Aİİ-də seminar: Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol

Aİİ-də seminar: Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva və təsəvvüf araşdırmaçısı, yazar Camalnur Sarqutun təqdimatında “Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda seminar təşkil olunub.
Rektor Ceyhun Məmmədov ölkəmizdə tarixən mövcud olan milli-mənəvi mühitin qorunub saxlanıldığını, həmçinin dini təhsil sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradıldığını qeyd edib. Rektor əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ceyhun Məmmədov ali təhsil müəssisəsinin qarşısında duran əsas vəzifənin dərin dini və dünyəvi biliklərə, zəngin dünyagörüşünə və yüksək intellektə malik kadrlar hazırlanmasına yönəldiyini bildirib. O, güclü təhsillə yanaşı, elmi və mədəni inkişaf istiqamətində təşkil olunan konfrans, seminar, layihə və proqramlar barədə məlumat verib. Mövzunun əhəmiyyətini qeyd edən institut rəhbəri milli-mənəvi dəyərlərin gənclərin kamillik tərbiyəsində və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolundan bəhs edib.
Qənirə Paşayeva seminarda çıxış edərək bildirib ki, “Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusu aktuallığı ilə seçilir. Cəmiyyətimizdə milli-mənəvi dəyərlərin təbliği ilbəil daha geniş vüsət alır. Azərbaycan xalqının milli-mənəvi dəyərləri, mədəni irsi xalqımızın qürur mənbəyi kimi dünya sivilizasiyasında sevilib-seçilir. Bu sahəyə dövlət tərəfindən xüsusi qayğı və diqqət var, bu isə qeyri-maddi mədəni irsimizin gələcəyinə nikbin baxmağa ümid verir. Mədəniyyətlər və dinlərarası dialoqu dəstəkləyən, beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan üçün təsəvvüf və ümumən ilahiyyat mövzusu daim aktualdır.
Qənirə Paşayeva deyib: “Azərbaycanda üçüncü dəfə səfərdə olan Camalnur Sarqut xanımın məqsədi dinimizin gözəlliyini gənclərə, insanlara çatdırmaqdır. Biz gəncliyimizə səslənirik ki, əsl İslamı öyrənsinlər. Bu gün çox ağrılıdır ki, din pərdəsi adı altında gənclərimizi radikalizmə sürükləyirlər”.
Seminarda “Ayətül-kürsü”, “Yaradılış sirri”, “İnsani-kamilin həqiqəti”, “Eşqdən dinlə”, “Canın canıdır”, “Hz. Adəm”, “Şəms”, “Ey insan”, “Peyğəmbərə sevdirilən qadın”, “Kəbənin həqiqəti” və digər kitabların müəllifi, təsəvvüf araşdırmaçısı, yazıçı Camalnur Sarqut Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, burada yaradıcılığına verilən qiymət onun üçün təsirli və yaddaqalandır.
“Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda çıxış edən qonaq iman gətirən, yaxud iman gətirməyən hər bir insanın ruhunda mükəmməl insan axtarışı olduğunu qeyd edib. “İnsan öz həyatının memarı olmalıdır”, – deyən yazıçı təsəvvüf fəlsəfəsinə dair fikirlərini bölüşüb. O, gənclərin sağlam ruhda, milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Həmçinin türk dünyasının birliyinin vacibliyini vurğulayıb.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb. Qonağın müəllifi olduğu kitabların imzalanma mərasimi keçirilib.

Aİİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər