Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Manifest” sərgisi keçiriləcək

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Manifest” sərgisi keçiriləcək Mayın 6-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində 9 May - Qələbə Günü münasibətilə Arzu Mürvətovanın “Manifest” adlı fərdi sərgisi keçiriləcək.
Mayın 10-dək muzey-sərgi kompleksində, həmçinin may ayından etibarən Bakı Metropoliteninin “Gənclik” stansiyasında nümayiş olunacaq sərgi Böyük Vətən müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edir.
Çətin və şərəfli yol keçmiş qəhrəmanların müasir həyatımızdakı yeri və fəaliyyətlərinin foto-ekspozisiyasını ərsəyə gətirməyi özünə borc bilən gənc fotoqrafın məqsədi XX əsrin ən dəhşətli illərində əvəzsiz xidmətləri olmuş insanların fədakarlıqlarını cəmiyyətimizə və gələcək nəsillərə bir daha xatırlatmaqdır. Həmçinin məqsəd müharibə şəraitində olan ölkəmizdə Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlıq şücaətlərini gələcək nəslə ötürməkdir.
Sərginin təşkilinə “Bakı Metropoliteni” QSC, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyi, ADRA, Azərbaycan Rəssamlar İttifaqı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, “SUN Graphics” reklam və dizayn qrupu dəstək verir. Sərgi “Bakı Metropoliteni”nin birgə layihəsidir.
Qeyd edək ki, Arzu Mürvətova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və ADRA-nın məzunudur. Hazırda isə ADRA-da doktorantura pilləsi üzrə təhsilini davam etdirir. 2008-ci ildən fotoqrafiya sənəti ilə həvəskar olaraq məşğul olur və bir çox beynəlxalq, yerli müsabiqələrin iştirakçısı və qalibidir. 2013-cü ildən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, 2014-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2016-cı ildən isə Azərbaycan Fotoqraflar Birliyinin üzvü, təşkilat komitəsinin qəbul üzrə koordinatorudur.

ADRA-nin Mətbuat Xidməti



Oxşar xəbərlər