BSU MLK-da layihə təqdimatı

BSU MLK-da layihə təqdimatı İyulun 19-da Bakı Slavyan Universiteti (BSU) nəzdindəki Məktəb-Lisey Kompleksində (MLK) “Təlim rus dilində aparılan siniflərdə və məktəblərdə çalışan fənn müəllimləri üçün ixtisasartırma tədbirlərinin təşkili” layihəsinin təqdimatı olub. Təqdimatda BSU və MLK-nın professor-müəllim heyəti, o cümlədən Bakıda fəaliyyət göstərən bir sıra məktəb və liseylərin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində giriş sözü ilə çıxış edən MLK-nın direktoru dosent İlahə Carçıyeva yeni layihə barədə iştirakçılara məlumat verib. Layihənin tətbiqinə yay aylarında start verildiyini deyən MLK direktoru dekabr ayına qədər bu layihənin davam edəcəyini bildirib. İlahə Carçıyeva qeyd edib ki, “Təlim rus dilində aparılan siniflərdə və məktəblərdə çalışan fənn müəllimləri üçün ixtisasartırma tədbirlərinin təşkili” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində Bakı Slavyan Universiteti və onun nəzdindəki MLK-nın birgə təşkilatçılığı ilə həyata keçirilir.
Layihənin rəhbəri, BSU-nun tədris işləri üzrə prorektoru professor Telman Cəfərov çıxışında bir sıra mühim təhsil məsələlərindən, xüsusən şəhər məktəblərinin rus bölmələrinə axının daha çox üstünlük təşkil etməsi ilə bağlı səbəblərdən danışıb. Professor rəhbərlik etdiyi layihə çərçivəsində fənn blokları üzrə elmi metodiki seminarların, treninqlərin, ustad dərslərinin təşkili, lazımi tədris vəsaitlərinin hazırlanması və nəzərdə tutulmuş digər işlərdən söz açıb. Layihənin iki yüz fənn müəllimini, eləcə də gənc pedaqoqları əhatə edəcəyini deyən Telman Cəfərov layihə çərçivəsində qurulacaq beynəlxalq əməkdaşlıqlardan da danışıb. Layihənin əsas məqsədinin təlim rus dilində aparılan məktəb və siniflərdə çalışan fənn müəllimlərinin professionallıq səviyyəsinin yüksəldilməsinə, təlim prosesinin yeni tədris resursları və innovativ yanaşmalar, ən yeni tədris texnologiyaları ilə təmin edilməsinə, ölkədə və xaricdə mövcud olan qabaqcıl təcrübənin öyrənilməsinə dəstək olduğunu vurğulayıb.
O bildirib ki, layihə çərçivəsində Rusiya və Belarus universitetləri, Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası (МАПРЯЛ), Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə birgə müxtəlif tədbirlərin icrası nəzərdə tutulub.
Tədbirin davamında “Təlim rus dilində aparılan siniflərdə və məktəblərdə çalışan fənn müəllimləri üçün ixtisasartırma tədbirlərinin təşkili” layihəsi ilə bağlı iştirakçıların təklif və fikirləri dinlənilib. BSU-nun Təcrübə və məzunların karyera inkişaf şöbəsinin müdiri dosent Yaşar Alxasov, 178 saylı məktəbin direktoru Laləndər Hasilova, BSU nəzdində MLK-nın təşkilatçısı Naibə Kərimli, metodist-alim Sevinc Məmmədova çıxışlarında layihənin əhəmiyyətindən danışaraq bir sıra səmərəli təkliflər irəli sürüblər.

BSU-nun Mətbuat xidməti


BSU MLK-da layihə təqdimatıBSU MLK-da layihə təqdimatı

Oxşar xəbərlər