin əldə edilməsi, şübhəsiz ki, milli təhsil sisteminin inkişafı, insan resurslarına, yüksək səviyyəli mütəxəssis hazırlığına göstərilən diqqətdən yaranır.
Bu ölkənin təhsli ilə tanış olduqdan sonra onlar haqqında fikirlərim kökündən dəyişdi. Bəs diqqətçəkən, maraq doğuran, Kuba təhsilini digər dövlətlərin təhsilindən fərqləndirən cəhətlər hansılardır? Bunların bəzilərinə nəzər yetirək:

“Dünyanın təhsil mənzərəsi”

Birincisi odur ki, Kubada təhsilin inkişafında dövlətin rolu aparıcı istiqamət təşkil edir. Dövlət milli təhsil sisteminin bütün mərhələlərinin inkişafına cavabdehlik daşıyır və təhsil sferasının maliyyələşməsini tam olaraq həyata keçirir. 1990-2005-ci illərdə Kubada maliyyə-iqtisadi çətinliklər yaşanırdı. Dövlətin maliyyə çətinliklərinə baxmayaraq, həmin dövrdə də Kubada təhsilə ayrılan vəsait büdcədə əhəmiyyətli dərəcədə yer tuturdu.
İkincisi, Kubada təhsilin bütün mərhələləri ödənişszdir. Ölkənin Konstitusiyasının təhsillə bağlı olan müddəalarını nəzərdən keçirirəm. Orada yazılır: İbtidai məktəbdən Universitetə qədər bütün təhsil müəssisələrində təhsil hər kəs üçün eyni dərəcədə əlçatandır. Təhsil ödənişsizdir. Kuba təhsili ilə tanış olduqca bəlli olur ki, Konstitusiyada yazılanlar həyatda da öz əksini tapır. Kubalı uşaqlar məktəb ləvazimatlarından tutmuş, tibbi yardıma qədər dövlət tərəfindən təmin olunurlar. Bu, tələbələrə də aiddir.
Üçüncüsü, Kubada fəaliyyət göstərən Təhsil nazirliyi, İnqilab müdafiə komitəsi, Milli Polis idarəsi və digər təşkilatlar müvafiq olaraq şagirdlərin məktəbə qəbulundan tutmuş, onların davamiyyətinə, tədrisin keyfiyyətinə qədər ciddi nəzarət edirlər. Ölkədə uğursuz ailələrin övladlarına xüsusi diqqət var. Onlarla sistemli iş aparılır. Dövlət bu kateqoriyadan olan ailələrə xüsusi dəstək, maddi köməklik göstərir ki, onların övladları normal ailələrin uşaqlarından geri qalmasın.
Dördüncüsü, Kubada təhsillə istehsalatı bir-birindən ayrı hesab etmirlər. Təhsil idarə edicilərinin əsas məqsədi odur ki, nəzəriyyə ilə təcrübə, məktəblə həyat, təhsillə istehsal müəssisələri yanaşı addımlasın. Bu, əlbəttə, çox əhəmiyyətli bir yanaşmadır. Bu prinsip şagirdləri təhsillə bərabər zəhmətə, həyatın çətinliklərinə, istehsalata, ümumən həyat fəlsəfəsini dərk etməyə hazırlayır.

“Dünyanın təhsil mənzərəsi”

Kuba təhsilində diqqətimi cəlb edən beşinci cəhət budur ki, təhsil məsələlərinin həlli cəmiyyətin iştirakı ilə demokratik yolla həll edilir. Qeyri-hökümət təşkilatları, ictimai qurumlar, ictimaiyyət, valideynlər təhsillə bağlı tədbirlərdə fəal iştirak edirlər. Onlara heç bir qadağa, məhdudiyyət yoxdur.
Kubada məktəb təhsili prosesinə fərqli və kompleks yanaşma var. Məktəblər uşaqlar və ailələrin problemlərini, ailədə tərbiyə vəziyyətini öyrənmək üçün xüsusi səy göstərirlər. Əldə olunan nəticələr – şagirdin sağlamlıq, psixoloji vəziyyəti, ailələrin durumu, onları əhatə edən problemlər pedaqoji kollektiv tərəfindən müzakirə olunur. Bundan sonra müəllimlər hər bir şagirdlə onun problemlərinə rəğmən fərdi məşğul olur. Bir məqama da diqqət yetirməyi vacib hesab edirəm. Kuba təhsil sistemində qızların məktəb həyatında fəal iştirakına xüsusi diqqət yetirilir. Rəsmi məlumatlarda qeyd olunur ki, qızlar tələbə təşkilatlarının fəaliyyətində də liderlik edirlər. Bu da, onların məktəb həyatından başlanan aparıcı mövqeləri ilə bağlıdır.
Kubada təhsilində “Öz övladını öyrət” proqramı çərçivəsində uşaqların tərbiyəsi və inkişafı istiqamətində sistemli iş aparılır. Artıq uzun illərdir ki, həyata keçirilən bu proqram, kubalıların fikrincə, öz əhəmiyyətli nəticələrini göstərməkdədir. Bu proqram daşıdığı pedaqoji mahiyyət etibarilə Kuba təhsilində mühüm yer tutur. Proqrama əsasən həftədə bir-iki dəfə iki yaşadək uşaqları olan ailələrə yaşadıqları ərazilərdə həkim məsləhəti həyata keçirilir. Həftədə iki dəfə iki yaşdan beş yaşa qədər övladları olan ailələr üçün isə pedaqoqlarla iki saatlıq görüş təşkil olunur. Övladlarının məktəböncəsi valideynlərlə aparılan pedaqoji söhbətlər, şübhə yoxdur ki, gələcək məktəb həyatlarında uşaqlar, onların tədrisinə, tərbiyəsinə yanaşmasında isə valideynlər üçün əhəmiyyət daşıyır.
Ardı var.

Böyükağa MİKAYILLI


1. http://www.cubaminrex.cu
2. http://www.netforcuba.org
3. http://www.cuba.ru
4. http://www.meganom.org/useful/educatioa/341.html
5. http://socis.isras.ru/SodsArticles/2005_02/podolko.doc
6. http://ref.ewreka.ru/r6997/
7. http://portalus.ru/modules/shkola/rus

Oxşar xəbərlər