Masallı təhsilində düşünülmüş dələduzluq

Masallı təhsilində düşünülmüş dələduzluq Deyirlər indi heç kim, heç kimin kitabını oxumur. Axı niyə də oxusun ki, oxumaq zamanı arxada qalıb. Biz də canfəşanlıq edirik ki, bizim yazdıqlarımızı niyə oxumurlar. Yox oxuyan tapılır, ancaq çox istərdik ki, yazdıqlarımızı aidiyyatı insanlar oxusunlar. Onda yazılanların da bəlkə bir nəticəsi olar. Məsələn, Təhsil Nazirliyi, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətlərinin rəhbərləri və sair. Birdə ki, gərək elə yazasan ki, həm oxunsunlar, həm də nəticə çıxarsınlar. Neynək, çalışarıq yazdıqlarımızın bir nəticəsi də olsun. Axı bizim peşəmizdə yazmaqdır, deməkdir. Sabir demişkən hələ mən gördüklərimin dörddə birini yazmıram. Yazsam, gör nələr olar?!!. Oxucularımız yəqin ki, “Masallı təhsilində nə baş verir” adlı məqaləmizi oxumamış deyillər. Təbii ki, təhsil millətin gələcəyidir, təhsilsiz millətin tərəqqisi ola bilməz ideyası təkcə bizi yox, hər kəsi düşündürməlidir. Ancaq çox təəssüflər olsun ki, təhsilimiz hələ də öz canını bəzi üzdən iraqlardan qurtara bilmir. Niyə görəsən. Bax onun niyəsini biz özümüz də bilmirik. Biz yazmışdıq, faktlarla sübut etmişik ki, Masallı rayon təhsil şöbəsi müdiri Tariyel Əkbərov müdir təyinatından sonra rayonun təhsilinin başına əndiravani işlər çevirməklə məşğuldur. Bunu vaxtilə rayonun bəzi məktəb direktorları da təhsil nazirinə müraciətlərində yazmışdılar. Onlar yazırdılar
Cənab nazir!
Biz bir çox soyğunçu yoxlama yığmalarından təngə gəlmişik. Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin yoxlamarı adından abunə pulu yığımı rayon başçının tapşırığı və göstərişlərinin yerinə yetirməsi kompaniyası və sair, ilaxır, hansı birini deyək, bütün bu cür adlarla biz müəllimlərdən pullar yığılır, müəllimlərin maaşları əlindən alınır və bu hal dəfələrlə təkrar olunur. Bu isə haqlı olaraq rayonda təhsil kollektivinin haqlı narazılığına, giley-güzəranına səbəb olur. Ancaq nə fayda, yazılanlar da, deyilənlər də, kağız üzərində qaldı, necə deyərlər çax-çax baş ağrıdır, dəyirman isə bildiyin tutur...
Qeyd edək ki, Masallı rayonunda təhsilə rəhbərlik edən şəxslər yeni bir metod fikirləşib tapıblar.
Masallı təhsilində “evlərdə dərs” metodikası... Vallah bu heç “Tarix Nadiri” yazıya qədər oxuyan Məşədi İbadın belə ağlına gəlməzdi ki, bu cənabların ağıllarına gəlib... Onu deyək ki, “evdə dərs” belə bir təhsil forması var. Fiziki, əqli qüsurlu, xəstə uşaqlara dövlətimizin ən humanist qərarı olan bu dərs təcrübəsi keçirilir. Ancaq bu təcrübə Masallı rayonunda başqa cürə həyata keçirilir. Bu prosesə dərs ilinin əvvəlində avqust-sentyabr aylarına start verilir. Hər direktor 500-600 manat civarında təhsil şöbəsinə haqq verməklə “evdə dərs” satının icazəsini alır. Müəllimlər belə deyir. Bu şəbəkəyə təhsil şöbəsinin müdir müavini Samid müəllim rəhbərlik edir, təbii ki, müdir Tariyel Əkbərov öz mübarək qolu və möhürünü bu icazə kağızına vurandan sonra icazə verilir...
Təsəvvür edin ki, nəinki cənub bölgəsində, respublika üzrə Masalllı rayonu bu sahədə rekord göstəriciyə imza atıb. Güman etsək ki, rayon üzrə cəmi 30-40 nəfər fiziki, yaxud əqli qüsurlu uşaq var, bu rəqəmi on-on beş dəfə şişirdərək az qala beş yüz nəfərə çatdırmışlar. Elə məktəb yoxdur ki, orada ən azı evdə dərs adı altında siyahılaşdırılma da, on-on beş şagird olmasın. Burada məqsəd isə evdə dərs adı ilə müəllimlərin adına maaş yazmaq və həmin pulu isə mənimsəməkdir. Necə deyərlər qazancın ən asan və optimal yolu...


