Ramil Usubov: "Heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək"

Ramil Usubov: Daxili işlər naziri Ramil Usubov son günlər əsasən radikal müxalifəti təmsil edən destruktiv qüvvələrin paytaxtda guya icazəli mitinq keçirmək adı altında polis əməkdaşları ilə bilərəkdən qarşıdurma yaratmaqla, vətəndaşların istirahət hüquqlarını, sabitliyi, əmin-amanlığı, ictimai qaydanı kobud şəkildə pozmaqla, insanlarda qorxu və çaşqınlıq yaratmaqla müşayiət olunan hüquqazidd əməllərinə münasibət bildirib.
Nazir 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışında son günlər özlərini yenidən gündəmə gətirmək istəyən müxalifət düşərgəsinin bəzi mənsublarının səsləndirdikləri, "polis qorxdu", "hökumət geri çəkildi" kimi öz ətraflarını cürətləndirmək arzusundan doğan fikirlərin gerçəklikdən çox uzaq, heç vaxt reallaşmayacaq bir arzu olduğunu xatırladaraq hər bir şəxsin bildiyi sadə həqiqətləri diqqətə çatdırıb.
O qeyd edib ki, ulu öndər Heydər Əliyevin milli maraqlardan qaynaqlanıb möhkəm təməllər üzərində qurduğu dövlətçiliyimizlə, Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən ölkəmizin uğurları ilə bu gün hər bir azərbaycanlı fəxr edir: “Ötən 26 ildə məhz bu iqtidarın həyata keçirdiyi müdrik siyasət nəticəsində xaosa, anarxiyaya son qoyulub, Ermənistanın ölkəmizə təcavüzünün qarşısı alınıb, insanların pozulmuş hüquqları, dövlətə, hakimiyyətə, gələcəyə olan inamı bərpa edilib. Lakin respublikamızda əmin-amanlığın, təhlükəsizliyin daimi və davamlı olduğunu görüb qorxuya düşən, günü-gündən gözəlləşən, dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilən Bakımızın, həmçinin regionlarımızın inkişafından xoflanan, vətəndaşlarımızın, xüsusən qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin problemlərinin ilbəil daha əhatəli həllindən rahatsızlaşan, ordumuzun qüdrətinin artmasından, onu yüksək nizam-intizamlı, vətənpərvər, torpaqlarımızı işğaldan azad etməyə hər zaman qadir və döyüş ruhunu gördükcə kədərlənən, yüz minlərlə gənclərimizin Vətənimizin işıqlı gələcəyi, müasir Azərbaycanın daha sürətli inkişafı üçün göstərdiyi böyük coşqudan və çalışqanlıqdan məyus olan, xalq-iqtidar birliyinin sarsılmazlığından, onun bəhrələri olan inkişafdan, tərəqqidən, irəliləyişlərdən, yüksəlişlərdən əndişələnən bu antimilli qüvvələr həqiqətən də qorxuya düşüblər. Onlar növbəti təxribatlara əl atmaqla xalqımızı yenidən daxili çəkişmələrə, parçalamağa, ölkəmizi böhrana, bir vaxtlar yaratdıqları, indi isə xiffətini çəkdikləri özbaşınalıq və hərc-mərclik dövrünə sürükləməyə cəhdlər edirlər”.
General-polkovnik milli maraqlara zidd olan belə avantürist hərəkətlərin qarşısının xalqımızın dəstəyi, qanunlarımızın gücü, dövlətimizin hüquq mühafizə orqanlarının sıx birliyi ilə bundan sonra da alınacağını bildirib.
Nazir qətiyyətlə bəyan edib ki, daxili işlər orqanları siyasi baxışlarından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün vətəndaşların əmin-amanlığını, ölkədəki sabitliyi istənilən təhdidlərdən, fürsətçi kəslərin və macəra axtaranların təxribatçı, avantürist hərəkətlərindən qoruyub, bundan sonra da qətiyyətlə qorumaqda davam edəcək, heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək: "Antimilli, radikal qüvvələrin kədəri də, sevinci də Vətənimizin, xalqımızın uğuruna sevinməyən xarici bədxahlarımızın niyyətləri, əməlləri ilə üst-üstə düşür. Bizim sevincimiz xalqımızın sevincidir, onun əmin-amanlıq, təhlükəsizlik, rifah içində yaşamasıdır. Yolumuz da bu xalqa, bu Vətənə sədaqətli xidmət yoludur, Heydər Əliyev yoludur".

Tehsil-press.az

Oxşar xəbərlər