Azərbaycan Dövlət Pedaqoji Universitetində iqtisadi islahatların təbliğinə dair mühazirə dinlənilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində iqtisadi islahatların təbliğinə dair mühazirə dinlənilib Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) aparıcı universitetlərdə iqtisadi islahatların təbliğinə dair təşkil etdiyi daha bir ictimai mühazirə oktyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) reallaşıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov İİTKM-in fəaliyyətinin məqsədləri barədə danışıb. Rektor bildirib ki, mərkəz tərəfindən ölkənin aparıcı universitetlərində aparılan uğurlu iqtisadi islahatlara həsr olunmuş ictimai mühazirələrin təşkil edilməsi tələbələrin inkişafı və təfəkkürün formalaşması üçün vacibdir. V.Qasımlını tələbələrə təqdim edən C.Cəfərov deyib ki, o, dünyanın bir sıra nüfuzlu universitetlərində ictimai mühazirələr oxuyub. Onun Azərbaycan, rus, Koreya və ingilis dillərində 10 kitabı və 500-dək elmi və publisistik məqaləsi var.
Sonra İİTKM-in icraçı direktoru V.Qasımlının “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda mühazirəsi dinlənilib.
İİTKM-in icraçı direktoru Azərbaycanda həyata keçirilən neft strategiyası, strateji yol xəritələri və yeni iqtisadi model quruculuğu barədə ətraflı məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatlar nəticəsində xarici təsir altında yaranmış çətinliklər geridə qalıb. Ölkədə qeyri-neft sektorunun dünya üzrə orta iqtisadi artım tempindən daha üstün yüksəlişinin gözlənildiyi diqqətə çatdırılıb. V.Qasımlı bildirib ki, dövlət investisiya proqramı iqtisadi inkişafı dəstəkləyəcək və 2018-ci ildə qeyri-neft sektorunda sürətli inkişafını təmin edəcək.
Qeyd olunub ki, hazırda əldə edilmiş nailiyyətlərin və ictimai-siyasi sabitliyin əsasında islahatların yeni mərhələsinə qədəm qoyulub. İnstitusional və struktur islahatları ilə yanaşı, həm də biznes mühiti yaxşılaşdırılır, iqtisadi təşviq mexanizmləri tətbiq olunur.
Sonda suallar cavablandırılıb.

ADPU-nun Mətbuat xidməti


Azərbaycan Dövlət Pedaqoji Universitetində iqtisadi islahatların təbliğinə dair mühazirə dinlənilibAzərbaycan Dövlət Pedaqoji Universitetində iqtisadi islahatların təbliğinə dair mühazirə dinlənilib

Oxşar xəbərlər