BSU-da startapla bağlı təlim keçirilib

BSU-da startapla bağlı təlim keçirilib Aprelin 23-də Bakı Slavyan Universitetində (BSU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və BSU-nun təşkilatçılığı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin dəstəyi ilə “Startupa necə başlamalı? İqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda təlim keçirilib.
Təlimin əvvəlində çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov bildirib ki, Elmi Şuranın “Universitet üzrə startap qruplarının işinin təşkili və innovativ fəaliyyətin dəstəklənməsi tədbirləri barədə əmr”inə əsasən BSU-da startap qrupları yaradılıb. Layihə çərçivəsində BSU-da artıq bir sıra işlər görüldüyünü deyən Telman Cəfərov qeyd edib ki, layihəyə kafedraların, şöbələrin, o cümlədən fakültələrin nümayəndələri də cəlb olunub. T.Cəfərov tələbələri bu layihədə fəal olmağa səsləyib, onları layihənin iqtisadi yöndə sərgilədiyi imkanlardan düzgün yararlanmağa dəvət edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Aytən Məmmədova çıxışında mərkəzin ENTERPRISEAZERBAIJAN.COM startap portalının fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. O, portalın əsas məqsədi, istifadəçilər üçün yaratdığı şanslar, sahibkarların layihələr üzrə fəaliyyəti barədə danışıb.
Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov çıxışında 2019-cu ildən etibarən vergi sistemindəki yeniliklər, cari ildən vergi məcəlləsinə edilən güzəştlər və əlavələr barədə dinləyiciləri məlumatlandırıb. H.Qasımov mikro sahibkarlıq, o cümlədən biznesə başlamaq istəyən startapçılar üçün yaradılan imkanlardan söz açıb.
Təlimdə iştirak edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Oruc Dursunzadə British Council-ın “Kreativ qığılcım” layihəsi, layihənin məqsədi, tərəfdaşları, o cümlədən layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.
Azexport.az portalının rəhbəri Zaur Qardaşov portalın əməkdaşlıq etdiyi Beynalxalq Ticarət Mərkəzinin (İTC) “Amazonla qazan” layihəsi haqqında iştirakçıları məlumatlandırıb. O bildirib ki, layihə çərçivəsində seçilmiş startapçılar ENTERPRISEAZERBAIJAN.COM portalının inkubasiya mərkəzindən yararlana bilərlər.
Təlimin davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

BSU-nun Mətbuat Xidməti


BSU-da startapla bağlı təlim keçirilib

BSU-da startapla bağlı təlim keçirilib

Oxşar xəbərlər