UNEC-də hər bir valideyn övladının imtahanını izləyə bilər

UNEC-də hər bir valideyn övladının imtahanını izləyə bilər Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanvarın 3-dən 2018/2019-cu tədris ilinin qış imtahan sessiyası başlayıb.
Sessiyada ümumilikdə 12 min 234 əyani bakalavr və 3 min 274 magistr iştirak etmək hüququ qazanıb. Yeni sessiya dövründə də tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi prioritet seçilib. Bu məqsədlə bir sıra işlər görülüb. Əvvəllər olduğu kimi, bu il də UNEC-də imtahanlar ictimaiyyətə açıq keçirilir. Sessiyaya nəzarəti aparıcı təhsil ekspertlərindən, qeyri-hökumət təşkilatları və media nümayəndələrindən, tələbələrdən ibarət İctimai Nəzarət Şurası həyata keçirir. Bu dövrdə şura “açıq qapı”lar keçirəcək, sorğu və müraciətləri qəbul edəcək. UNEC sessiya dövründə hər bir ictimaiyyət nümayəndəsi üçün qapılarını açıb. Hər bir valideyn övladının imtahanını izləyə bilər. Jurnalistlər imtahanları nəzarətçi qismində müşahidə edə bilər.
Şəffaflığın və obyektivliyin daha effektiv təmin edilməsi məqsədilə sessiya dövründə UNEC-in “Qaynar xətt”i (1846) müraciət və sorğuları operativ qəbul edir. Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə yaradılmış imtahan komissiyaları tələbələrin müraciətlərini qəbul etməyə hazırdır. Komissiyalar sessiya müddətində yarana biləcək sual və müraciətlərin həlli istiqamətində müvafiq qərarlar verəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda mümkün nöqsanların aradan qaldırılması sahəsində zəruri addımlar atacaqlar.
İmtahanlara hazırlaşan tələbələrə 24 saat ərzində UNEC 24/7 kitabxanası xidmət göstərir. Tələbələr tədris korpuslarında imtahan sessiyası ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyət göstərən oxu zallarından da istifadə edə bilərlər.
Qeyd edək ki, tələbələrin biliyinin daha obyektiv qiymətləndirilməsi məqsədilə UNEC-də yazılı imtahanlara keçid sürətlənir. 2018/2019-cu tədris ilinin qış imtahan sessiyasında iqtisadiyyat və idarəetmə ixtisasları, həmçinin texniki-texnoloji ixtisaslar üzrə yazılı imtahanlar təşkil olunacaq. Yazılı imtahanlar “Standartlaşdırmanın əsasları”, “İstehlak mallarının ekspertizasının nəzəri əsasları”, “İnformasiya texnologiyalarına giriş”, “İdarəetmə sistemləri”, “Mikrobiologiya, sanitariya və gigiyena”, “İqtisadiyyata giriş”, “Makroiqtisadiyyat” fənləri üzrə keçiriləcək.

UNEC-in Mətbuat Xidməti



Oxşar xəbərlər