GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ MÜASİR TƏLİM MƏRKƏZİNİN AÇILIŞI OLUB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ MÜASİR TƏLİM MƏRKƏZİNİN AÇILIŞI OLUB Gəncə Dövlət Universitetində (GDU) Avropa Komissiyasının “Erasmus+” programı üzrə PETRA layihəsi çərçivəsində yaradılan Müasir Təlim Mərkəzinin açılışı olub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, gənc tədqiqatçılar və təlimçilər iştirak ediblər.
Açılış mərasimində çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə son illərdə bu ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin artırılması və elmi araşdırmaların beynəlxalq rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, hazırda dünyanın, xüsusən də Avropanın ən nüfuzlu universitetləri, qabaqcıl elmi tədqiqat mərkəzləri ilə qarşılıqlı, faydalı əməkdaşlıq edən GDU həmin elm-təhsil mərkəzləri ilə həm ikitərəfli, həm də çoxtərəfli qaydada müxtəlif beynəlxalq layihələrdə iştirak edir.
Həmin universitetlərlə, eləcə də Avropa Komissiyası ilə təhsil sahəsində qurulan əməkdaşlığın perspektivlərindən danışan Pərvin Kərimzadə bu vaxta qədər reallaşdırılan beynəlxalq layihələr çərçivəsində universitetdə yaradılmış mərkəzlərin yüksək ixtisaslı kadrların hazırlanması istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirib.
Yeni layihənin məqsədi və Müasir Təlim Mərkəzinin gələcək fəaliyyətindən danışan İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov bildirib ki, koordinatorluğunu İspaniyanın Valensiya Politexnik Universitetinin etdiyi PETRA – “Azərbaycan Universitetlərində tədris və təlimin təkmilləşdirilməsi ” layihəsi elmi tədqiqatların və təlim proseslərinin inkişaf etdirilməsinə yönəlib. 2017-ci ilin mart ayında başlanan bu layihənin reallaşması üçün görülən işlər 2 il davam edib. Layihəyə əsasən mütəxəssislərin dəstəyi ilə Avropa Universitetlərində beynəlxalq təlimlər təşkil edilib. Həmin təlimlərdə GDU-nun əməkdaşları iştirak ediblər. Bununla yanaşı layihənin qrantı hesabına GDU-nun 5-ci tədris korpusunda yaradılan mərkəzdə müasir avadanlıqlar – kompüterlər, proyektorlar, elektron sistemlər qurulub. Mərkəz öz fəaliyyətini həyata keçirmək üçün kamera, çap qurğuları və virtual reallıq eynəkləri ilə təchiz edilib.
Məhz bu layihənin həyata keçirilməsi ilə GDU-nun doktorantları istənilən sahə üzrə elmi tədqiqatlarını beynəlxalq akkreditasiya olunmuş kitabxanalardan, elm mərkəzlərindən onlayn yararlana biləcəyini deyən Vasif Həsənov vurğulayıb ki, layihənin gənc tədqiqatçı alimlərin beynəlxalq elmi arenada müasir elmin imkanlarından yararlanmasında böyük köməyi olacaqdır.
Qeyd edilib ki, layihəyə Təhsil Nazirliyi və 8 Azərbaycan Universiteti tərəfdaşlıq edir. Eyni zamanda layihə çərçivəsində Gəncə Dövlət Universiteti ilə Avropa Birliyi ölkələrindən Jivaskula Universiteti (Finlandiya), Vyana Tətbiqi Elmlər Universiteti (Avstriya ), Valensiya Politexnik Universiteti (İspaniya), Debresen Universiteti (Macarıstan) və Qazi Universiteti (Türkiyə) əməkdaşlıq edir.
Sonda yeni yaradılan Müasir Təlim Mərkəzi ilə tanışlıq olub.

GDU-nun Mətbuat Xidməti


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ MÜASİR TƏLİM MƏRKƏZİNİN AÇILIŞI OLUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ MÜASİR TƏLİM MƏRKƏZİNİN AÇILIŞI OLUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ MÜASİR TƏLİM MƏRKƏZİNİN AÇILIŞI OLUB

Oxşar xəbərlər