Masallı təhsilində düşünülmüş dələduzluq

Bütün əməliyyatları kağız üzərində olan bu metodikanın jurnalı da, müəllimi də, dərsi də elə formal şəkildə aparılır...
Təbii ki, heç bir müəllim jurnal götürüb evə getmir. Niyə də getsin axı. Sağlam, ağlı yerinə, gümrah uşaqları xəstə edən bir qrup dələduz demək olar ki, özləri üçün daha rahat qazanc mənbəyi tapıblar. Necə deyərlər “Ev bizim, sirr bizim”, - deyib cibgirliklə məşğul olur.
Ancaq yenə təkrarlayırıq, nə xəstə uşaq var, nə də ki, evdə dərs keçən müəllim. Həm fiziki, həm əqli cəhətdən sağlam olan uşaqlara bu cür metodu yalnız Masallı rayon təhsil və səhiyyə şöbəsi fikirləşə bilərmiş. Əgər təsəvvür etsək ki, Masallı rayonunda 98 orta məktəb var, hər məktəbdə də on-on beş “qüsurlu uşaq” görün bu nə deməkdir?..
Biz bu məsələni çox güman ki, tam Statistikasını dəqiq deyə bilmərik. Ancaq bu heç də nə az, nə çox ildə dövlət cibindən saxta yollarla oğurlanan yüz minlərlə manat deməkdir.
Əgər deyilənlər doğrudusa bu sözün əsl mənasında korrupsiyadır!
Güman edirik ki, “evdə təhsil” proqramı adı ilə bağlı törədilən bu maxnasiyanı aidiyyatı qurumlar araşdıracaqlar... Söz yox, biz demirik ki, Masallı rayonunda belə uşaqlar yoxdur, var, ancaq bu qədər də yox, axı...
Aldığımız digər bir məlumatda isə, cari tədris ilində Masallı məktəblərində xüsusilə çox müşahidə olunan “izafi sinif” maxinasiysı barədə açıqlama verilir.
Bildirilir ki, bir çox məktəb direktorları üç yuxarı siniflərin hər birindən bir neçə şagird götürməklə, yəni, dördüncü (sayca) sinif yaradırlar. Təbii ki, bu əməliyyat ilk növbədə yeni dərs satlarının alınması üçün həyata keçirilir. Tariyel Əkbərov isə, hər belə bir sinifin təsdiq olunmasına görə, həmin məktəbin direktorundan 800 (səkkiz yüz) manat pul alır... Başqa bir faktda isə deyilir:
Respublika məkrəbləri üzrə ən çox “ölü canlar” bu gün Masallı məktəblərindədir. Demək olar ki, kənd məktəblərinin 10-11-ci siniflərində əksəriyyət uşaqların adı var özü yoxdur. Şəhər məktəblərindən 9-cu sinidən uşaqların sənədi sadəcə bura yazdırılır. Masallı rayonun bütün məktəblərində araşdırma aparılsa (təbii ki, 10-11-ci siniflərdə) orada “neçə ölü canlar” olan şagirdin adı bəlli olar. Onu da qeyd edək ki, özü Rusiyanın müxtəlif şəhərlərində, eləcə də, Bakıda, Gəncədə, Sumqayıtda yaşayan valideynlərin çoxu yuxarı sinifdə (9-10-11) oxuyan uşaqlarının adlarını müxtəlif yollarla Masallı rayon məktəblərinə yazdırırlar. Necə deyərlər adı var, özü yox. Bu prosesdə onlara heç ucuz və güzəştli başa gəlmir. Axı uşaqlar həm məktəbə, həm də müəllim yanına hazırlığa getməyə vaxt çatdıra bilmirlər. Ən asan və doğru yolu Tariyel müəllim kimi rəhbərlərə yol tapmaqdır. Həm onların, həm də müdirin işləri yağ kimi getsin.
Redaksiyamıza daxil olan başqa bir fakt isə təhsil şöbəsinin müdiri Tariyel Əkbərovun doğma bacısı Röyalə xanım haqqındadır. Röyalə xanım Astara rayonunda pedaqoji kollecini bitirib və Masallı rayon Ərkivan kəndindəki Nəcəfov adına 2 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Və rəhbətliyin deyilənə görə Röyalə müəllimə test imtahanı verərək bu məktəbə düşmüşdü... Onun müəllim yoldaşları isə belə iddia edirlər ki, xanım müəllimə heç bir test imtahanında, filanda iştirak etməyib... Vallah biz bu faktın nə dərəcədə doğru olub, olmadığını bilmirik, yəqin ki, araşdırılsa bilinəcək...
Əziz oxucular indi mətbuatdır, qoy nə istəyir yazsın, onsuz da, kimdi onu oxuyan deyib, əhvali-şərifini pozmayan məmurlarımız çoxdur... Olsun biz nə deyirik, hər kəsin düşüncəsinə hörmətlə yanaşmalıyıq... Ancaq biz öz vəzifə və peşə borcumuzu yerinə yetiririk. Vəzifə kreslosunda əyləşib və dövlətin işinə özəl obyekti kimi baxan, fürsət düşəndə qaz vurub, qazan dolduranlara bir tövsiyəmiz var; Unutmayın nə vaxtsa sizdən etdiklərinizin, tutduğunuz əməllərin gec, ya tez, qanun qarşısında cavabını verməli olacaqsınız.
Qaldı ki Masallı təhsilində baş verənlərə, inanırıq ki, yazdıqlarımızın bir nəticəsi olacaq. Söz yox, bu nəticəni bizimlə bərabər Masallı rayon təhsil işçiləri, orda təhsil alan şagirdlər, onların valideynləri də səbirsizliklə gözləyirlər.

Təhsil-press.az
İnformasiya Agentliyi

Oxşar xəbərlər